2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünki Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Həmçinin bütün sahələrdə olduğu kimi Prezident İlham Əliyev idmana xüsusi diqqət və qayğı göstərir. Bunun nəticəsində idmançılarımız onlara göstərilən etimadı doğrultmaq naminə yüksək nəticələr əldə edərək Azərbaycanın bayrağını yüksəklərə qaldıraraq, xalqımızı sevindirir. Bu xüsusi gün münasibəti ilə SİA idmançılar arasında sorğu keçirib.
Hacı Əliyev (sabiq güləşçi): “Mən 2 fevral Gənclər günü münasibəti ilə bütün idmançılarımızı təbrik edirəm. İnsanlar uğurları gənc vaxtlarında qazanmağa başlıyırlar. Gənc vaxtlarında arzuları daha da çox olur. Ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən bu gün gənclərimizə hər bir şərait yaradılıb. İstər idman sahəsində, istərsə də digər sahələrdə gənclərə xüsusilə önəm verilir. Ölkə rəhbəri tərəfindən hər zaman gənc idmançılara diqqət göstərilir. Buna görə də gənclərimiz daim düz yolda olub öz məqsədlərinə çatmalıdırlar. Uğur insanın öz əlindədir. Əziyyətsiz heç vaxt uğur əldə etmək olmur. Mən gənclərimizə sağlam, uğurlu həyat arzulayıram. Daim vətənə, millətə, bayrağa bağlı olmağı arzulayıram. Bu günün sağlam gəncləri gələcəyimizdir”.
İlham Zəkiyev (paracüdoçu): “Gənclərə qayğı millətin gələcəyinə qayğı deməkdir. Cənab Prezident İlham Əliyevin idman və idmançılarımıza göstərdiyi diqqət, qayğı göz önündədir. İdmançılarımızın bugünkü nailiyyəti hər birimizi sevindirir. Gənclərimiz də idman sahəsində olduqca xüsusi töhfə verir. Bütün bunlara Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi gənclər siyasəti buna dəlalət edir. 2020-ci ildə Vətən müharibəsində Ali Baş Komandanın siyasəti ilə gənclərimiz torpaqlarımızı azad etdilər. Bütün bunlar insanı qürurlandırır”.
Xasay Həsənli (güləşçi): “Ölkə başçısının bariz nümunəsidir ki, bizim idmançılarımıza xüsusi diqqət ayrılır. Bu da idmanımızın günü-gündən inkişafına gətirib çıxardır. Hətta Paris-2024 Yay Olimpiya Oyunlarında qazanılan iki qızıl medal buna nümunədir. Prezident İlham Əliyev həmişə Avropa və dünya çempionatlarında istərsə də, Olimpiya Oyunlarında yüksək nəticə əldə edən idmançıları xüsusi ilə qəbul edərək təbrik edir. Bu biz idmançılara əlavə motivasiya verir. Çünki bu böyük bir addımdır. Ona görə də bu gün münasibəti ilə bütün idmançılarımıza gələcək karyeralarında uğurlar arzu edirəm".
Turan Bayramov (cüdoçu): “Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət hər zaman mənim motivasiya mənbəyim olub. Sonuncu dəfə Hidayət Heydərov Olimpiya çempionu olan zamanı telefon zəngi ilə onu təbrik etməsi hər zaman mənə təsir edib. Bundan əlavə olaraq idmançıları daima qəbul edib, səmimi söhbət etməsi hər zaman bizi qürurlandırıb. Mən də gələcəkdə İlham Əliyevlə görüşmək istərəm. Hər il keçdikcə qazanılan naliyyətlər xüsusi önəm daşıyır. Düşünürəm ki, belə diqqətin qarşısında yüksək nəticələrimiz daha da çox olacaq”.
İmaməddin Xəlilov (parataekvondoçu): “Ən böyük dəstək və qayğı olaraq onu deyə bilərəm ki, Prezident İlham Əliyev öz ad günündə belə idmançılara və idman xadimlərinə müxtəlif adlar və mükafatlar təqdim etdi. Bunun özü belə idman sahəsinə göstərilən qayğının nəticəsidir. Onun sayəsində də gün keçdikcə idmanımız güclənməkdə davam edir. Mən də bütün gənclərimizə güclü və sağlam olmağı arzu edirəm”.
Banuçiçək Hüseynli