Bakı Limanı tarixində ilk dəfə olaraq 2024-cü il ərzində limanda yüklənən və boşaldılan konteynerlərin ümumi həcmi 76.775 TEU ekvivalentində olub. Halbuki, bu rəqəm 2023-cü ildə cəmi 44.272 TEU ekvivalentində idi. Artım göstəricisi 73 % dir. Qeyd edək ki, müasir Bakı Limanının tarixində bu fakt ilk dəfədir ki, qeydə alınır. Regionun ən müasir nəqliyyat və logistika mərkəzi olan Bakı Limanında qurulan operativ xidmət, infrastruktur imkanları və ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə artan marağın nəticəsi olaraq Bakı Limanına cəlb edilən ümumi yükün həcmi də hər il artmağa davam edir. Təkcə 2023-cü ildə Bakı Limanı vasitəsi ilə 7.6 milyon ton yük aşırılıb. Nəzərə almaq lazımdır ki, yeni Bakı Limanı 2018-ci ildə Ələt qəsəbəsində tam olaraq fəaliyyətə başlayanda bu rəqəm cəmi 3.7 milyon ton idi.
Əldə edilən razılaşmalara əsasən demək olar ki, müsbət statistik tendensiya 2025-ci ildə də davam edəcək.