EN

Rəşad Sadıqov: “Buraxılan qola yaxşı reaksiya verdik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri səfər matçından sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Çətin səfər oyunu alındı. “Şamaxı” son turlarda yaxşı formadadır. Bizim üçün ağır olacağını bilirdik. Belə komandalara qarşı xarakter və oyun intizamı vacibdir. Futbolçularım qol buraxdıqdan sonra yaxşı reaksiya verdi. Birinci hissənin sonunda standart vəziyyətdən fərqləndik. İkinci hissədə daha əzmkar oyun oldu. Uğur qazanan tərəf biz olduq. Amma “Şamaxı” da əla futbol oynadı.

İlk yarıda rəqib aqressiv pressinq tətbiq edirdi. Birinci hissədə toplu oyunumuz alınmırdı. İkinci yarıda isə yaxşı alındı. Çox önəmli 3 xal qazandıq”.

Rəşad Sadıqov komandasının mövsümün qalan hissəsinə psixoloji cəhətdən nə dərəcədə hazır olmasından da söhbət açıb:

“Heç vaxt gələcəklə bağlı proqnoz vermək olmur. Amma düşünürəm ki, futbolçularım psixoloji cəhətdən daha diqqqətli olmalı, rəqibləri təhlil analiz etməlidir. 3-4 il əvvəlki çempionat deyil. Bu gün hamı bir-biri ilə başabaş oynayır. Daha da məsuliyyətli olmaq lazımdır”.

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Üzücü məğlubiyyət oldu. Belə oynayıb məğlub olanda adam ikiqat üzülür. Matç baxımından futbolçularımız yaxşı performans göstərdi. Birinci hissənin son saniyəsində diqqətsizlikdən qol buraxdıq. Belə qol rəqibə psixoloji üstünlük verir. “Zirə”yə qarşı qolları qaçırmaq üzücüdür. Çünki onlar kompakt oynayan, sürətli hücuma çıxan komandadır. İkinci qolu da elə vurdular. Çempionat davam edir. Fərdi səhvləri azaltsaq, nəticələr yaxşı olacaq. Çox çalışmalıyıq. Daha yaxşı olacağıq. Buna inanıram.

Məncə, ədalətli nəticə heç-heçə idi. Belaydi Pusinin də 100 faizlik epizodu var idi. Bu epizodlara girmək özü bir işdir. Futbolçuların əziyyətinə görə üzülürəm. Oyun bizə siqnal verir ki, daha yaxşı olacağıq. Amma həm “Qarabağ”la matçı, həm də bu oyunu fərdi səhvlərə görə uduzmuşuq. Bunun çarəsini tapmalıyıq. Bilirik ki, yaxşı oyun xal vermir. Amma bizim məqsədimiz bəllidir. O məqsədə çatmaq üçün bu oyun bizə ümid verir”.

Chosen
12
50
arena.az

10Sources