EN

Çinin hibrid və elektrik maşınlarında ağır problemlər üzə çıxır...

Image

Fərid Həşimov: "Çin avtomobillərinin ehtiyat hissələri ilə bağlı da problem var"

Son vaxtlar avtomobil bazarında təkliflərin strukturu dəyişib. Bazara elektriklə işləyən, hibrid avtomobillər daxil olub. Bununla yanaşı Azərbaycan avtomobil bazarına Çin avtomobillərinin də axını sürətlənib. Açıqlanan statistik məlumatlardan bəlli olur ki, son dövrlər ölkəmizə Çin maşınlarının idxalı artıb. 

Bu avtomobillər həm qiymət, həm də yanacaq sərfiyyatı baxımından digər ölkələrin istehsalı olan avtomobillərdən olduqca sərfəlidir. Amma  bu avtomobillərlə bağlı narazılıq edənlər də az deyil. Bu avtomobillərin yeni olmasına baxmayaraq daha tez sıradan çıxması, təmir xərclərinin yüksək olması ilə bağlı şikayətlər artır.

"Elektromobillərin əsas problemləri qış mövsümündə özünü göstərir"

Nəqliyyat eksperti Fərid Həşimov "Bakı-Xəbər"-ə açıqlamasında qeyd etdi ki, Çin dünyanın texnologiya və sənaye sahəsində öz sözünü deyən ölkəsidir, keyfiyyətli məhsulları az deyil: "Hibrid avtomobillərin yanacaq sərfiyyatı az olduğu üçün ölkəyə daha çox gətirilir. İnsanlar bu avtomobillərə üstünlük verirlər. Ancaq onu da deyim ki, Çin avtomobillərinin ehtiyat hissələri ilə bağlı da problem var. Çin istehsalçılarının avtomobil hissələri üçün mərkəzi anbarlar yoxdur, buna görə də bəzi hissələrin çatdırılması üçün uzun müddət gözləmək məcburiyyətində qalırlar. Bununla yanaşı, Çin istehsalı olan elektromobillərin əsas problemləri qış mövsümündə özünü göstərir. Belə ki, ilin soyuq aylarında batareyaların gücü zəifləyir. Salonu qızdırmaqda çətinliklər və başqa problemlər olur. 

Çindən Azərbaycana idxal edilən avtomobiilərin bir qismi əslində Çinin daxili bazarı üçün nəzərdə tutulub. Bu avtomobillərin bir çox funksiyaları ya işlək olmur, ya da kompüter panelində dil seçimi olmur. Bunlarla yanaşı, istifadə edilən materialların keyfiyyəti çox aşağı səviyyədədir. Hətta eyni marka olan Çin istehsalı və Avropa istehsalı avtomobil bir-birindən olduqca fərqlənir".

Həmsöhbətimiz bununla belə bildirdi ki, Çin avtomobil istehsalı dünya brendi olaraq dünya bazarına daxil olub.

Günel CƏLİLOVA





Chosen
17
35
baki-xeber.com

10Sources