EN

"Almaniya iqtisadiyyatı dərin böhran içindədir" - "BDI"

Almaniya iqtisadiyyatı dərin böhran içindədir və bu il ümumi daxili məhsulun (ÜDM) 0,1% azalacağı gözlənilir.

"BDI" sənaye birliyinin verdiyi açıqlamaya əsasən, bu, ölkədə birləşmədən bəri ilk dəfə olaraq üç il ardıcıl azalan iqtisadi artımın göstəricisi olacaq.  

Eyni zamanda, avrozonada iqtisadi artımın 1,1%, qlobal iqtisadi artımın isə 3,2% olacağı proqnozlaşdırılır. Bu isə Almaniyanın iqtisadi baxımdan avrozona ölkələri arasında geridə qalmağa davam edəcəyini göstərir.  

"Vəziyyət çox ciddidir: xüsusilə sənaye sahəsində artım struktur dəyişikliyinə uğrayıb," – deyə "BDI" prezidenti Peter Leybinqer (Peter Leyenberger) Berlində bildirib. Şərqi və Qərbi Almaniya 1990-cı illərdə vahid suveren dövlət olaraq birləşmişdi.  

Xarici rəqabətin artması, yüksək enerji xərcləri, hələ də yüksək səviyyədə olan faiz dərəcələri və qeyri-müəyyən iqtisadi perspektivlər Almaniya iqtisadiyyatına mənfi təsir göstərib. Bu səbəblərdən 2024-cü ildə Almaniya iqtisadiyyatı ardıcıl olaraq iki il kiçilib.  

Avropanın ən böyük iqtisadiyyatını dirçəltmək yolları ilə bağlı fikir ayrılıqları hakim koalisiyanın süqutuna səbəb olub. İqtisadi böhranın təsirləri "Volkswagen" kimi tanınmış avtomobil sənayesində də öz əksini tapıb, belə ki, şirkət mövcudluğunu qorumaq üçün ciddi xərcləri azaltmağa başlayıb.  

Leybinqer bildirib ki, iqtisadi böhran yalnız pandemiya və Rusiyanın Ukraynaya təcavüzünün nəticəsi deyil. Problemlər daxili xarakter daşıyır və 2018-ci ildən bəri yaranan struktur zəifliklərin hökumətlər tərəfindən həll edilməməsinin nəticəsidir.  

"Bizim iqtisadiyyatımızın müasir infrastruktura, transformasiya prosesinə və davamlılığına yönəlik ictimai sərmayələrə təcili ehtiyacı var," – deyə Leybinqer bildirib. O, həmçinin bürokratiyanın azaldılmasını, enerji qiymətlərinin aşağı salınmasını və Almaniyanın innovasiya və tədqiqat sahələrində mövqeyini gücləndirmək üçün dəqiq strategiyanın hazırlanmasını tələb edib.  

Avropa Birliyinə münasibətdə Leybinqer vurğulayıb ki, Almaniyanın yenidən özünəinamlı liderlik rolunu üzərinə götürməsi və Avropanın daha strateji müstəqillik əldə etməsi vacibdir.  

"BDI" prezidenti ABŞ Prezidenti Donald Trampın (Donald Trump) Ağ Evə qayıtması və onun tarif təhdidləri ilə bağlı da danışıb. Onun sözlərinə görə, bu təhdidlər Almaniyanın ixrac yönümlü iqtisadiyyatının 2025-ci ildə təxminən 0,5% kiçilməsinə səbəb ola bilər, halbuki indiki proqnozlara əsasən bu azalma yalnız 0,1% təşkil edir.  

"Ən vacib məsələ qarşılıqlı əməkdaşlıq münasibəti qurmaq və strateji əhəmiyyətli bacarıqların yalnız bizdə mövcud olmasını təmin etməkdir," – deyə Leybinqer əlavə edib.  

Rəhim

Chosen
18
33
valyuta.az

10Sources