EN

Azərbaycanla bağlı bu cür addımlar Rusiyanın özünün maraqlarına ziddir - Rəşad Bayramov

Yazını böyüt
Yazını kiçilt

“Rusiyanın təyyarə qəzası ilə bağlı səhvini etiraf etməsi, üzr istəməsi əvəzinə bu cür təpki göstərməsi təbii ki, başadüşülən deyil. Çünki faktlar o dərəcədə açıq-aşkardır ki, bunu ört-basdır etmək, hansısa istiqamətdə yozmaq faktiki olaraq mümkünsüzdür”.

Bunu hafta.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib. O, qeyd edib ki, bu gün Rusiyada həqiqəti əks etdirməyən yarımçıq danışıqların stenoqramı əsasında prosesi başqa istiqamətə yönəltmək istəyən ayrı-ayrı media qurumları təbii ki, bu sifarişləri birbaşa Kremldən alaraq aktiv fəaliyyətə keçiblər.

Politoloqun fikrincə, bunun əsas səbəbi Azərbaycanın üzr tələb etməsi və cinayətdə əli olanların məsuliyyətə cəlb olunmasını istəməsindən qaynaqlanır.

“Görünür Rusiya tərəfi Azərbaycanın üzr tələbini həzm edə bilmədiyi üçün bu cür müxtəlif təzyiq metodlarına əl atır. İlk olaraq, heç kim tərəfindən mübahisələndirilməyən məsələ var ortada. Bu da təyyarəmizə müvafiq atəş açılması və nəticə etibarı ilə vurulması məsələsidir. Rusiya bununla bağlı konkret addımlar atmalı, vaxtında hava məkanını bağlamadığı üçün, mülki təyyarəyə atəş əmri verildiyi üçün ilkin olaraq üzr istəməli və konkret addımlar atmalıdır. Ondan sonrakı mərhələdə artıq eniş üçün icazə verilib-verilməməsi, trayektoriyanın pilotlar tərəfindən seçilib-seçilməməsi və digər məsələlərlə bağlı istintaqın rəyini gözləmək olar. Amma faktlar ortadadır. Fakt ondan ibarətdir ki, təyyarənin vurulması, eyni zamanda elektron rabitə qurğuları vasitəsilə təyyarənin idarəetməsinin bloklanması artıq hər şeyi deyir. Yəni əgər təyyarənin idarə edilməsi xüsusi qurğular vasitəsilə yenidən bloklanıbsa, o zaman pilotların özlərinin müstəqil marşrut seçərək harasa getməklə bağlı iddia qaldırmağın özü absurddur”.

R.Bayramov qeyd edib ki, Naxçıvanda helikopterin vurulması ilə bağlı paralellər aparmaq isə ikiqat absurddur. Politoloq vurğulayıb ki, birincisi, həmin helikopter erməni maşın karvanını müşayət edirdi, ikincisi, hərhansı bir xəbərdarlıq etmədən, alçaqdan uçmaqla, xüsusi qurğuları söndürməklə faktiki olaraq özü-özünü naməlum hədəfə çevirmişdi və bununla bağlı da müvafiq olaraq həmin helikopter vuruldu.

“Hətta haqlı ola-ola vurduğumuz helikopterlə bağlı belə bizim həm üzürxahlığımız oldu, həm ölənlərin ailələrinə müvafiq təzminatın ödənilməsi təmin olundu. Yəni, biz bunları etdiyimiz halda Rusiya tərəfinin hər hansı addım atmadığı təqdirdə durub hansısa paralellər aparmaq təbii ki, qəbuledilən deyil. Bu gün dünyadan faktiki olaraq təcrid olunmuş və 3-5 ölkə ilə münasibətləri qalan bir ölkənin Azərbaycanla bağlı da bu cür addımlar atması ilk növbədə Rusiyanın özünün maraqlarına zidd olmalıdır əslində. Ona görə öncədən dedim ki, bu gün Rusiyanın bu cür mövqe sərgiləməsi başadüşülən deyil. Yəni, biz Rusiyanın tarix boyu Azərbaycanla münasibətinin necə olduğunu da bilirik, onun Ermənistan adlı dövlətin qurulmasındakı xidmətləri də bilirik, biz 20 Yanvar faciəsini də unutmamışıq, biz 366-cı motoatıcı alayın erməni quldurları ilə birlikdə Xocalıda törətdikləri soyqırımı da unutmamışıq, biz birinci və ikinci Qarabağ savaşı dövründə Ermənistana azərbaycanlıları qətlə yetirmək üçün verilən silahları da unutmamışıq, sülhməramlı missiya adı altında separatçı rejimi qorumalarını, saxlamalarını, onlara dəstək vermələrini, onlara silah-sursatın keçirilməsini təşkil etmələrini də unutmamışıq. Amma bütün bunlara baxmayaraq, biz qonşu ölkələrlə ikitərəfli qarşılıqlı əməkdaşlığı əsas götürərək, hər hansı bir düşmən mövqe ortaya qoymadan yalnız və yalnız baş verən hadisəyə görə üzr istənilməsini, müvafiq təzminatın ödənilməsini və cinayət işinin açılmasını tələb etmişik və bu da kifayət qədər haqlı tələblərdir. O baxımdan Rusiyada aparılan bu kampaniyaya da baxmayaraq, müxtəlif ekspertlərin, müxtəlif media qurumlarının dili ilə Azərbaycana qarşı təhdidlər yağdırılmasına da baxmayaraq, bunun nəticəsi ilk növbədə Rusiyanın özü üçün yaxşı heç nə vəd etmir. Yəni bu gün Azərbaycan neçə il ərzində ABŞ kimi bir hegemonun təhdidlərinə boyun əymədiyi halda, zəifləmiş, iqtisadiyyatı çökmüş, ordusu kiçilmiş bir Rusiya qarşısında da geri çəkilən deyil. Təbii ki, söhbət silahlı qarşıdurmadan getmir, amma hərhansı bir təhdid bu gün bizi haqlı tələblərimizdən geri çəkə bilməz və bunu Rusiyanın rəsmiləri nə qədər tez anlasalar bir o qədər yaxşı olar”.

 

Chosen
32
50
hafta.az

10Sources