EN

Siyasi, iqtisadi önəmi artan hesabat platforması

Davos-2025

Davos İqtisadi Forumu Azərbaycan reallıqlarının daha geniş sferada dünya birliyinə təqdimatıdır

Dünyanın nüfuzlu dövlət və hökumət başçılarının, tanınmış şirkət rəhbərlərinin iştirak etdikləri Davos İqtisadi Forumu bu gün başa çatır. Artıq əminliklə söyləmək olar ki, xarici siyasətimizin əsas prioritetləri olan qarşılıqlı anlaşma prinsipinə sadiq qalan Prezident İlham Əliyevin Forum çərçivəsində keçirdiyi görüşlərin hər biri Azərbaycan iqtisadiyatının inkişafı üçün açılan yeni pəncərə, ölkəmizə əlavə investisiya axını, maliyyə imkanlarımızın möhkəmlənməsi deməkdir. Qarşılqlı etimada əsaslanan bu cür əlverişli platformalar qlobal problemlərin sıxlığında çabalayan dünyamızın gələcəyi üçün həyati önəm daşıyır. Dövlətlər arasındakı siyasi, iqtisadi, ticari əlaqələrin möhkəmlənməsini şərtləndirən hər bir görüş bölgələrdə, geniş mənada isə dünyada sabitliyin qorunmasına yönələn etimaddır. Rusiya –Ukrayna müharibəsinin şiddətlənməsi, bir neçə dövlətin maraqlarının çarpazlaşdığı Suriya hadisələrinin dünyada yaratdığı yeni reallıqlar fonunda keçirilən görüşlər, rəsmi nümayəndələrin baş verən hadisələrə daha inamlı yanaşması maraqları eyni amal naminə birləşdirir: Siyasi, iqtisadi böhrandan, təbii fəlakətlərdən, iqlim dəyişikliyinin yaratdığı fəsadlardan əziyyət çəkən dünyamızı xilas edək!

Dünyanın nəhəng dövlətlərinin ən çox maraq göstərdiklər Cənubi Qafqaz bölgəsi həmişə olduğu kimi, Davos Forumunda da diqqət mərkəzindədir. Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə bölgədə baş verən hadisələrin geniş müzakirə olunması təbiidir. Bu baxımdan Orta Dəhliz layihəsinin əsas tərəfdaşı, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı, bəzi məqamlarda maliyyə dəstəkçisi olan, iqtisadiyyatın şaxələndirilməsinə böyük önəm verən Azərbaycanla əməkdaşlığa önəm verənlərin sayı artmaqdadır. Prezident İlham Əliyevin Davosdan özünün sosial şəbəkə hesabında etdiyi paylaşımda yer alan «Bizim xarici ölkələrlə münasibətlərimiz yalnız qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulur. Siyasi gücündən, yaxud da ki, böyüklüyündən, ərazilərindən asılı olmayaraq, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qura bilmişik» sözlərində Azərbaycanın daxili və xarici siyasətinin prioritetləri əksini tapıb.

Artıq 55-ci toplantısı keçirilən Davos İqtisadi Forumunun təşkilində məqsəd supergücləri birliyə cəlb etmək, dövlətlər arasındakı siyasi, iqtsadi əlaqələri genişləndirmək, planetimizin gələcəyi naminə mühüm qlobal iqtisadi problemlərin aradan qaldırılması üçün səyləri səfərbər etməkdir. İllərdən bəri ləyaqətlə təmsil olunduğu bu platformada iştirak edən ölkəmizə investisiyaların artması, Azərbaycanın enerji resurslarının xarici bazarlara çıxarılması, Tarixi İpək Yolunun daha geniş coğrafiyanı əhatə etməsi üçün səylərini artıran Prezident İlham Əliyevin «Ağıllı əsr üçün əməkdaşlıq!» cağırışı mövzusunda keçirilən tədbirlərdə başlıca hədəfə yönələn təklifləri maraq doğrurur. Əsasən 5 istiqamət: «İnkişafın yenidən dizayn edilməsi – Güclü və dayanıqlı iqtisadiyyatların qurulması üçün yeni inkişaf mənbələrini necə müəyyən edə bilərik? İntellektual əsrdə sənayelər - Biznes liderləri öz sənayelərinin transformasiyasında qısamüddətli məqsədlərlə uzunmüddətli imperativlər arasında tarazlığı necə əldə edə bilərlər? İnsan kapitalına investisiya - Dövlət və özəl sektor müasir və davamlı cəmiyyətin inkişafına töhfə verən insan kapitalının inkişafına və iş yerlərinin artmasına necə sərmayə qoya bilər? Planetin mühafizəsi - İnnovativ tərəfdaşlıqlar, artan maliyyələşdirmə və aparıcı texnologiyaların tətbiqi vasitəsilə enerji, iqlim və təbiət məqsədlərinə nail olmağı necə sürətləndirə bilərik? Etimadın bərpası - Getdikcə mürəkkəbləşən və sürətlə inkişaf edən dünyada cəmiyyətlər arasında dərinləşən fikir ayrılıqları, geosiyasi çoxqütblülük və siyasi proteksionizmə doğru baş verən dəyişikliklər həm ticarətə, həm də investisiyalara mane olur. Maraqlı tərəflər həm beynəlxalq, həm də cəmiyyətlər daxilində əməkdaşlıq etmək üçün yeni həll yollarını necə tapa bilərlər?» üzrə davam edən Forum əvvəlkilərdən mövzularının əhəmiyyəti və mahiyyəti, aktuallığı ilə fərqlənir.

Başqa sözlə deyilsə, Forum iştirakçılarından qlobal problemlərin həlli üçün daha çox məsuliyyət, təşkilatçılıq, təşəbbüskarlıq tələb olunur. Ən əsası isə dayanıqlı dünya üçün səylərin birləşdirilməsini zərurət kimi aktuallaşdırır.” Dövlət başçımızın qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi bütün görüşlərdə əsas məqsəd dünya birliyində ölkəmizin beynəlxalq iqtisadi nüfuzunu artırmaq, iqtisadi əlaqələrin formatını genişləndirməklə tərəfdaşların sayını artırmaqdır.

Forum iştirakçılarının Azərbaycana xüsusi maraq göstərmələri, dövlət başçımız İlham Əliyevlə söhbətlərindən məmnun qaldıqlarını etiraf etmələri də təsdiqləyir ki, öz gücünə güvənərək dünya iqtisadi münasibətlər sistemindəki rolu və əhəmiyyəti artan Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və beynəlxalq iqtisadi əməkdaşlıqda etibarlı tərəfdaş imicini qoruyur. Tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət, etimad və imzalanan sənədlərə məsuliyyətlə yanaşma prinsipləri əsasında təkmilləşdirən, islahatlar ölkəsi kimi tanınan Azərbaycanda sağlam biznes mühitinin yaradılması mövcud sosial-iqtisadi sabitliklə birbaşa bağlıdır. Ölkəmiz xarici əlaqələrini iqtisadi əməkdaşlıq formatı çərçivəsində formalaşdırır, ölkələr arasındakı siyasi münasibətləri bu zəmində tənzimləyir.

Davos Forumu vacib qərarların qəbulu üçün əlverişli mühit yaratmaqla qabaqcıl təcrübələrin təbliği baxından da səmərəli tribunadır.
 Bakıda keçirilən COP29 kimi önəmli beynəlxalq əhəmiyyətli tədbirdən sonra cənab İlham Əliyevin dövlət başçısı kimi Davos Forumunda iştirakı ölkəmizə ikiqat dividend qazandırır. COP29-da iştiraklarından məmnun qaldıqlarını, Azərbaycanda gördükləri inkişafdan heyrətləndiklərini Davas Forumunda da etiraf edən dövlət başçıları ilə söhbətlər maraqlı dialoq əsasında davam etdirilir. Başqa sözlə deyilsə Davos Forumu Azərbaycan reallıqlarının daha geniş sferada dünya birliyinə təqdimatıdır. Eyni zamanda, ölkəmizə qarşı daim mənfi müasibətdə olan anti-Azərbaycan qüvvələrə tutarlı, real, obyektiv cavabdır. Qərbin ermənipərəst dairələrinin yalan və böhtanlarını təkzib edən ölkəmizə sonsuz maraq, Azərbaycan həqiqətlərinin Avropada etirafı milli xəyanətkarlarımızın «dilənçilik bazarını öldürür.»
Yalnız təkbətək görüşlərdə deyil, iştirak etdiyi panellərdə belə məntiqli çıxışları, qarşılıqlı tərəfdaşlıq üçün səmərəli təklifləri ilə diqqəti cəlb edən Prezident İlham Əliyev Cənubi Qafqazın lider ölkəsi sayılan Azərbaycanın sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdəki uğur və nailiyyətlərini statistik təqdimatı ilə diqqətə çatdırır. Azərbaycan amilini dünyanın siyasi, iqtisadi masasında təkzibolunmaz rolu, sülhsevər məramı təsdiqlənir. İqtisadiyyatın rəqabətədavamlılığı indeksi üzrə MDB məkanında liderliyini qoruyan Azərbaycan inkişafının dayanıqlılıq parametrini qarşılıqlı əməkdaşlıq prinsipləri üzərində qurur. Ölkəmizin xarici bazarlara çıxış imkanları artır. Qlobal enerji, nəqliyyat layihələrinin şaxələndirilməsi, qarşılıqlı iqtisadi inkişafa əsaslanan, sülhməramlı siyasətini etimad əsasında inkişaf etdirən Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərin «mavi yanacaq»”la təminatı məsələsində göstərdiyi təşəbbüskarlıq artıq müsbət nəticəsini verir.

Daxili və xarici siyasətini dəyişən dünyanın reallıqları əsasında təkmilləşdirən Azərbaycan dünyanın güc mərkəzlərinin də qlobal dialoq müstəvisinə çevrilir. Müxtəlif bölgələrdə baş verən milli münaqişələrin, terrorların artdığı bir məqamda iqtisadi inkişafın siyasi hadisələrə təsirinin təhlil olunduğu, mövcud problemlərin milyonlarla insanın həyat tərzinə mənfi təsirinin aradan qaldırılması yollarının geniş mənada müzakirə olunduğu Davos Forumunda əsas məsələ kimi ərzaq təhlükəsizliyi məsələsinin də diqqətdə saxlanılması planetimizin gələcəyi üçün töhfədir. Əsas məsələ müzakirə olunan problemlərin həlli üçün etibarlılılq mühitinin formalaşmasıdır. Dialoqlarla yanaşı, qeyri-rəsmi təmasların gerçəkləşdirildiyi əlverişli məkan olan Davosda hələ ilk addımlarını atan süni intellekt, iqlim dəyişikliyi, insan kapitalı və texnoloji yeniliklər kimi mövzuların müzakirəsi strateji yanaşmaları da düzgün səmtə istiqamətləndirir. Hazırda beynəlxalq ictimaiyyəti daha çox düşündürən və narahat edən iqlim dəyişikliyi ilə bağlı problemlərin müzakirə olunduğu Davosu COP29-un davamı kimi dəyərləndirənlər də etiraflarında yanılmırlar.

Prezident İlham Əliyevin Almaniyanın Federal Kansleri, İsrail, Latviya, İraq prezidentləri və İraq Kürdüstan regionunun baş naziri ilə keçirdiyi görüşlərin hər biri ölkəmizə artan marağın, dövlətlər arasında ikitərəfli münasibətlərin və əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı göstərilən səylərin ifadəsidir. Dövlət başçımızın tanınmış şirkət və korporasiya rəhbərləri ilə təmasları Azərbaycana əlavə investisiya axınını şərtləndirir.

Bu cür yaxınlaşmalar bir daha göstərir ki, Azərbaycan bu gün investisiyaların qorunması baxımından çox əlverişli islahatlar ölkəsidir. Qarşılıqlı görüşlərin intensiv xarakter alması və qarşı tərəflərin müraciəti əsasında baş tutması isə , ilk növbədə, Prezident İlham Əliyevin şəxsiyyətinə böyük hörmət və yüksələn nüfuzunun göstəricisidir. Artıq dünya ictimaiyyəti, xüsusil Qərb anlayır ki, Cənubi Qafqazla bağlı qlobal problemlərin həllində Azərbaycanın mövqeyi əsas amil kimi diqqətdə saxlanılmalıdır.

Xuraman İsmayılqızı, «İki sahil»

Chosen
10
50
ikisahil.az

10Sources