“Bu gün həqiqətən də çox pis oyun sərgilədik. Həm müdafiədə, həm də hücumda matça köklənə bilmədik”.
İdman.biz xəbər verir ki, bunu “Naxçıvan”ın baş məşqçisi Murat Dikmen Azərbaycan Basketbol Liqasının XII turunda NTD ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis komandasının müdafiədə çox zəif oynadığını bildirib: “Rəqibin 95 xalı da bunu bariz numunədir. Müdafiədə çox pis çıxış etdik. Təəssüf ki, ikinci dövrəyə yaxşı start vermədik. Ardıcıl olaraq həm “Neftçi”yə, həm də NTD-yə məğlub olduq. Həmçinin bu komanda bundan öncə də liderliyə də yüksəlməyi bacarıb. Ümid edirəm ki, “Sərhədçi” ilə matça daha yaxşı köklənərik. Əskikliklərimizi aradan qaldırıb növbəti görüşə qalib gəlmək üçün çıxmalıyıq. Artıq bundan sonrakı qarşılaşmalarda xarakter nümayiş etdirməliyik. Bilirəm ki, bunu edəcək gücdəyik. Tezliklə özümüzə gəlib yolumuza davam etməliyik”.
Qeyd edək ki, “Naxçıvan” NTD-yə 70:95 hesabı ilə uduzub.
İdman.biz