44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Mehman Qənbərov və polkovnik-leytenant Həmdəm Ağayevin övladları Nurlan və Aysu ilk dəfə olaraq 16 saylı Seçki Dairəsinin 8 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak ediblər.
Yenicag.az xəbər verir ki, seçki prosesində iştirak edən yalnız övladlar deyil, eyni zamanda, şəhidlərin həyat yoldaşları Xuraman xanım və Ramilə xanım da səs verməklə, öz ərlərinin Vətən uğrunda göstərdikləri fədakarlığa olan hörmət və bağlılıqlarını bir daha nümayiş etdiriblər.
Qeyd edək ki, 16 saylı Seçki Dairəsinin 8 saylı seçki məntəqəsinin sədri Əsmər Eyvazova şəhid övladları Aysu və Nurlanın ilk dəfə səsvermədə iştirak etməsinə görə uşaqları təbrik edib və onlara gələcək həyat yollarında uğurlar arzulayıb.
Bəllidir ki, bu, şəhid valideynlərinin əmanətinə, onların mübarizəsinə olan hörmət və bağlılığın təcəssümüdür. İndi bu övladlar – Nurlan və Aysu sadəcə şəhidlərin övladları olmaqla qalmaz, həm də bu döyüşün, mübarizənin davamçılarıdırlar. Onlar gələcək nəsillərə yalnız qəhrəmanlıq deyil, eyni zamanda, vətəndaşlıq borcunun nə qədər müqəddəs olduğunu da öyrədirlər.
Şəhidlərimizin övladları və həyat yoldaşları bu gündə öz səsləri ilə Vətənə olan bağlılıqlarını və sevgi dolu mesajlarını verirlər. Çünki bu, sadəcə seçki prosesi deyil, eləcə də Vətənə, xalqımıza, şəhidlərimizin mübarizəsinə olan ən böyük hörmətin ifadəsidir.
Məsimə Məmmədova
Samir Məcidov