Son zamanlar boşanma hallarının sayı artdığı kimi, boşanmadan sonra yaranan problemlərin də sayında artım diqqətdən yayınmır. Belə halda ortada cavabını tapmadığımız suallar yaranır: kişi ayrıldığı qadından niyə əl çəkmir və bunun səbəb nədir? Bəzən də sonu ölümlə nəticələnən bu halların qarşısını necə almaq olar?
Məsələ ilə bağlı mütəxəssislərim fikirlərini öyrəndik.
MÖVZU İLƏ BAĞLI:
Boşanma və aliment məsələləri ilə bağlı QAYDALAR DƏYİŞDİ
Psixoloq Aygül Məlikova Bizim.Media-ya açıqlamasında bildirib ki, boşanma dönəmində kişi qarşı tərəfin boşanmağını istəmirsə qadını əldə saxlamağa çalışır:
“Ya çox yaxşı davranışlar sərgiləyir, ya da şiddətə əl atır. Əlbəttə, belə hallarda kişilərə psixoloji təsir edən əsas səbəblərdən biri qadınların artıq onların asılılığından çıxmasıdır. Yəni onlar bir növ qadına nəzarəti öz vəzifəsi kimi görürlər. Kişiləri narahat edən digər bir səbəb isə ətrafdakı insanların fikirləri, “filankəs boşandı” kimi basqılarıdır.
Qətl hadisəsinin baş vermə məsələsinə də aydınlıq gətirən psixoloq, əsas səbəbin qısqanclıq olduğunu diqqətə çatdırıb:
“Kişilərin pisixologiyasında boşansalar da həmin qadına sahiblənmək anlayışı qalır. Onlar həmin qadını başqasının həyat yoldaşı olaraq görməkdən qorxurlar. Bu səbəblərdən qətl hadisələri baş verir”.
Vəkil Ramil Süleymanov məsələyə münasibət bildirirək qeyd edir ki, boşanan tərəflərin bir-birinin şəxsi həyatına qarışmaq haqqı yoxdur, ancaq bunları çıxmaq şərti ilə:
“Boşanan cütlüklər uşaq və aliment məsələləri xaric heç bir halda bir-birlərinin həyatına qarışa bilməzlər. Şəxsi həyata qarışma halları yolverilməzdir. Belə hallarla qarşılaşdıqda, vətəndaşlar hüquq-mühafizə orqanlarına vaxtında müraciət etməlidir ki, sonradan ölüm, zorakılıq halları ilə üzləşməsinlər”.
Mütəxəssislərin fikirləri ilə yanaşı, sosial şəbəkə istifadəçilərinin də sözügedən məsələyə reaksiyalarını etdikləri rəylərdə görmək mümkündür. Ümumi yanaşmaya nəzər salsaq, çox insan səbəbləri ataların uşaqların hansı mühitdə böyüməsinə görə narahat olduğunda görür:
“Bu problemin kökündə aliment vasitəsi ilə kəsilməyən ünsiyyət də dayanır. Ata onu qane etməyən vəziyyət ilə qarşılaşanda artıq qarşı tərəfə şiddət etməyə başlayır”- deyə sosial şəbəkə istifadəçiləri fikirlərini bildirib.
Aygün Hüseyn, Bizim.Media