Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, bölmənin elmi müəssisələrin direktorları, direktor müavinləri, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, şöbə müdirləri, gənc alim və mütəxəssislər və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə AMEA-nın Yer Elmləri Bölməsinin (YEB), AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) və Şəki Regional Elmi Mərkəzinin (Şəki REM) 2024-cü il ərzində əldə edilən nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, iclasdan öncə təşkil olunmuş sərgi Yer Elmləri Bölməsinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki Regional Elmi Mərkəzinin 2024-cü ildə əldə etdiyi uğurları görməyimizə əsas verir və Azərbaycan elminin inkişaf səviyyəsini göstərir. Sərgidə nümayiş etdirilən yeniliklər barədə məlumat verən akademik İsa Həbibbəyli cari ildə Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının Q1 kvartilli jurnallarda 4 məqaləsinin işıq üzü görməsinin böyük nailiyyət olduğunu söyləyib. Eyni zamanda Coğrafiya İnstitutunda iqtisadi coğrafiyaya dair aparılan tədqiqatların Azərbaycan dövlətinin maraqlarını ifadə etdiyini bildirib. Neft və Qaz İnstitutunda qaz vulkanlarına dair fundamental monoqrafiyanın çapdan çıxdığını diqqətə çatdırıb. Həmçinin Təbiət Tarixi Muzeyinin Xəzər dənizinin canlı orqanizmlərinə dair mühüm tədqiqatlar apardığını söyləyib. Geologiya və Geofizika İnstitutunda isə akademik Akif Əlizadənin rəhbərliyində ölkəmizdə geoloji və geofiziki tədqiqatlar aparılaraq mühüm nailiyyətlər qazanıldığını bildirib.
Eyni zamanda sərgidə Şəki Regional Elmi Mərkəzində ipəkçilikdən alınan maddələrin ilk dəfə nümayiş etdirildiyini, ötən il ilk dəfə Mərkəz tərəfindən regionda arxeoloji qazıntılar aparılaraq mühüm nəticələrin olunduğunu və bu gün ictimaiyyətə təqdim edildiyini vurğulayıb. AMEA rəhbəri bu nailiyyətlərin regionlarımızda da elmin inkişafının göstəricisi olduğunu deyib.
Akademik İsa Həbibbəyli bu gün Azərbaycan dövlətinin Prezident İlham Əliyevin liderliyində ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək öz inkişafının tarixi mərhələsini yaşadığını, COP29 kimi beynəlxalq nüfuzlu tədbiri yüksək səviyyədə təşkil edərək öz inkişafını bütün dünyaya göstərdiyini söyləyib və qeyd edib ki, Azərbaycan elmi də öz fəaliyyətini buna uyğun qurmalı və özünün dəstəyini verməlidir.
Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub. Müzakirəyə çıxarılan ilk məsələ “2025-2030-cu illər üzrə Azərbaycan Milli Elmlər Akademiyasının İnkişaf Konsepsiyası və Yol Xəritəsi” haqqında olub.
Akademik İsa Həbibbəyli bildirib ki, “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin hazırlanması üçün İşçi qrupu yaradılıb və AMEA-nın elmi müəssisə və təşkilatlarına təkliflərini təqdim etmələri tapşırılıb. AMEA prezidenti ötən müddət ərzində müəssisələr tərəfindən təkliflərin hazırlanaraq İşçi qrupuna təqdim edildiyini söyləyib. Diqqətə çatdırıb ki, təqdim olunmuş təkliflər özünün iştirakı ilə İşçi qrupunda geniş müzakirə edilib, müəyyən dəyişikliklər tövsiyə olunub. Akademik İsa Həbibbəyli “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin Azərbaycan dövlətinin maraqları və müasir dünya elminin çağırışları nəzərə alınaraq hazırlanmaqda olduğunu bildirib.
İclasda “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin hazırlanması üçün təqdim olunmuş təkliflər təsdiqlənib.
Həmçinin iclasda AMEA Rəyasət Heyətinin 2025-ci il üzrə İş planı və Azərbaycan Milli Elmlər Akademiyasında 2025-ci ildə keçiriləcək elmi və elmi-təşkilati tədbirlərin planı təsdiqlənib.
Sonra AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının sədr müavini akademik Fəxrəddin Qədirov bölmənin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib. Bildirib ki, ötən il bölmənin müəssisələrində aparılan tədqiqatlar əsasən, “Yaşıl dünya naminə həmrəylik ili”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “AR işğaldan azad edilmiş ərazilərin 2021-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”, “Kənd təsərrüfatının inkişaf etdirilməsi üzrə Dövlət Proqramı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”, AMEA Ümumi Yığıncağının və Rəyasət Heyətinin aidiyyəti qərarlarının icrasına istiqamətlənib.
Akademik Fəxrəddin Qədirov qeyd edib ki, 2024-cü ildə AMEA-nın Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 14 problemi əhatə edən 44 mövzu, 51 elmi tədqiqat işi, 20 mərhələ üzrə elmi tədqiqatlar yerinə yetirilmiş, 3 mövzu, 9 elmi-tədqiqat işi başa çatdırılmışdır. Hesabat ilində YEB-in əhatə dairəsində olan elmi müəssisələrdə 13 mühüm nəticə alınmış, təsərrüfat müqaviləsi əsasında 110 elmi-tətbiqi iş yerinə yetirilmişdir.
Məruzədə, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində bölmənin təşkilatçılığı ilə keçirilmiş “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri”, “Yaşıl enerji və süni intellekt”, eləcə də bölmənin alimlərinin COP29 tədbirləri - “Uzunmüddətli istixana qazı emissiyalarının təsirlərin inkişaf strategiyaları vasitəsilə yumşaldılması və uyğunlaşması” panel iclası, “Xəzər dənizi hövzəsi: risklərin qiymətləndirilməsi və aradan qaldırılması” mövzusunda dəyirmi masa, “İqlim dəyişikliyi fonunda Xəzər dənizində su səviyyəsinin azalması” mövzusunda görüş və “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağıırışlar” mövzusunda müzakirələrdə iştirakı barədə məlumat verilib.
Məruzəçi qeyd edib ki, beynəlxalq Scimago elmi reytinqində müvafiq göstəricilərə əsasən, Azərbaycanın geofizika elmi 2023-cü ilin yekunlarına görə 200-ə yaxın ölkə arasında 41-ci, geomühəndislik elmi 46-cı, geologiya elmi 52-ci mövqedədirlər. Alim vurğulayıb ki, ABŞ-ın Stenford Universitetinin dünyanın ən böyük akademik nəşriyyatı olan “Elsevier” şirkətinin “Scopus” bazasının bir il əvvəlki məlumatları əsasında tərtib etdiyi və 2024-cü ilin 17 sentyabr tarixində dərc edilmiş World's Top 2% Scientists - dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısına AMEA-nın müxbir üzvü Bağır Süleymanov və bölmənin əhatə dairəsinə daxil olan “Neftqazelmitədqiqatlayihə” İnstitutunun “Analitik tədqiqatlar” laboratoriyasının müdiri texnika elmləri üzrə fəlsəfə doktoru Elçin Vəliyev daxil ediliblər.
Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik Fəxrəddin Qədirov hesabat ilində Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 11 monoqrafiya (2-si xaricdə), 41 kitab (11-i xaricdə) və 22 dərslik, 368 məqalə (161-i xaricdə), 123 tezisin (65-i xaricdə) nəşr edildiyini, onlardan 93-ü “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü diqqətə çatdırıb. F.Qədirov hesabat ilində Yer Elmləri Bölməsinin alimlərinin birgə iştirakı ilə “Pliosen Karbohidrogen Sedimentary Series of Azerbaijan” adlı monoqrafiyanın Almaniyada, “Springer” nəşriyyatında (ingilis dilində) çapdan çıxdığını diqqətə çatdırıb.
O, həmçinin bölmənin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq, qrantlar və təltiflər, elektron elmin vəziyyəti, Vikipediya Virtual Ensiklopediyasında, eləcə də müəssisələrin saytlarının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
Daha sonra Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli RSXM-in 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib. Bildirib ki, 2024-cü ildə AMEA nəzdində RSXM-də 3 problemi əhatə edən 5 mövzu, 10 elmi-tədqiqat işi, 5 elmi-tədqiqat işi yerinə yetirilib, 3 mövzu, 8 elmi-tədqiqat işi başa çatdırılıb.
Hesabat ilində AMEA nəzdində RSXM-də 1 dərslik, 37 məqalə (10-nu xaricdə), 13 tezis (9-ü xaricdə) nəşr edilib. Nəşr edilən məqalələrdən 6-sı Web of Science və Scopus bazasında olan impakt faktorlu jurnallarda işıq üzü görüb.
Qeyd edib ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi EMSC (Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi), IRIS (Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu), ORFEUS (Avropa Seysmoloji Müşahidə və Araşdırmaları Mərkəzi), ESC (Avropa Seysmoloji Komissiyası), EGU (Avropa Geofiziklər Birliyi), AGU (Amerika Geofiziklər Birliyi) beynalxalq təşkilatların həqiqi üzvüdür. 30-dan çox ölkənin seysmoloji və geofiziki institutları ilə elmi əməkdaşlıq edir.
Vurğulayıb ki, hesabat ilində Kanadanın Viktoriya Universiteti, Kanadanın Milli Tikinti Qaydalarının Zəlzələ Dizaynı üzrə Daimi Komitəsi, ABŞ-ın Lawrence Livermore Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi ilə birlikdə Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunmuş “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib. Həmçinin diqqətə çatdırıb ki, Aşağı Kür çökəkliyi ərazisində zəlzələ ocaqlarının tektonik qırılmalarla əlaqəsinin araşdırılması və ilkin xəritələri (Xəzər dənizi və Xəzəryanı ərazilər) hazırlanır.
Qurban Yetirmişli AMEA nəzdində RSXM-nin elmi nəşri olan “Seismoprognosis observations in the territory of Azerbaijan” jurnalının 2024-cü ildən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) DərgiPark elektron bazasına Azərbaycandan ilk daxil edilən 3 jurnaldan biri olduğunu, nəşrin beynəlxalq e-İSSN kodu alması üzərində və Scopus beynəlxalq indeks sisteminə daxil edilməsi istiqamətində işlərin davam etdirildiyini söyləyib.
Baş direktor, həmçinin Mərkəzin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, qrantlar və təltiflər, elektron elmin vəziyyəti, Vikipediya Virtual Ensiklopediyasında, eləcə də müəssisənin saytı və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
Sonra Şəki REM-in 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı Mərkəzin baş direktoru fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü təqdim edərək bildirib ki, hesabat ilində Şəki REM-də 6 yeni prioritet istiqamətdə, 8 mövzu üzrə 17 elmi-tədqiqat işi yerinə yetirilib, 23 mühüm nəticə əldə olunub, 1 patent alınıb. Bildirib ki, Mərkəz əməkdaşlarının 19-u xaricdə olmaqla 34 məqaləsi, 3-ü xaricdə olmaqla 34 tezisi çap olunub. İşıq üzü görmüş məqalələrin 4-ü Web of Science və Scopus bazalarında dərc edilib. 2024-cü ildə AMEA-nın Şəki REM-ində 9 kitab çap olunub ki, onun da 2-si monoqrafiyadır.
Alim qeyd edib ki, hesabat ilində Qarabağın Ağdam və Füzuli rayonlarının ərazilərində Google Earth proqramı və topoqrafik xəritələrdən istifadə olunmaqla monitorinqlər aparılıb, onların iqlim şəraiti, relyefi və həm də nisbi hündürlüklərinə görə biri-birindən fərqlənən 12 landşaft növü müəyyənləşdirilib. Həmçinin Şəki rayonunun Baş Şabalıd kəndində aparılan arxeoloji qazıntılar nəticəsində qəbrlərdən tapılan aypara əşyalar və küplərdə dəfn edilən mərhuma verilən qurbanın insan olması və yanında basdırılan əşyaların aypara formasında düzülüşü bu ərazidə antik dövrdə yaşayan alban tayfalarının inancında ay kultunun mühüm yer tutduğunu sübut edib. Həmçinin Oğuz rayonunda XIX əsr və XX əsrin əvvəllərində ərəb dilində tədrislə məşğul olan məscid və mədrəsələrdə istifadə olunan dərsliklərin əsas hissəsini Osmanlı İmperiyasına məxsus mətbəələrdə nəşr olunmuş kitablar və eləcə də kiçik həcmli əlyazmalar təsdiq edir ki, Oğuz bölgəsində nəzm əsərləri çoxluq təşkil edib.
Bundan əlavə, diqqətə çatdırıb ki, tut ipəkqurdunun kolleksiyada olan 4 cins və 7 hibridlər üzərində tədqiqatlar aparılıb. Özbəkistandan gətirilmiş 8 cins üzərində yerinə yetirilən tədqiqatlar göstərib ki, tutipəkqurdunun yaşam qabiliyyəti, yaş baramanın ipəkliliyi, çəkisi ASAKA cinsində 2023-cü ilə nisbətən 2024-cü ildə 0.4-0.6% yüksək olub.
Yusif Şükürlü, həmçinin Şəki rayonunun yüksək dağlıq kəndlərinə ekspedisiyaların təşkil olunduğunu və xalq seleksiyasına aid tumlu, çəyirdəkli və qərzəkli meyvə nümunələrinin götürülərək calaq materialı kimi Şəki REM-in təcrübə sahəsində calaqaltıya peyvənd edildiyini və hər bir nümunənin biomorfoloji göstəricilərinin təyin olunaraq kartoteka hazırlandığını vurğulayıb.
Alim, o cümlədən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasında Baramaçılığın və İpəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında”, “2024-cü il Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” sənədlərdən irəli gələrək Mərkəz əməkdaşları tərəfindən görülmüş işləri təqdim edib.
Eyni zamanda Mərkəzin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti barədə məlumatlarını diqqətə çatdırıb.
İclasda təqdim olunan hesabatlar ətrafında Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Vasif Babazadə, “AzərGold” QSC-nin müşaviri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahbəddin Musayev, Coğrafiya İnstitutunun icraçı direktoru coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani, şöbə müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev və böyük elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Elnur Səfərov çıxış edərək əldə olunan mühüm nəticələrlə bağlı fikirlərini bildiriblər.
Daha sonra çıxış edən akademik İsa Həbibbəyli AMEA-nın Yer Elmləri Bölməsinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki Regional Elmi Mərkəzinin 2024-cü il üzrə fəaliyyətini yüksək qiymətləndirib, onların qarşısında duran vəzifələri diqqətə çatdırıb. Qeyd edib ki, bu gün dünya elminin çağırışlarından olan süni intellekt, rəqəmsal inkişaf, eləcə də ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan “yaşıl iqtisadiyyat”a dair elmi-tədqiqatların da aparılması vacibdir.
Akademik İsa Həbibbəyli bildirib ki, yanvarın 16-dan başlayaraq AMEA-nın Rəyasət Heyətinin 6 iclasında Akademiyanın, Elm və Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, SOCAR-ın və digər bir sıra qurumların tabeliyində olan elmi-tədqiqat müəssisələrində 2024-cü ildə əldə olunmuş nailiyyətlərin ictimaiyyətə təqdim edildiyini söyləyib. Qeyd edib ki, iclaslarda Azərbaycan elmi ictimaiyyəti geniş və faydalı müzakirələr aparıb, uğurları, mövcud problemləri və onların həll yollarını təqdim edib, multidissiplinar tədqiqatlar üçün geniş təkliflər səsləndirilib. Akademik İsa Həbibbəyli təqdim olunan elmi nailiyyətlərə görə qürur hissi keçirdiyini bildirib və alimlərimizin dövlətimizin, elmimizin inkişafı naminə bundan sonra da yorulmadan fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Yer Elmləri Bölməsinin, Şəki REM-in və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.
Həmçinin iclasda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin ildə 2 dəfə nəşr olunmaqla “Elmi əsərləri” jurnalının təsis edilməsi haqqında qərar qəbul edilib.
İclasda 2024-cü il üzrə AMEA-nın “İlin gənc alimi” mükafatı müsabiqəsinin nəticələri elan olunub. Akademik İsa Həbibbəyli bildirib ki, əsasnamə üzrə elmi və ictimai fəaliyyətdə fərqlənən 29 yaşadək fəlsəfə doktorluğu dissertasiya işini müdafiə etmiş gənc alimlərə “İlin gənc alimi” diplomu və pul mükafatı, 35 yaşadək fəlsəfə doktorluğu dissertasiya işini müdafiə etmiş gənc alimlərə, həmçinin elmi fəaliyyəti ilə fərqlənən, ictimai işlərdə fəallıq göstərən müdafiə etməmiş gənc mütəxəssislərə isə “İlin gənc alimi” diplomu verilir.
Müsabiqənin nəticələrinə əsasən, Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnurə Hüseynova AMEA-nın “İlin gənc alimi” mükafatının diplomu və pul mükafatına layiq görülüb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Telli Əliyeva, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Asim Cənnətov, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Şahanə Şahbazova, Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi doktorant Günay Bayramova, Fəlsəfə və Sosiologiya İnstitutunun kiçik elmi işçisi dissertant Nigar İsmayılova, AMEA-nın Naxçıvan Bölməsi Əlyazmalar Fondunun elmi işçisi Kubra Vəliyeva, Şəki Regional Elmi Mərkəzinin elmi işçisi Ayşən Salmanova, Lənkəran Regional Elmi Mərkəzinin elmi işçisi Mirməhəmməd Babayev, Gəncə Bölməsinin şöbə müdiri dissertant Simuzər Qafarlı, keçmiş Qafqazşünaslıq İnstitutunun elmi işçisi dissertant Şərqiyyə İmaməli və Mərkəzi Elmi Kitabxananın baş mütəxəssisi siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva AMEA-nın “İlin gənc alimi” nominasiyası üzrə qalib olublar.
Sonda akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyinə hazırlıqla bağlı tapşırıq və tövsiyələrini çatdırıb.