EN

Danilo “Yuventus”u tərk etdi

Futbol üzrə Braziliya millisinin və “Yuventus”un mərkəz müdafiəçisi Danilo Luis da Silva İtaliya klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Turin nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub braziliyalı müdafiəçiyə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Danilonun adı son aylarda İtaliyanın digər klubu “Napoli” ilə birgə hallandırdı. Onun azad agent kimi Neapol təmsilçisinə keçməsi gözlənilir. Amma braziliyalı oyunçunun “Mançester Yunayted”ə keçidi də istisna edilmir.

Xatırladaq ki, Danilo Luis da Silva 2019-cu ilin avqust ayında İngiltərənin “Mançester Siti” klubundan 37 milyon avro qarşılığında “Yuventus”a keçmişdi. Müdafiəçinin bu klubla 2025-ci ilin 30 iyununa kimi müqaviləsi vardı.

Braziliyalı futbolçu cari mövsümdə Turin klubunun heyətində bütün yarışlar çərçivəsində 16 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Danilonun “Yuventus” karyerası bütövlükdə 213 oyun, 9 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

Luis da Silva “Yuventus”la bir dəfə İtaliya çempionu (2019/2020) olub, iki dəfə İtaliya Kubokunu (2020/2021, 2023/2024), bir dəfə İtaliya Super Kubokunu (2020/2021) qazanıb.

Müdafiəçi karyerası ərzində “Yuventus”dan öncə “Amerika Mineyro”, “Santos”, “Portu”, “Real” (Madrid) və “Mançester Siti”də də oynayıb.

Danilo 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasında da 65 oyuna çıxıb, 1 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Chosen
36
20
arena.az

10Sources