Qazaxıstan Baş Prokurorluğu Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsi barədə yeni açıqlama verib.
Modern.az-ın məlumatına görə, bu barədə Qazaxıstan baş prokurorunun müavini Qalımjan Koygeldiyev məlumat verib.
O qeyd edib ki, AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını davam etdirir, istintaqa ən təcrübəli əməkdaşlar cəlb olunub.
"İstintaq davam edir, ən təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb, ekspertizalar təyin edilib. Bildiyiniz kimi, iş asan deyil. Nəticələri gözləyirik", - Q.Koygeldiyev deyib.
Xatırladaq ki, Azərbaycana məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.