EN

"Şagirdlərə telefon qadağası bəzi problemlərə səbəb ola bilər"

“Ağıllı cihazlar, uşaq-valideyn arasında təcili məsələlərdə və hadisələrdə köməyə çatan əsas ünsiyyət vasitəsidir. Məktəbədər müəssisələrdə isə bu qadağa müəyyən problemlər yarada bilər”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq deputat və təhsil üzrə ekspert Sona Əliyeva bildirib.

153473

Ekspert qeyd edib ki, məktəblərdə telefon qadağası təlim və tərbiyə prosesinə müsbət təsir göstərəcək:

 

“Mobil telefonların və ağıllı cihazların qadağan edilməsini alqışlayıram. Çünki bu qadağa 18 yaşdan aşağı şəxsləri əhatə edir. Bu, onların təlim və tərbiyə prosesinə müsbət təsir göstərəcək. Məsələnin digər tərəfi ondan ibarətdir ki, tədris ocaqlarında məhdud internet xətti tətbiq etməklə telefon və ağıllı cihazlardan təhsildə inkişaf məqsədilə istifadə etmək mümkündür. Amma bunun üçün külli miqdarda vəsait lazımdır ki, biz Şərqi Avropadakı orta ümumtəhsil məktəblərinə çata bilək. Polşada və Macarıstanda tədris ocaqlarında yalnız bəlli saytlara və axtarış sistemlərinə daxil ola biləcək internet xətləri mövcuddur.

 

Şagirdlər öz telefonları ilə həmin internet xəttinə qoşularaq lazımi bilikləri yerində və anında əldə edə bilirlər. Amma indi bizdə belə bir sistem yoxdur və onun formalaşdırılması, bütün ölkəni əhatə etməsi üçün azı bir neçə il zaman lazımdır. Bəlkə də indi bu prosesə başlanılsa, yaxın gələcəkdə təhsildə irəliləyişə nail olmaq mümkündür”.

 

S.Əliyeva əlavə edib ki, universitetlərdə ağıllı cihazların və telefonların qadağan olunmasına qarşıdır:

 

“Birincisi, tələbələrin əksəriyyəti 18 yaşdan yuxarıdır. Onlar yetkin vətəndaşdırlar və özləri haqqında qərarları özləri vermək yaşındadırlar. Üç-beş ambisiyasız tələbəyə görə, axtaran və araşdırmalara meyilli təhsilalanların önünü kəsmək olmaz. Amma məktəblərdə bu qadağa müəyyən problemlər yarada bilər. Çünki ağıllı cihazlar uşaq-valideyn arasında təcili məsələlərdə və hadisələrdə köməyə çatan əsas ünsiyyət vasitəsidir”.

Chosen
13
azedu.az

1Sources