EN

Azərbaycanın Qazaxıstandakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycanın Qazaxıstandakı səfirliyində 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub.

Səfirlikdən “Report”a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünün və 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş stendin qarşısına gül dəstələri qoyublar.

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov qeyd edib ki, 20 Yanvar təkcə matəm günü deyil, həm də tariximizin ən qürurverici səhifələrindən biridir.

O qeyd edib ki, keçmiş sovet hökuməti 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı həqiqətlərin yayılmasının qarşısını almaq üçün çox böyük səylər göstərib. Lakin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünya ictimaiyyətinin bu amansız qırğından elə ertəsi gün xəbər tutmasında əvəzsiz rola malik olub.

Səfir əlavə edib ki, müstəqilliyimizin bərpasından və Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqına qarşı törədilmiş bir sıra cinayətlərə, o cümlədən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib.

“Xalqımızın birliyi və iradəsi 44 günlük Vətən müharibəsində qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun qələbəsinin əsasını təşkil edib”, - o deyib.

Tədbirdə həmçinin Qazaxıstandakı Azərbaycan diasporunun nümayəndələri də çıxış ediblər. Həmçinin 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi təşkil olunub.

Chosen
15
50
report.az

10Sources