Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyeva yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “İnnovasiya və əməkdaşlıq vasitəsilə dayanıqlılığın sürətləndirilməsi” mövzusunda tədbirdə iştirak ediblər.
Tədbirdə çıxış edən Leyla Əliyeva regiondakı ekoloji problemlərə toxunub, xüsusilə Xəzər dənizində ekoloji vəziyyətin təcili diqqətə ehtiyacı olduğunu bildirib.
Qeyd edib ki, son 10 ildə Xəzər dənizinin səviyyəsinin kəskin azalması müşahidə olunur. O, Xəzərin dünyanın ən böyük gölü olduğunu və dünya göllərinin ümumi su ehtiyatlarının 40 faizindən çoxunu təşkil etdiyini vurğulayaraq, onun nadir ekosistemi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Xəzər dənizində müşahidə olunan problemlərin bir sıra canlıların, o cümlədən Xəzər suitisi, nərə və qızılbalıq kimi qiymətli balıq növlərinin populyasiyasına mənfi təsir etdiyini bildirib. Xüsusilə Xəzər suitilərinin sayının əhəmiyyətli dərəcədə azaldığını qeyd edib və bu növün qorunmasının vacibliyini vurğulayıb.
Həmçinin Xəzər dənizində müşahidə olunan kompleks problemlərin elmi şəkildə öyrənilməsi, monitorinqi və onların mümkün həlli yollarına dair təkliflərin irəli sürülməsi məqsədilə IDEA tərəfindən COP29-da təqdim olunan Xəzər Dənizi Tədqiqat Mərkəzinin yaradıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Mərkəzin regional əməkdaşlığı gücləndirməyə və Xəzər dənizinin gələcək davamlılığını təmin etməyə töhfə verəcəyi qeyd olunub.