EN

ABŞ - Ermənistan arasında imzalanan sənəd Rusiya və İrana təhdiddir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalaylblar. Saziş imzalandıqdan dərhal sonra Entoni Blinken: "Bu saziş həm ölkələrimiz, həm də region üçün faydalıdır. İmzaladığımız strateji tərəfdaşlıq sazişi daha möhkəm, daha dinc, daha müstəqil bir Cənubi Qafqaza töhfə verəcək," - deyə bildirib. Doğrudanmı,  ABŞ və Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq sazişi Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verəcək?
Siyasi şərhçi Vüqar Dadaşov hesab edir ki, sözügedən sənəd birbaşa Azərbaycana qarşı yönəlməyib: "Heç şübhəsiz ki, ABŞ ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi qlobal siyasi mənzərəyə təsir imkanı verir. Sazişin Ermənistan-Azərbaycan, ABŞ-Azərbaycan münasibətləri üçün mühüm təsiredici şərtə çevrilməsi ehtimalı yüksəkdir. Əvvəla, qeyd edim ki, bu sazişin birmənalı Azərbaycana qarşı yönəlməsi  qənaəti doğru deyil. ABŞ-Ermənistan arasında strateji tərəfdaşlıq sazişinə, "Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında" qanun layihəsinin təsdiqlənməsi, Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanmasına hazırlıq müstəvisindən yanaşdıqda əsl hədəfin Rusiya və İranın olduğunu aydın görmək mümkündür. Bunu Paşinyan iqtidarının yürütdüyü siyasət, eləcə də ABŞ dövlət siyasətinin mahiyyəti də təsdiq edir. Təkcə, ABŞ-Ermənistan arasında sözügedən saziş imzalandıqdan sonra Entoni Blinkenin "müstəqil bir Cənubi Qafqaz" ifadəsini işlətməsi özlüyündə Rusiyanın Qafqazdan sıxışdırılmasını ehtiva edir. Gürcüstanda  ABŞ başda olmaqla Qərbin Rusiyaya uduzması, ABŞ-nin  Cənubi Qafqazla bağlı daha da aqressiv və hücum xarakterli siyasət yeridəcəyini gözləntiyə çevirmişdi. Ermənistanda Azərbaycanla  sərhəddə Avropa İttifaqının müşahidə missiyasına ABŞ-dən  bir qrupun qoşulması da Cənubi Qafqazda oturuşmaq siyasətinə söykənir. ABŞ və ümumiyyətlə Qərb Cənubi Qafqazda möhkəmlənmək  üçün Ermənistan-Azərbaycan arasındakı mövcud gərginlikdən vasitə kimi istifadə edir". 
Onun sözlərinə görə, İranın da son vaxtlar Azərbaycanla sərhəddə, eləcə də daxildə ardıcıl hərbi təlimlər keçirməsi, yeraltı silah bazalarını  nümayiş etdirməsi təsadüfi deyil: "Əslində bu  İrana Ermənistan üzərindən ABŞ və İsrailin müdaxilə imkanının real göstəricisidir. Bir neçə gün əvvəl, İranın Təhlükəsizlik Şurasının katibi Əli Əhmədianın Ermənistan və Azərbaycana səfəri, "İran üçün Cənubi Qafqazın təhlükəsizliyi vacibdir" kəlməsini işlətməsi məhz İranın özünün təhlükəsizliyi ilə bağlıdır. Baş verənlər, Ermənistanın İrana xəyanətinin, İranın isə Azərbaycan qarşısında xəcalətinin sübutudur. Məlum olduğu kimi yenidən seçilmiş ABŞ prezidenti Donald Trampın Rusiyaya daha loyal münasibəti Bayden administrasiyasını çox narahat edir. Səlahiyyətlərini tezliklə təhvil verəcək Bayden iqtidarı Rusiya-ABŞ arasında mövcud uçurumu daha da dərinləşdirmək istəyir. Ancaq dəfələrlə qeyd etdiyim kimi, Donald Tramp ABŞ-nin  oturuşmuş dünya siyasətini əsaslı şəkildə dəyişmək iqtidarında deyil. Bütün halda, ABŞ - Ermənistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasından sonra, eləcə də  Ermənistanın ABŞ, Fransa, Hindistan, Yunanıstan və İran tərəfindən silahlandırılması Ermənistan-Azərbaycan arasında yeni gərginlik ehtimalını artırır. Ancaq, ABŞ Gürcüstandan sonra, Cənubi Qafqazın açar dövləti olan Azərbaycanla münasibəti tam korlamayacaq və Ermənistanın mümkün yeni revanş müharibəsində iştirak etməyəcək. Çünki, ABŞ-nin   müttəfiqi, NATO-un ən güclü ordularından biri Türkiyə də  Azərbaycanın müttəfiqidir. Əlbəttə,  ABŞ və Türkiyə Ermənistana görə üz-üzə gələn deyil. Bu günlərdə Türkiyə və Azərbaycan Qarsda hərbi təlim keçirəcək. Mümkün Ermənistan-Azərbaycan qarşıdurmasına İsrailin də münasibəti  ABŞ üçün vacibdir. Eyni zamanda, Böyük Britaniya isə konkret səddir. Digər tərəfdən də, Avropaya rus qazının Ukrayna üzərindən dayandırılması ilə Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb ki,  bu da çox ciddi faktordur. 
Yuxarıda qeyd edilənlər ABŞ-nin   daha doğrusu, Bayden administrasiyasının Azərbaycana, Türkiyəyə qarşı siyasi kursunun davamında mümkündür. Ancaq yanvarın 20-dən sonra Donald Tramp administrasiyası Azərbaycana və Türkiyəyə qarşı çətin bu kursu yeritsin. Ehtimal çoxdur ki, Donald Tramp dövründə ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi hərəkətsiz qalacaq, xüsusən də Azərbaycan və Türkiyəyə münasibətdə".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
11
olaylar.az

10Sources