EN

Qəbələ “İdman paytaxtı” missiyasını qəbul etdi

Qəbələ Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəbələ - İdman Paytaxtı 2025”in açılış mərasimi təşkil edildi. 
Tədbirə müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradı ilə start verildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin və Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirildi. 
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova Qəbələni 2025-ci il üçün idman paytaxtı seçilməsi münasibəti ilə təbrik edərək, bu şərəfli işin öhdəsindən uğurla gələcəyinə əmin olduğunu bildirdi. O qeyd etdi ki, Quba 2024-cü il üçün Azərbaycanın “İdman paytaxtı” seçilmişdi. S.Abbasova ötən il ərzində Qubada idman sahəsində görülən işlərdən, əldə edilən nailiyyətlərdən danışdı:
–“İdmanın ürəyi Qubada döyünür” şüarı altında rayonda sisilə tədbirlər, o cümlədən 41 kütləvi idman tədbiri, 29 turnir təşkil edildi. Ötən il Qubada futbol və basketbol komandaları yaradıldı. İdmanda kütləviliyə nail olunması nəticəsində idmanla məşğul olan gənclərin sayı 8 mindən 17 minədək artıb.  
Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova isə rayonda əsl idman bayramı əhval-ruhiyyəsinin yaşandığını qeyd etdi. O bildirdi ki, Qəbələnin ölkəmizin “İdman paytaxtı” kimi şərəfli missiyanı layiqincə yerinə yetirməsi üçün əllərindən gələni edəcəklər:
– İndi əsas məqsədimiz rayonda idmanın kütləviliyinə nail olmaq, sağlam həyat tərzini daha geniş miqyasda təbliğ etməkdir. Rayonumuz beynəlxalq aləmdə multikulturalizm, tolerantlıq, mədəniyyət, idman, eləcə də turizm paytaxtı kimi tanınmaqdadır. Sevindirici haldır ki, Qəbələ 2025-ci ildə MDB-nin “Gənclər paytaxtı” elan edilib. 
Tədbirdə çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov “İdman paytaxtı” çərçivəsində il ərzində Qəbələ şəhərində bir çox tədbirlərin, yarışların keçiriləcəyini diqqətə çatdırdı. Görüləcək işlərin çox olduğunu deyən nazir Qəbələnin bu missiyanı uğurla yerinə yetirəcəyinə, yaxşı nəticələr əldə olunacağına əminliyini də bildirdi. 
Sonra Azərbaycanda idman sahəsində görülmüş işlərlə bağlı video-çarx təqdim olundu.
Rəsmi çıxışlardan sonra Fərid Qayıbov idman paytaxtının rəmzi açarını Ətayə Osmanovaya təhvil verdi. Daha sonra ictimaiyyətə təqdim olunan “Qəbələ - İdman Paytaxtı 2025”in maskotu “Marşal”ı tədbir iştirakçıları böyük maraqla qarşıladılar. 
Səhnəyə dəvət olunan 2024-cü ilin idman səfirləri – bədii gimnastika üzrə millinin keçmiş üzvü Aliyə Paşayeva, veteran futbolçu İlqar Qurbanov, sabiq cüdoçu Orxan Səfərov və milli idman növləri üzrə məşqçi Xəyyam Orucov çıxış edərək əldə olunan uğurlardan söhbət açdılar. Qeyd edildi ki, hər il bir regionun idman paytaxtı seçilməsi ənənəsinin əsası qoyulub. Bununla da bölgələrdə idmanın inkişafı üçün daha geniş imkanlar yaranır. Vurğulandı ki, regionlarda idman infrastrukturunun daha da gücləndirilməsi, müxtəlif idman növlərinin inkişafı ölkəmizdə bu sahənin kütləviliyinin təmin olunmasına öz töhfəsini verəcək. Onlar Azərbaycan bayrağı altında çıxış edən idmançılara daha böyük qələbələr arzuladılar. 
Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdi. Müxtəlif idman növləri üzrə atletlər nümunəvi çıxışlar nümayiş etdirərək, musiqi sədaları altında məharətlərini göstərdilər.
Açılış mərasimindən sonra nazir Fərid Qayıbov jurnalistlərə müsahibə verdi. Qurum rəsmisi ötən il Azərbaycanın idman paytaxtı Qubada çoxlu tədbirlərin təşkil edildiyini və uğurlu nəticələrin əldə olunduğunu bildirdi. O qeyd etdi ki, Quba bu işin öhdəsindən layiqincə gəldi:
– Həmin regionda müxtəlif yerli və beynəlxalq idman tədbirləri keçirildi. Nəticə olaraq, orada daha çox insan idmanla məşğul olmağa başladı. Düşünürəm ki, bu il Qəbələdə də çoxlu tədbirlər təşkil ediləcək. Federasiyalar burada yarışlar keçirməyi planlaşdırırlar. “İdman paytaxtı”nın açılışında Qəbələdən olan bir çox azyaşlı qız və oğlan idmançılar iştirak etdi. Bu, müxtəlif idman qurumlarının birgə gördükləri işlərin nəticəsidir. Əminik ki, bu uşaqlar gələcəkdə ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcəklər.
Nazir bu il ölkə idmanı üçün ən önəmli hadisənin MDB Oyunlarının təşkilinin olduğunu vurğuladı. Qeyd edildi ki, Qəbələ də bu Oyunların bir parçasıdır. İnanırıq ki, ilin sonunadək Qəbələdə daha çox insanın idmana cəlb olunmasına şahid olacağıq.  
MDB Oyunlarına hazırlığın lazımi səviyyədə getdiyini bildirən F.Qayıbov onu da dedi ki, artıq MDB Təşkilat Komitəsinin iclasları keçirilir. Bu istiqamətdə müvafiq işlər görülür. Tədbirdə MDB ölkələri ilə yanaşı, digər ölkələrdən qonaqlar da iştirak edəcəklər. 
Qeyd edək ki, Qəbələ şəhəri 2023-cü il dekabrın 7-də Gənclər və İdman Nazirliyi Kollegiya iclasında keçirilmiş səsvermə nəticəsində 2025-ci il üçün Azərbaycanın “İdman paytaxtı” seçilib.

Leyla QURBANOVA 
Fidan SALMANOVA
XQ

Chosen
7
xalqqazeti.az

1Sources