EN

“Qəbələ - İdman Paytaxtı 2025”

Gənclər və İdman Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəbələ - İdman Paytaxtı 2025”in açılış mərasimi keçirilib.

Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan tədbir müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradı ilə başlayıb. Oğuz, Zaqatala, Qax, Şəki, Qəbələ idmançıları səhnəyə dəvət olunublar. 

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, Qəbələdən olan idmançıların çoxluq təşkil etdiyini, onların gələcəkdə Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edəcəklərinə inandığını deyib. O, “İdman paytaxtı” çərçivəsində il ərzində Qəbələ şəhərində bir çox yarış və tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Nazir görüləcək işlərin çox olduğunu, lakin Qəbələnin bu missiyanı uğurla yerinə yetirəcəyini, yaxşı nəticələr əldə olunacağını söyləyib.

Sonra Fərid Qayıbov idman paytaxtının rəmzi açarını Qəbələ rayonu İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanovaya təhvil verib. Daha sonra “Qəbələ - İdman Paytaxtı 2025”in talismanı “Marşal” ictimaiyyətə təqdim olunub.

2024-cü ilin idman səfirləri Aliyə Paşayeva, İlqar Qurbanov, Orxan Səfərov və Xəyyam Orucov bütün idmançılara uğurlar və yeni qələbələr arzulayıblar.

Müxtəlif idman növlərini təmsil edən atletlər musiqi sədaları altında məharətlərini nümayiş etdiriblər. Qəbələ və başqa rayonların idmançılarının uğurlarından ibarət kiçik video-çarx təqdim olunub. Qəbələ 2025 İdman Paytaxtı loqosunun müəllifi Aynurə Qurbanova və Qəbələ İdmanda Qələbə şüarının müəllifi  Fərid Qarayev diplom mükafatı ilə təltif olunublar. Tədbir konsert proqramı ilə yekunlaşıb. 

Qeyd edək ki, Qəbələ şəhəri 2023-cü il dekabrın 7-də Gənclər və İdman Nazirliyi Kollegiya iclasında keçirilmiş səsvermə nəticəsində 2025-ci il üçün Azərbaycanın “İdman paytaxtı” seçilib.

Fidan SALMANOVA

XQ

 

Chosen
4
4
xalqqazeti.az

5Sources