Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşüb.
Teleqraf.com-un xəbərinə görə, nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızdahüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunur. Ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyəti təkmilləşdirilir, insan hüquq və azadlıqları etibarlı müdafiə olunur. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov isə öz növbəsində məhkəmə-hüquq sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə aparılan islahatlar, Vəkillər Kollegiyası tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Anar Bağırov vurğulayıb ki, qanunvericilik və institusional islahatlarla ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində effektiv müdafiə mexanizmləri formalaşdırılıb. Vəkillik institutunu ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən mühüm təsisat adlandıran Vəkillər Kollegiyasının sədri insan hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin etibarlı müdafiə edilməsinin və onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsinin əsas vəzifələrdən olduğunu diqqətə çatdırıb.
Görüş zamanı dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi, əhaliyə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, keyfiyyətinin və səmərəliliyinin artırılması, bu sahədə səmərəli və işgüzar münasibətlərin yaradılmasının vacibliyi, aqrar sahədə ixtisaslaşmış hüquqşünasların formalaşması və digər məsələlər müzakirə olunub.
Görüş çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, kənd təsərrüfatı münasibətlərinin subyektləri, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, vəkillər, aqrar sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün hüquqi maarifləndirmə ilə bağlı seminar, təlim, konfrans və təşviqat tədbirlərinin keçirilməsi, Vəkillər Kollegiyası Akademiyasında aqrar hüququn tədrisi ilə bağlı tədbirlərin görülməsi, aqrar hüquq sahəsində elmi və elmi-praktiki araşdırmaların təşviq edilməsi və maarifləndirici vəsaitlərin hazırlanması, beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi öz əksini tapıb.
Tədbirin sonunda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.