İspaniya Kral Kubokunun 1/8 finalında “Selta” ilə ev oyunu “Real”ın braziliyalı mərkəz hücumçusu Endrik üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Endrik “qaymaqlılar”ın 5:2 hesablı (əsas vaxt: 2:2) qələbəsinə vurduğu iki qolla töhfəsini verib:
“Mən “Real”la bağlı hər bir xüsusu bəyənirəm – klub, azarkeşlər. Qollarım Antonio Rüdiger üçündür. O, mənə hər gün kömək edir. Burada daha çox çalışmalı olacağımı bilirdim və “Real”da ən yaxşı səmərəmi göstərmək istəyirdim”, deyə braziliyalı futbolçu vurğulayıb.
Endrik “Palmeyras”ın yetirməsidir. “Real” Endriki 2024-cü ilin iyul ayında 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan tamhüquqlu əsasda “qaymaqlılar”ın heyətinə qatıb.
Endrikin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Endrik “Real”ın heyətində 17 oyuna 4 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Endrik 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub, həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.
Endrik “Real”la UEFA Super Kubokunun (2024/2025) və FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.
Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 13 oyun keçirib və 3 qol vurub.
“Transfermarkt” internet-portalı 18 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.