Bakı, TurkicWorld
ABŞ prezidenti Donald Tramp, Kolumbiyanın ABŞ-dan deportasiya edilən kolumbiyalı miqrantları daşıyan təyyarələrin ölkəyə enməsinə icazə verməməsi səbəbilə Kolumbiyaya qarşı iqtisadi və diplomatik sanksiyalar tətbiq edəcəyini elan edib.
TurkicWorld xəbər verir ki, Tramp, Truth Social hesabından etdiyi paylaşımda, Kolumbiyanın sosialist prezidenti Qustavo Petronu bu qərara görə sərt tənqid edib.
O bildirib ki, Petro, ABŞ-ın milli və ictimai təhlükəsizliyini təhlükə altına alıb və buna görə Kolumbiyaya qarşı rüsumlar və səyahət məhdudiyyətləri kimi sərt cavab tədbirləri görüləcək.
Belə ki, Kolumbiyadan ABŞ-a daxil olan bütün mallara dərhal 25%-lik gömrük rüsumu tətbiq olunacaq. Bu rüsumun bir həftə ərzində 50%-ə qaldırılacağı gözlənilir.
Kolumbiya hökuməti rəsmiləri, onların tərəfdarları və ailə üzvləri üçün vizaların ləğvi və səyahət qadağaları tətbiq ediləcək.
Həmçinin, Kolumbiya vətəndaşlarının ABŞ sərhədində daha sərt yoxlamalara məruz qalacağı və əlavə maliyyə sanksiyalarının tətbiq olunacağı vurğulanıb.
Kolumbiya prezidenti Qustavo Petro , ABŞ-ın deportasiya uçuşlarına dair mövqeyini sərtləşdirərək, kolumbiyalı mühacirlərin cinayətkar kimi göstərilməsini qəbul etməyəcəyini bildirib. Petro, ABŞ-ın əvvəlcə mühacirlərlə ləyaqətlə davranmaq üçün uyğun bir protokol yaratmasının vacib olduğunu vurğulayıb.
Ağ Evin sözçüsü Karoline Leavitt isə bildirib ki, ABŞ yanvarın 24-dən qeyri-qanuni mühacirlərin deportasiya uçuşlarına başlayıb. Prezident Tramp, ABŞ-a qeyri-qanuni yollarla daxil olanlara qarşı sərt tədbirlərin görüləcəyini açıq şəkildə bəyan edib.