Yanvarın 23-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Arzu Nağıyev yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib.
Sonra komitə sədri iclasın gündəliyindəki 7 məsələ barədə məlumat verib. O, əvvəlcə gündəliyin birinci məsələsi – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin fəaliyyəti barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 16 iclası keçirilib və iclaslarda 43 məsələyə baxılıb. Həmin iclaslarda baxılan qanun layihələri barədə danışan komitə sədri, ötən sessiyada qəbul olunmuş bir sıra qanunların əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, ümumilikdə bu dövr ərzində 13 qanun layihəsi üç oxunuşda, 2 qanun layihəsi isə bir oxunuşda qəbul edilib.
Diqqətə çatdırılıb ki, payız sessiyası dövründə komitə sədri və üzvləri həm xaricdə, həm də parlamentdəki beynəlxalq tədbirlərdə, görüşlərdə, o cümlədən COP29 çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak ediblər, sosial şəbəkələrdə aktiv olublar.
Bildirilib ki, hesabat dövründə komitəyə daxil olub 126 ərizə, məktub və müxtəlif xarakterli sənədlərə baxılıb və müvafiq tədbirlər görülüb.
Gündəliyin ikinci məsələsi olan Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planı barədə danışan komitə sədri qeyd edib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.
Sonra komitə sədri Arzu Nağıyev gündəlikdəki qanun layihələrini təqdim edib.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi haqqında məlumat verən komitə sədri qeyd edib ki, qanun layihəsində mövcud normaların daha aydın və birmənalı ifadə edilməsi məqsədi ilə dəyişikliklər təklif edilir və həmin dəyişikliklər mahiyyətcə dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır.
Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə (birinci oxunuş) dair nəzərə çatdırılıb ki, layihədə hərbi və xüsusi geyim formalarına olan hörməti qorumaq, onlardan sui-istifadənin qarşısını almaq və bu sahədə qanunun təsirini artırmaq məqsədilə mövcud qanunvericilikdə təsbit olunmuş məsuliyyətin gücləndirilməsi yolu ilə qanun pozuntularının sayının azalmasına nail olmaq üçün daha yüksək cərimələrin tətbiq olunması məqsədilə bir sıra dəyişikliklər nəzərdə tutulur.
Gündəliyin növbəti məsələsi olan “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə (birinci oxunuş) dair məlumatda bildirilib ki, layihə korrupsiyaya qarşı mübarizə üzrə səmərəliliyin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə bir sıra normaların təkmilləşdirilməsi və yeni normaların əlavə edilməsini nəzərdə tutur. Layihədə “korrupsiya” anlayışının yeni redaksiyada verilməsi təklif edilir. Belə ki, korrupsiya dedikdə vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştləri istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması, yaxud verilməsi nəzərdə tutulur. Həmçinin qanun layihəsində “korrupsiya riski”, “korrupsiya risklərinin idarə edilməsi” və “səlahiyyətli struktur bölmə (şəxs)” kimi yeni anlayışların da əlavə edilməsi təklif edilir.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) ilə bağlı diqqətə çatdırılıb ki, qanun layihəsi hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı məsuliyyət tədbirlərinin gücləndirilməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması məqsədilə hazırlanıb.
Gündəliyin sonuncu məsələsi – “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) ilə əlaqədar qeyd edilib ki, Cinayət Məcəlləsinin 228-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma həmin Məcəllənin qüvvədə olan 228.1-ci maddəsindən çıxarılaraq, bu əməlin ayrıca kriminallaşdırılması təklif edilir (layihə üzrə 228.3-cü maddə). Eyni zamanda bu əmələ görə daha ağır sanksiya nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliyə əsasən odlu silah əldə etmək hüququnun 18 yaşdan artırılaraq 21 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına verilməsi təklif edilir. Həmin Qanunun 18-ci maddəsinə təklif edilən dəyişiklik isə təkmilləşdirmə xarakteri daşıyır.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı komitənin üzvləri Erkin Qədirli, Ramid Namazov, Gülşən Paşayeva və Rizvan Nəbiyev çıxış ediblər. Deputatlar payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini qeyd edərək, yaz sessiyası üçün iş planının layihəsini müsbət qiymətləndiriblər. Millət vəkilləri təqdim olunan qanun layihələri ilə bağlı fikirlərini bildirərək sual və təkliflərini səsləndiriblər.
Komitənin sədri Arzu Nağıyev və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səməd Sultanov və şöbənin İnzibati qanunvericilik sektorunun müdiri Kəmalə Paşayeva deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər, sualları cavablandırıblar.
Müzakirələrin yekununda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib. Qanun layihələrinin hamısı birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasda deputatlar Kamal Cəfərov, Qaya Məmmədov, Səbinə Salmanova, Mahir Süleymanli, Samir Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.