Amerika Birləşmiş Ştatlarının (ABŞ) 47-ci prezidenti seçilən Donald Trampın hələ hakimiyyətə gəlməzdən öncə ciddi iddialar irəli sürməsi, daha sonra inaqurasiya mərasimindəcə bir sıra sənədlərə imza atması dünya miqyasında geniş müzakirələrə səbəb olub. Analitiklər hesab edirlər ki, onun verdiyi bəyanatlar təkcə beynəlxalq siyasətə deyil, eyni zamanda qlobal iqtisadi proseslərə də ciddi təsir göstərə bilər. Seçkidən sonra ABŞ dollarının digər valyutalara nisbətən 2% güclənməsi qlobal ticarət və maliyyə bazarlarına təsir göstərə biləcək əsas amillərdəndir. Manatın ABŞ valyutasına bağlılığını nəzərə alsaq, dünya neft qiymətlərindəki dəyişikliklər, dolların dəyərə minməsi və s. kimi məsələlər Azərbaycanın milli valyutasının məzənnəsi ilə bağlı mövzuya nəzər salmağı labüd edir. Azərbaycanlı iqtisadçılar hesab edirlər ki, dünyada neftin qiymətində kəskin enmələr qeydə alınarsa, bu, ciddi risklər və narahatlıqlara gətirib çıxara bilər.
Titul.az xəbər verir ki, iqtisadçı Pərviz Heydərov mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, manatın məzənnəsi, yəni onun digər valyutalara nəzərən dəyəri üzən məzənnə rejimi əsasında müəyyənləşmir - formalaşmır.
Onun sözlərinə görə, bu da ondan irəli gəlir ki, ölkəyə valyuta gəlirləri şaxəli xarakter daşımır və yalnız, bir kanal vasitəsilə təmin edilir: “Odur ki, xarici valyuta təklifi ancaq və ancaq bir mənbədən asılıdır. Bu da Dövlət Neft Fondudur, yəni ARDNF. Adı çəkilən quruma da xarici valyuta neft satışından daxil olduğu üçün əsas xarici valyuta qismində vəsait ABŞ dolları ilə əldə olunur. Odur ki, manat əslində, ABŞ valyutasından başqa heç bir xarici valyutaya bağlı deyil desək, daha düzgündür. Digər valyutalara münasibətdə dəyər də məhz dollara əsasən müəyyənləşir. Bir sözlə, demək istədiyim odur ki, ölkəmizdə milli pul vahidimizin dəyəri inzibati qaydada tənzimlənir”.
Manatın dəyərə minməsini saxlamaq və bunun qarşısını almaq asandır...
İqtisadçı hesab edir ki, əgər Tramp neft qiymətlərinin kəskin aşağı salınmasına nail olacaqsa, bu, Azərbaycan manatı üçün ciddi baş ağrısına çevrilə bilər: “Hazırki vaxtda neftin 45 dollarlıq intervalında tədiyə balansı sıfırlanır. Ötən ilin sonuna 5,5 milyard dollar profisit olub. 2024-cü ildə isə bu göstərici 16 milyard dollara bərabər olub. Yəni, göstəricilər 3 dəfə aşağı düşsə də, yenə də profisitlidir. Belə ki, ölkəyə daxil olan pul, çıxan pulu üstələyir. Bu baxımdan neft qiymətləri 45 dollara düşsə, bu sıfırlanacaq və ciddi risklər, narahatlıqlar yarana bilər”.
“İndiki məqamda neft qiymətlərinin kəskin düşməməsi fonunda manatla bağlı heç bir təhlükə yoxdur. Azərbaycan büdcədə də neftin qiymətini 70 dollar kimi proqnozlaşdırıb. Xərclərini də ona uyğunlaşdırır.
İllik neft qiymətlərinin 10 dollar həcmində enməsi, 70 dollardan 60 dollara enməsinin tədiyə balansına təsiri 2,1 milyard manatdır. Bunun 400 milyon manatı büdcəyə, 1,7 milyard manatı isə Dövlət Neft Fonduna təsir edir. Yəni, heç neft qiymətlərinin 60 dollara qədər enməsi belə, hər hansısa bir təlaşa düşməyə əsas vermir”, - deyə X. Kərimli mövzu ilə bağlı fikrini yekunlaşdırıb.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!