EN

Süni intellekt dalğası "ASML"i yüksəltdi – Səhmlər rekord həddə çatdı

Dünyanın aparıcı çip avadanlıqları istehsalçısı "ASML" bu gün IV rübdə 7,09 milyard avro (7,39 milyard dollar) dəyərində sifariş qəbul etdiyini açıqlayıb. 

Valyuta.Az "Reuters"a istinadla xəbər verir ki, bu göstərici gözləntiləri xeyli üstələyib və süni intellekt (AI) sahəsindəki inkişaf şirkətin ən müasir avadanlıqlarına tələbatı artırıb.  

Sifarişlərin kəskin artması "ASML" və digər çip şirkətlərinə investisiya qoyanları sakitləşdirə bilər. Belə ki, bu həftə "DeepSeek"in yeni modelinin təqdimatı bazarda satış təzyiqlərinə səbəb olub. Sözügedən model rəqiblərinin məhsullarına nisbətən daha az hesablama gücü tələb edir.

Bu xəbərin fonunda "ASML"in səhmləri erkən ticarət sessiyasında 11% bahalaşaraq 722 avroya yüksəlib.  

"Visible Alpha" tərəfindən aparılan sorğuya əsasən, analitiklər dördüncü rübdə sifarişlərin 3,99 milyard avro olacağını proqnozlaşdırırdılar. Bu göstərici 2024-cü ilin III rübündə qeydə alınan 2,63 milyard avrodan daha yüksəkdir.  

"Süni intellektin inkişafı bizim sənayemiz üçün əsas hərəkətverici qüvvədir", – deyə "ASML"in baş icraçı direktoru Kristof Fuket (Christophe Fouquet) bildirib.  

"DeepSeek"in yeni modelinin təqdimatı "Google", "Microsoft", "Meta" və "Amazon" kimi texnologiya nəhənglərinin süni intellekt çiplərinə milyardlarla dollarlıq sərmayə yatırmaq planlarını davam etdirib-etdirməyəcəyi ilə bağlı suallar doğurub. "ASML"in ən böyük müştərisi olan "TSMC", "Nvidia" və digər proqram təminatı şirkətləri üçün çiplər istehsal edir.  

"ASML" IV rübdə 9,3 milyard avro gəlir və 2,7 milyard avro xalis mənfəət əldə etdiyini açıqlayıb.

"Bu nəticələr sifarişlərdən tutmuş xalis mənfəətə qədər gözləntiləri üstələyib", – deyə "Degroof Petercam" analitiki Maykl Roq (Michael Roeg) bildirib. Bununla belə, o qeyd edib ki, "ASML" bazarda baş verən dəyişikliklərin əsl təsirini qiymətləndirmək üçün hələlik "həddindən artıq uzaqda"dır.  

"Bunu böyük data mərkəzi operatorları və 'Nvidia' öz konfranslarında izah etməlidir", – deyə o əlavə edib.  

"ASML" 2025-ci il üçün satış proqnozunu 30-35 milyard avro səviyyəsində saxlayıb. Bu, 2024-cü ildə qeydə alınan 28,3 milyard avrodan 7-25% artım deməkdir. "TSMC" və yaddaş çipləri istehsalçısı "SK Hynix" süni intellekt sahəsindəki yüksəlişdən yararlanmaq üçün kapital xərclərini artırsa da, "Intel" və "Samsung" çətinliklərlə üzləşib.  

IV rübdə "ASML"in ən böyük bazarı 28% payla ABŞ olub. Bu, Çini bir qədər qabaqlayır. Bu tendensiya "TSMC"nin Arizonadakı genişlənməsi və "Intel"in "ASML"in yeni "High NA" EUV avadanlıqlarından ilk ikisini alması ilə izah edilir. Hər biri təxminən 400 milyon dollar dəyərində olan bu avadanlıqlar çip istehsalında mühüm rol oynayır.  

Şirkət 2024-cü ildə Çində iri miqyaslı genişlənmədən sonra bu ölkəyə satışlarının ümumi gəlirin 20%-nə qədər azalacağını proqnozlaşdırır. Buna baxmayaraq, ABŞ və Hollandiya hökumətləri milli təhlükəsizlik səbəbi ilə çip avadanlıqlarının ixracına məhdudiyyətlər tətbiq edib.  

Rəhim

Chosen
11
42
valyuta.az

10Sources