EN

Ağıl dişləri: Çıxarmaq, yoxsa saxlamaq? - Stomatoloqun məsləhətləri

Bəzi hallarda həkimlər ağıl dişlərinin çəkilməsini tövsiyə edirlər, lakin bəzən onları çıxarmağa ehtiyac olmur. Bundan əlavə, bu dişlərin müəyyən üstünlükləri də var.

hakimiyyet.az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı cərrah-stomatoloq və implantoloq Mariya Volkova danışıb.

O bildirib ki, ağıl dişləri adətən 15-25 yaş arasında çıxan üçüncü molyarlardır.

"Onlar insanın artıq "müdrikləşdiyi" yetkin yaşda çıxdığına görə belə adlandırılıb. Lakin müasir dünyada insan çənəsi çox vaxt onların tam yerləşməsi üçün kiçik olur. Bu, qidalanma xarakterinin dəyişməsi səbəbindən çənələrin təkamül prosesində kiçilməsi ilə əlaqədardır", - deyə ekspert izah edib.

Onun sözlərinə görə, ağıl dişləri düzgün yerləşmədikdə, onları çəkmək lazımdır.

"Məsələn, əgər diş bucaq altında böyüyürsə və ya qonşu dişlərə söykənirsə, bu, diş sırasının sıxlaşmasına, köklərin zədələnməsinə və hətta iltihablanmaya səbəb ola bilər. Həmçinin yer olmadıqda, onları çıxarmaq lazımdır. Çənədə kifayət qədər yer olmadıqda, ağıl dişləri qismən çıxmış - retensiya olunmuş vəziyyətdə qala bilər ki, bu da kariyes və iltihab riskini artırır", - deyə o bildirib.

Həkim qeyd edib ki, diş ətinin iltihablanması da onların çəkilməsi üçün göstərişdir.

"Bundan əlavə, kista və digər fəsadlar olduqda, əməliyyat zəruridir. Ortodontik göstərişlər də mövcuddur. Bəzən ağıl dişləri, diş sırasının yerdəyişməsinin qarşısını almaq və diş sıralarının genişləndirilməsi zamanı yer yaratmaq üçün breketlər qoyulmazdan əvvəl çəkilir".

Bununla belə, implantoloq qeyd edib ki, bütün ağıl dişlərinin çəkilməsinə ehtiyac yoxdur.

"Müəyyən hallarda, məsələn, əgər onlar sağlamdırsa və düzgün yerləşibsə, həmçinin yaxşı gigiyena olduqda, faydalı ola bilər. Bəzi hallarda stomatoloqlar ağıl dişlərini protezlər və ya qapaqlar üçün dayaq kimi istifadə edirlər", - deyə Volkova bildirib.

O, həmçinin vurğulayıb ki, insan əsas dişlərindən birini itirərsə, ağıl dişi, iltihabi dəyişikliklərə məruz qalmayıbsa, diş sırasındakı boşluğu doldura bilən "ehtiyat oyunçu" ola bilər.

Chosen
11
3
hakimiyyet.az

10Sources