EN

"Tramp Maskdan, görün, hansı məqsədlərlə istifadə edir?..”- ANALİTİK

“Bu 4 il ərzində Trampın hakimiyyəti belə davalarla müşayiət olunacaqdır. O da hələ davam gətirə bilsə, həmin 4 ili...”
 
“Artıq hakimiyyətinin ilk günlərindən başlayaraq Birləşmiş Ştatların federal hakimiyyətləri Trampın Konstitusiyaya uyğun olmayan sərəncamlarını ləğv edir. Bax, belə də davam edəcək. Bu 4 il ərzndə Trampın hakimiyyəti belə davalarla müşayiət olunacaqdır. O da hələ davan gətirə bilsə, həmin 4 ili...”
 
Bunu Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Trampın özündən sonra milyarder İlon Maskı prezident kimi yetişdirə bilməsi ehtimalına münasibət bildirərkən söyləyib.
 
“Açığı, mən düşünmürəm ki, Tramp özündən sonra İlon Maskı prezident etmək üçün hansısa planlar qurur. Bu, qeyri-mümkündür. Ona görə ki, ABŞ Konstitusiyasına görə bu dövlətin prezidenti yalnız bu ölkədə doğulmuş şəxs ola bilər. Mask isə Cənubi Afrika Respublikasında doğulub, Şimali Amerikaya isə, səhv etmirəmsə, 17-18 yaşında gəlib. O əvvəlcə Kanadada yaşayıb, sonradan ABŞ-yə gəlib. Yəni bu, qeyri-mümkün bir şeydir. Konstitusiyanı da dəyişdirmək mümkün deyil. Çünki ABŞ Konstitusiyasını dəyişmək və ya ona əlavə etmək üçün bütün ştatlar öz senatı səviyyəsində onu təsdiqləməlidir. Bu da mümkünsüzdür”, - bunu deyən analitik Trampın başına İlon Mask tipli milyarderləri yığmasının səbəbini belə izah edir: 
 
“Mən sadəcə düşünürəm ki, Tramp ətrafına “bigtex” deyilən həmin İlon Maskın, eləcə də Sukerberqin, Bezosun və s. aid olduğu böyük şirkət sahibləri, milyardərlər toplusunu yığmaqla onlarla Amerikanın ənənəvi transmilli deyilən şirkətləri, başqa sözlə köhnə kapital arasında bir balans yaratmağa çalışır. Çünki  ABŞ isteblişmentinə çox ciddi təsiri olan maliyyə və bank sektoru birmənalı şəkildə Trampın əleyhinədir. İndi Tramp öz aləmində həmin “biqtex”ə daxil olan İlon Mask kimi adamlardan bir qrup yaradır ki, o köhnə, ənənəvi iqtisadi qruplara bir növ təzyiq etsin. Bu, effekt verəcəkmi? Düşünmürəm. Məsələ ondadır ki, həmin  böyük texnoloji şirkətlər pullarını havadan qazanırlar, dövlət dotasiyalarından qazanırlar. Axı onlar çox az real məhsul istehsal edirlər. “Real məhsul” dedikdə nəyi nəzərdə tuturam. Yəni tutalım ki, insan internetsiz, “feysbuk”suz, “amazon”suz yaşaya bilər, amma ərzaqsız, digər gündəlik tələbatı olan məhsullar olmadan yaşaya bilməz.  Ona görə də həmin real iqtisadiyyat, istehsal iqtisadiyyatı, istehsal sənayesi öz mövqelərini qoruyub saxlayacaqdır.  Tramp sadəcə olaraq onlardan qorunmaq üçün İlon Mask başda olmaqla “biqtex” milyarderlərini başına yığıb”.
 
Ərəstun Oruclu hesab edir ki, yeni ABŞ prezidenti İlon Maskdan həm də irqçiliyi yalnız Amerikada deyil, dünyada da yaymaq üçün istifadə edir.
 
“Tramp həm də Maskdan görün hansı məqsədlərlə istifadə edir? Avropada ifrat sağçıları hakimiyyətə gətirmək üçün... Məsələn, bunun üçün onlar Almaniyada Almaniya Naminə Alternativ Partiyası, Böyük Britaniyada vaxtilə Breksit təşəbbüsünü irəli sürmüş və bu dövləti Avropa Birliyindən uzaqlaşdırmış “Nacional Far-right”  partiyasına dəstək verirlər. Bunlar hamısı irqçilərdir. Bu da göstərir ki, Amerikada bu gün hakmiyyətə gələn zümrə faktiki olaraq irqçilərdir. Amma mən düşünmürəm ki, belə bir hakimiyyətin nəinki öz daxilində kiməsə transfer etməsi mümkündür, hələ bu 4 ili rahat qala bilsələr - böyük işdir. Həqiqətən... Təbii Amerika dövləti o gücdədir ki, onları həzm edəcək, lakin imkan verməyəcək ki, onlar dövlət sistemində nəyisə dəyişsinlər. Artıq hakimiyyətinin ilk günlərindən başlayaraq Birləşmiş Ştatların federal hakimiyyətləri Trampın Konstitusiyaya uyğun olmayan sərəncamlarını ləğv edir. Bax, belə də davam edəcək. Bu 4 il ərzində Trampın hakimiyyəti belə davalarla müşayiət olunacaqdır. O da hələ davam gətirə bilsə, həmin 4 ili...”- deyə ekspert diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Chosen
20
50
moderator.az

10Sources