Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və Gürcüstan səfirliyinin əməkdaşları ilə birlikdə 35 il əvvəl vətənin azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edib.
“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində paylaşım edilib.
"1990-cı il yanvarın 20-də sovet qüvvələrinin nümayişçilərə qarşı vəhşicəsinə basqınları nəticəsində dinc sakinlər öldürüldü.
Onların xatirəsini ehtiramla yad etmək üçün diplomatik nümayəndəliklərin rəhbərləri “Şəhidlər xiyabanı”nda Vətən uğrunda canlarından keçmiş şəhidlərin məzarlarına gül-çiçəklə bəzədilər.
20 Yanvar Azərbaycan xalqının yaxın tarixinə ən faciəli, eyni zamanda, qəhrəmanlıq səhifələrindən biri kimi, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə günü kimi daxil olub"
Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ci ildönümüdür.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.