EN

Azərbaycan və Gürcüstan dünyaya qonşuluq nümunəsi təqdim edir

Gürcüstanın Baş nazirinin parlament seçkilərindən sonra ilk səfərini ölkəmizə etməsi Azərbaycan-Gürcüstan münasibətlərinin xüsusi xarakterindən və dərin mahiyyətindən xəbər verir

Azərbaycan və Gürcüstanın liderlərinin və xalqlarının müdrikliyi regionumuzu yad dəyərlərdən,  qeyri-ənənəvi meyllərdən və sorosçuların müdaxiləsindən xilas etdi
Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi istiqamətində atılan addımlar bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən xarici siyasət uğurlarımıza xüsusi diqqət yönəldərək bu reallığı bir daha diqqətə çatdırdı ki, ənənəvi tərəfdaşlarla əməkdaşlığımız yüksələn xətlə inkişaf edir və bundan sonra da  belə olacaq.
Qarşılıqlı səfərlər əlaqələrin inkişafında stimulverici amildir. Ümumilikdə Azərbaycan qonşuluq münasibətlərinin inkişafına xüsusi diqqət göstərir. Azərbaycan-Gürcüstan dünyaya qonşuluq nümunəsini təqdim edir.  Bu baxımdan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə işgüzar səfəri, səfər çərçivəsində  Prezident İlham Əliyev ilə təkbətək və geniş tərkibdə  görüşləri, səfərin mahiyyətini, qarşıdakı dövrün hədəflərini özündə ehtiva edən mətbuata birgə bəyanatlarında səslıəndirilən fikirlər ölkə və dünya mətbuatında geniş müzakirə edilməkdədir. İki dost, qardaş ölkə olan Azərbaycan və Gürcüstan daim bir-birinin yanndadır. Azərbaycan ilə Gürcüstan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Bu münasibətlər zəngin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində inkişaf edir.
Mətbuata bəyanatında “Bizim görüşlərimiz müntəzəm xarakter alır. Biz Sizinlə iki ay bundan əvvəl Bakıda görüşmüşdük. COP29 konfransında iştirak etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Ondan əvvəl isə 10 ay bundan qabaq Siz Azərbaycana səfər etmisiniz. Yəni, son 10 ay ərzində bu, Sizin Azərbaycana üçüncü səfərinizdir və bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu səfərin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. “Gürcü Arzusu” Partiyasını seçkilərdəki qələbəsi münasibətilə təbrik edən cənab İlham Əliyev vurğuladı ki, parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir.
Azərbaycan-Gürcüstan siyasi əlaqələrinin  bütün qonşular üçün nümunə olduğunu önə çəkən dövlət başçısı bildirdi ki, iqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə yatırıb. Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır.
Regional çərçivədə qurulan əlaqələrin coğrafiyası hazırda genişlənir. Vaxtilə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. Enerji layihələri iə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin  uğurlu icrası hər iki ölkənin tranzit imkanlarının artmasında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyevin mətbuata bəyanatda qeyd etdiyi kimi, birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu rəqəm  25 milyard kubmetrə çatmışdır. Ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir: “Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır.”
“Bütün digər sahələrdə də ancaq uğurlarımıza sevinmək olar” bildirən cənab İlham Əliyev onu əlavə etdi ki, partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır və biz bu qələbəyə Sizin dostunuz, qardaşınız kimi sevinirik.
Baş nazir İrakli Kobaxidze ölkəsinin Azərbaycana dost, qardaş münasibətini bu fikirləri ilə ifadə etdi: “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur… Bizim dostluğumuzun, qardaşlığımızın tarixi ənənələri var və bu qardaşlıq məhz bu strateji tərəfdaşlığın təməli üzərinə dayanır. Mən əminəm ki, bu tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcəkdir. Vacib məqam odur ki, biz hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik.” Belə bir əminlik də ifadə edildi ki, bizim güclü təməllər üzərində qurulmuş əməkdaşlığımız, tarixi münasibətlərimiz və qardaşlığımız var. Biz siyasi tərəfdaşlığımızı dərinləşdirmək əzmindəyik və Gürcüstan tərəfi bunun üçün səylərini əsirgəməyəcək.
Ölkələr arasında regionlararası əməkdaşlıq həmçinin yüksələn xətlə davam edir. Belə ki, iki ölkənin bir sıra şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan ilə Gürcüstanın bir sıra şəhərləri arasında “qardaşlaşma” əlaqələrinə dair müvafiq memorandumlar imzalanıb. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra İrakli Kobaxidzenin ilk səfərini Azərbaycana etməsi Azərbaycan-Gürcüstan münasibətlərinin xüsusi xarakterindən və dərin mahiyyətindən xəbər verir.  Gürcüstan bu seçkilərdə öz gələcəyini, milli dəyərlərini, tarixi irsini, təhlükəsizliyini və inkişafını qorudu. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, təhlükısizliyin, çiçəklənmənin və inkişafın sütunlarıdır. Bu iki ölkə regionda ənənəvi ailə dəyərlərini, milli mədəniyyəti, ləyaqəti, tarixi irsi qoruyur.  Azərbaycan və Gürcüstanın liderlərinin və xalqlarının müdrikliyi regionumuzu yad dəyərlərdən, qeyri-ənənəvi meyllərdən və sorosçuların müdaxiləsindən xilas etdi.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

Chosen
4
2
moderator.az

10Sources