EN

Azərbaycan – Gürcüstan münasibətləri dostluq və strateji tərəfdaşlıq nümunəsidir – RƏY

Azərbaycan və Gürcüstan arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin davamlı inkişafı sevindirici və önəmli hadisədir.

Bu fikirləri “Report”un Gürcüstan bürosuna siyasi şərhçi Gia Abaşidze deyib.

Şərhçinin sözlərinə görə, bu münasibətlər təkcə strateji tərəfdaşlıqla məhdudlaşmır: "Həm də çox güclü və sarsılmaz dostluğa əsaslanır. Əməkdaşlıq daim müxtəlif sahələrdə genişlənir və dərinləşir. Bu, olduqca rəmzi və eyni zamanda praktiki baxımdan mühüm əhəmiyyət daşıyır".

O bildirib ki, yeni formalaşmış Gürcüstan hökumətinin ilk xarici səfərinin Azərbaycana edilməsi bu dostluğun və tərəfdaşlığın gücünü bir daha təsdiqləyir: “Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlament seçkilərindən və yeni hökumətin təsdiqindən sonra ilk xarici səfərini Bakıya etməsi təsadüfi deyil. Bundan öncə isə Gürcüstanın xarici işlər naziri Bakıya səfər etmişdi. Bu ardıcıl səfərlər göstərir ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda və daha geniş regionda sülh və sabitliyin qorunmasında mühüm rol oynayır. Bu gün Azərbaycan və Gürcüstan dünya siyasətində yeni, güclü oyunçulara çevrilir. Nə Şərq, nə də Qərb öz inkişafını eyni səviyyədə davam etdirə bilər. Əsas odur ki, regionumuzda sülh və sabitlik daim qorunsun. Bu istiqamətdə iki suveren və azad dövlət – Azərbaycan və Gürcüstan bütün sahələrdə, təkcə iqtisadi deyil, siyasi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirəcək. Məqsədimiz bölgədə əbədi sülh və rifahın təmin olunmasıdır”.

Ekspert söyləyib ki, Azərbaycan – Gürcüstan münasibətlərinin əsasını ulu öndər Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze qoyublar: “Bu iki böyük dövlət xadiminin yaratdığı möhkəm təməl üzərində qurulan əlaqələr bu gün də uğurla inkişaf edir və gələcəkdə daha da güclənəcək. Bu münasibətlərin daha da dərinləşməsi və əməkdaşlığın genişlənməsi Gürcüstanda olduğu kimi, Azərbaycanda da məmnuniyyətlə qarşılanır. Bu dostluq və tərəfdaşlıq regionun gələcəyi üçün möhkəm əsas yaradır və hər iki xalqın rifahına xidmət edir. Azərbaycan və Gürcüstanın birgə səyləri, sülh və sabitliyin qorunması istiqamətində atılan addımlar regionun inkişafına və çiçəklənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq modeli digər region ölkələri üçün də nümunə ola bilər”.

Chosen
5
43
report.az

10Sources