EN

AYNA-dan qanunsuz ADDIM – “Bakıxanov Rezidens”in sakinlərinə avtomobil saxlamaq üçün yer qalmayıb – FOTO

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsində yaşayan bir qrup sakin parkinq problemindən şikayətçidir.

Bizim.Media-ya daxil olan şikayətdə bildirilir ki, Ülvi Rəcəbov küçəsindəki “Bakıxanov Rezidens”in sakinləri avtomobillərini saxlamağa yer tapa bilmirlər.

Belə ki, sakini olduqları binanın idarəçiləri həyətə girişi qadağan ediblər. Binanın yeraltı qarajında yer almağa da hər sakinin imkanı yoxdur. Ona görə də sakinlər indiyədək avtomobillərini binanın qarşısından keçən Ülvi Rəcəbov küçəsində saxlayırdılar. Amma bu günlərdə həmin küçəyə də “dayanma-durma qadağandır” işarəsi quraşdırılıb.

Ona görə də avtomobil sahibləri nə edəcəklərini bilmirlər.

Məsələ ilə bağlı “Bakıxanov Rezidens”lə əlaqə saxladıq. Qurumdan Fəzli adlı şəxs Bizim.Media-ya bildirdi ki, binanın həyətinə giriş qadağandır:

“Həyət ancaq sakinlərin istirahəti üçündür. Orda avtomobil saxlamaq olmaz”.

Bəs, “bina inşa edilərkən niyə avtomobillərin dayanması üçün yer ayrılmayıb?” sualımıza isə rezidentin təmsilçisi cavab verməkdən boyun qaçırıb.

O, “başqa yerdəyəm, danışa bilmirəm”, – deyərək telefonun dəstəyini asıb.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, həmin küçəyə yol nişanı yeni quraşdırılıb:

“Ona görə də sakinlərə məsləhət görürük ki, AYNA-ya müraciət etsinlər. Onların müraciətinə əsasən AYNA yolun müəyyən hissəsində avtomobil saxlamaq üçün yer ayıra bilər”.

Yola yeni quraşdırılan yol nişanı ilə bağlı Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli Bizim.Media-ya bildirib ki, yol nişanlarının quraşdırılması AYNA-səlahiyyətinə aiddir.

“Sakinlər üçün parklanma yeri təşkil edilməlidir”

Nəqliyyat üzrə ekspert Aslan Əsədov məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında qeyd edib ki, belə vəziyyətdə binanın sakinləri müvafiq orqanlara Baş Dövlət Yol Polisi İdarəsinə və AYNA-ya yazılı şəkildə müraciət etməlidir:

“Ərizəçilərin adı çəkilən ünvanda qeydiyyatda olması mütləqdir. Onlar bildirməlidirlər ki, rəsmi şəkildə ev alıblar. Amma avtomobillərini saxlamaq üçün ətraf ərazidə yer yoxdur. Ona görə də yaxın ərazidə avtomobillərinin parklanması üçün yer təşkil edilməlidir.

Məhz bu müraciətdən sonra AYNA vətəndaşların müraciətini müsbət həll etməlidir və ən yaxın ərazidə parklanma yeri yaradılmalıdır.

Özü də tam ödənişsiz. Çünki bunu “Yol hərəkəti haqqında” qanun və müvafiq təlimatlar deyir. Mövcud qanunvericiliyimizdə belə bir tələb də var ki, vətəndaşlar yaşadıqları ərazi üzrə parklanma ilə təmin olunmalıdırlar”.

Şikayətlərlə bağlı AYNA-dan sorğumuza cavab olaraq bildirilib ki, məsələ araşdırılıb, ətraflı məlumat veriləcək.

Mövzunu diqqətdə saxlayacağıq.

Chosen
9
50
busaat.az

10Sources