EN

Qanlı 20 Yanvar Faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi rolu



1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinə qara, lakin qəhrəmanlıq dolu bir səhifə kimi həkk olundu. Bu gün, Azərbaycan xalqı həmin faciəvi gecəni şəhidlərimizi anmaq və onların xatirəsini yaşatmaq üçün qeyd edir. Bu hadisələrin dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi isə Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı.
Otuz beş il bundan əvvəl 20 Yanvar günü Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də rəşadət səhifəsidir. Ulu Öndər böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Bu bir həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi oldu.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları Bakı şəhərinə daxil olaraq Azərbaycanın suverenliyi və azadlığı uğrunda mübarizə aparan dinc sakinlərə qarşı qətliam törətdi. Nəticədə yüzlərlə insan həlak oldu, yaralandı və itkin düşdü. Bu qanlı hadisə Azərbaycan xalqının yaddaşında dərin iz buraxdı və milli azadlıq hərəkatının zirvəsi oldu. Hadisədən dərhal sonra, Moskvada yaşayan və Sovet İttifaqının yüksək vəzifələrində çalışan Heydər Əliyev, Azərbaycanın Sovet hakimiyyətinin bu qanlı əməlini rəsmi şəkildə pisləyən ilk şəxs oldu. O, Azərbaycanın Moskva səfirliyinə gələrək, mətbuat qarşısında çıxış etdi və 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan edərək Sovet rəhbərliyinə qarşı sərt ittihamlar səsləndirdi. Heydər Əliyevin bu cəsarətli addımı, Azərbaycan xalqının hüquqlarını müdafiə etmək üçün etdiyi tarixi çıxış idi. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı. 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi xüsusi önəm kəsb etdi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Məclisi bu hadisəyə dair rəsmi sənədlər qəbul etdi və şəhidlərin xatirəsinə həsr olunmuş memorial kompleks inşa edildi. Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə dair qəbul edilən siyasi-hüquqi qərarlar, bu faciənin Azərbaycan tarixinə milli azadlıq mübarizəsinin bir zirvəsi kimi daxil olduğunu təsdiqlədi. Bu qərarlar həm də xalqımızın şəhidlərinə göstərdiyi böyük hörmətin və minnətdarlığın ifadəsi idi. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün mühüm addımlar atmışdır. Onun rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinin sosial məsələlərinin həlli prioritet istiqamətlərdən biri olmuşdur. Həmçinin, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın müzəffər ordusu işğal altındakı torpaqlarımızı azad edərək, şəhidlərimizin qanının yerdə qalmamasını təmin etmişdir.
Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi, Ümummilli Lider Heydər Əliyevin tarixi rolu sayəsində həllini tapmışdır. Onun cəsarətli və prinsipial mövqeyi, Azərbaycan xalqının milli iradəsini və müstəqillik arzularını dünyaya çatdırmaqda mühüm rol oynamışdır. Bu gün biz, həmin unudulmaz gecənin qəhrəmanlarını yad edərək, onların xatirəsini əzizləyirik və Heydər Əliyevin göstərdiyi böyük xidmətləri heç zaman unutmuruq.

Tutu Kamalqızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini







Chosen
3
aia.az

1Sources