EN

Özündən qaçmağın çarəsi yoxdur...

(esse)

Özünü yaratmaq isə çox da çətin deyil

İnsan özündən qaça bilməz. Gəncliyimdə belə bir şeir də yazmışdım, ilk kitabımın da adını belə qoydum: “Özündən qaçmaq olmur”. Bu düşüncə bir az alın yazısına təslim olmaq kimi anlaşılır. 

Taledən, qəzavü-qədərdən qaçmaq mümkünsüzsə, bəs onda iradə, idrak nə üçündür? Bəşər tarixində özü özünü yaradan, mütaliə, zəhmət ilə korazehin bir adamdan zəki bir insana çevrilən və cəmiyyətə, elmə, mədəniyyətə, ədəbiyyata fayda verən xeyli sayda insanlar olub, elə indi də var. 

Bəs özünü tapa bilməyən və bundan ömür boyu əziyyət çəkən insanlar necə? Türk rejissoru Murat Düzgünoğlunun “Niyə Tarkovski ola bilmirəm” filmi rejissor olmaq, Tarkovski kimi filmlər çəkmək istəyən uğursuz bir sənətçinin faciəsini əks etdirir. Sənətdəki uğursuzluqlar onu depressiyaya salır, həyatdan qoparır, ruhi müvazinətini pozur. Əlində ssenari, burdan ora, ordan bura sürüklənir. Hamımızın zaman-zaman ideallara ehtiyacımız olur, o ideallardan güc alırıq, o ideallara söykənib yaşayırıq. Amma bu filmin qəhrəmanı öz potensialını realizə edə bilmir, cari problemlər onun ruhi tarazlığını pozur. İdeallarıyla uğraşmaqdan yorğun düşmüş adamı Tarkovski xilas etmək gücündə deyil. Gerçəkliklə ideallar arasındakı boşluqda vurnuxan rejissor istinad nöqtəsini tapa, itkilərlə üz-üzə gəldikdə bu itkilərin bədəlini ödəyə bilmir. Bu itkilər onun yaratdığı sənət üçün donor ola bilmir. Yaradıcı insan bəzən həyatın zərbələrini də, itkiləri də sənətə çevirə bilir. Amma Tarkovski ola bilməyən uğursuz rejissor okeanda kompasını itirmiş gəmi kimidir, hansı səmtə üz tutacağını bilmir. Onun xilasediciyə ehtiyacı var. Amma onu xilas edə biləcək bir kimsə tapılmır. 

Fatih Akının “Divara qarşı” filmi Almaniyada yaşayan iki gəncin, Cahitlə Səlmanın həyatından bəhs edir. Hər ikisi psixoloji sarsıntılar üzündən intihar etmək istəyir, amma təsadüf onları qarşılaşdırır və hər ikisinin həyatı dəyişir. Cahit bu qıza görə həbsə düşür, amma həbsdən tamam başqa adam kimi çıxır. Deyir ki, mən Səlmanı tanımazdan öncə ölmüşdüm, o mənim həyatıma gəldi və mənə sevgi gətirdi, mən yaşamağa başladım. Vacib deyil sənətçi olsun, söhbət bir insana özünü, içindəki məni kəşf etməyə yardımçı olmaqdan gedir. Psixoloqlar insanların xarakterini müəyyən etmək üçün müxtəlif testlər hazırlayırlar. Psixoanalizin banisi Ziqmund Freyd isə yüz il bundan öncə insanı xoşbəxt etmək üçün özünüdərki irəli çəkir, psixologiyanın inkişafını birinci dərəcəli vəzifə kimi qarşıya qoyurdu və sübut edirdi ki, psixologiyasız insan xoşbəxt ola bilməz; təbiətşünaslıqdan sonra o yeganə həqiqi elmdir. K.Q.Yunq isə yazırdı ki, biz “ruhdan o tərəfdə nə olduğunu kəşf etmək istəyirik”. Çünki müasir insan ruhdan xarici aləmin ona vermədiyi şeyi gözləyir. Freyd də məhz bu cür düşünürdü və buna görə də onun kəşfi - qeyri-şüuri, anlaşılmaz psixi proseslər XX əsrin ən böyük kəşfi hesab edilir. Freyd milyonlarla insana xilas yolunu göstərmişdi. Hegelin müdafiə etdiyi determinizm isə insanı müdafiəsiz vəziyyətdə qoyur, onun konkret hadisələrdən asılı olduğu fikrini aşılayaraq qarşısına bir sipər çəkir. Asılılıq kompleksi isə insanın müqavimət gücünü azaldır, onu passivləşdirir, özünü kəşf etməsinə, öz içindəki məni üzə çıxarmasına mane olur. 

İnsana borca verilmiş ömrü başqalarının ömrünü parodiya etməklə yaşayanlar da olur və belələrinin bir karikaturalıq canı olur. Həyatını hardansa əlinə düşmüş havayı pul kimi sağa-sola səpələyənlərdən bu dünyada heç nə qalmır. Onlar axtaranlar yox, itirənlərdir. Onlar sanki bu dünyaya yalnız ona verilənləri itirmək üçün gəlirlər. Həyat laqeydcəsinə bu adamların həndəvərindən ötüb keçir, çünki onların qapısı bu həyatın üzünə bağlıdır. Vanqanın gözləri bu adamlardan daha açıq idi. Borxes hamıdan yaxşı görən dahi idi. Demək, gözün görməyi şərt deyil, insanın özünü görməsi və özünü tapması üçün bəsirət gözü gərəkdirir. 

İnsanın özünü kəşf etməsi üçün həm də çoxlu mütaliə etməsi lazımdır. Orxan Pamukun “Yeni həyat” romanı bu cümlə ilə başlayır: “Bir gün bir kitab oxudum, bütün həyatım dəyişdi”. Hansısa bir kitab insanın həyatını dəyişmək qüdrətində deyil, amma zaman-zaman oxunan kitablar insanı kamilləşdirir. Kitab oxuyanla kitab oxumayan arasındakı fərqi izah etməyə lüzum yoxdur. Dostoyevskinin “Karamazov qardaşları” bəşər düşüncəsinin ən nəhəng ədəbi abidələrindən biridir. Abid Zosima bu əsərdə ən parlaq obrazlardan biridir. O, ölüm yatağında olarkən sevimli şagirdi olan Alyoşaya vəsiyyət edir ki, monastırdan get, dünyaya qayıt. Çünki onun içindəki böyük sevgini görmüşdü, insanlığın isə bu sevgiyə, mərhəmətə çox böyük ehtiyacı vardı. Və bununla da Alyoşanın həyatını dəyişir. Abidin vəsiyyəti ürəyi insanlara sevgi hissiylə dolub-daşan bu məsum gəncin qarşısında həyatın üfüqlərini açır. Həyatda bu cür xoşbəxt təsadüflər çox az hallarda olur. İnsanın həyatını bir qadın da dəyişə bilər, bir keşiş də. Bir yanlış da onun həyatına son qoya bilər, qəfil qəza da, bir qatil də...

Özündən qaçmaq yoluxmadığın bir xəstəliyə qarşı müalicə aparmaq kimi faydasız bir işdir. Bir az da işlətmədəyin cinayətin cəzasını çəkmək kimidir. Taleyə, alın yazısına protest etmək mümkünsüzdür axı. Ölümdən, itkilərdən, qəfil qəzalardan yayına bilməzsən, amma öz beynində geoloq kimi qazıntı aparıb ordan özünün istədiyin bir insanı çıxara bilərsən. Şüurunun üfüqündə görünən o insan elə sən özünsən, ona doğru yürü və iş tamamdır. İnsanın özünü yaratması budur. Yaratmaq ağır işdir və yaxasını ətalətə, süstlüyə tanıdanların yemi deyil. Bu yola çıxanlar yerüstü xoşbəxtliklərdən könüllü imtina edənlərdir. Əbədiyyət heç kimə pay verilmir.

Sənətdə özünütəsdiq cəhdi yaradıcı insanın mənəvi məziyyətlərindən biridir, istedad hələ özünütəsdiq deyil, o xammaldır. Hər bir insanda istedad var, sadəcə, o hələ rüşeym halındadır, onu inkişaf etdirmək isə çox adama nəsib olmur. Özünütəsdiq həm də müəyyən mənada özünü tapmaq deməkdir, yaradıcı adam tam mənada özünü əsərində ifadə edə bilirsə, bu, artıq onun ən böyük uğurudur. Alman yazıçısı Patrik Züksindin “Dərinlik ehtirası” adlı bir hekayəsi var. Hekayənin qəhrəmanı gənc rəssam qadındır, onun sərgilərinə gəlib baxan tənqidçilər hamısı eyni fikri bildirir: hər şey yerli-yerindədir, amma bu rəsmlərdə dərinlik çatmır. Gənc rəssam uzun müddət düşünür, rəsmlərini gözdən keçirir, amma andıra qalmış “dərinliyi” tapa, bu “dərinliyin” nədən ibarət olduğunu anlaya bilmir. Davamlı depressiya onu intihara gətirib çıxarır, o, özünü 139 metr hündürlükdən atıb həyatına son qoyur. 

Sənət dünyasının böyük intiharlarını xatırlayaq: Mayakovski, Silvia Plat, Stefan Sveyq (xanımıyla birlikdə), Akutaqava, Misima... Bu intiharların hər birinin ayrı-ayrılıqda həm ictimai, həm də mənəvi yükü, ağırlığı vardı. Onlar həyatlarına qəsd etməklə bu ağırlığı öz üstlərindən atdılar. Onlar harda lazım idisə, ordaydılar, amma olduqları yer zəbt olunandan sonra onlar üçün yaşamın bir anlamı qalmırdı. 

Mayakovski döyüşdə təklənmişdi, onun kütlələrlə əlaqəsi itmişdi, Sveyq mədəniyyətin yanındaydı, amma onun ölkəsi müharibə ilə üz-üzə idi, o isə bu savaşı dayandırmağa aciz idi. Plat həyata qarşı şeirlə dirəniş göstərirdi, amma şeir də onu xilas edə bilmədi. Şeirlərində ölmək istəmədiyini ifadə edən Plat ölərək unudulmağı deyil, ölümüylə xatırlanmağı istəmişdi. Akutaqava da, Misima da eləcə... 

Yəqin ki, onlar da ölmək, öləndən sonra unudulmağı istəmirdilər. Yazacaqları çox şeylər vardı, amma onlar üçün dairənin qapandığını hiss etmişdilər. Yeni bir dairə cızmağa isə özlərində güc tapa bilmədilər. Onlar özlərini tapıb sonra itirənlər idi. Mayakovskinin ölümqabağı yazdığı məktubu xatırladım: “İntihar heç bir şeyi həll etməz. Vətəndaşlarıma bu işi qətiyyən tövsiyə etmirəm”. 

Mayakovski doğru deyirdi: intiharla da insan özündən qaça bilməz. O qaça bildimi? Yox. Amma Mayakovski də, adlarını sadaladığım digər söz nəhəngləri də özlərini yarada və adlarını dünya ədəbiyyatı tarixinə  həkk edə bildilər.

Həyat çoxları üçün kasıblıqdan varlanmağa doğru bir marafondur. Bu marafon insanın özündən qaçışıdır. Finişə daha tez çatanları isə məğlubiyyət salamlayır. Tanrı isə insana ikinci dəfə dünyaya gəlmək şansı vermir...

Kənan HACI, 
yazıçı-publisist

Chosen
8
xalqqazeti.az

1Sources