"Nvidia"nın səhmləri Avropada bahalaşıb. Bu, süni intellekt bazarının əsas oyunçularından biri olan şirkətin, Çinin "DeepSeek AI" alətinin yüksəlişi ilə həftənin əvvəlində baş verən kəskin ucuzlaşmadan sonra bərpa olunmağa davam edə biləcəyinə işarə edir.
Valyuta.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Avropa texnologiya səhmləri də yüksəlib. Buna Niderlandın çip istehsalı avadanlıqları, o cümlədən süni intellekt tətbiqlərində istifadə edilən çiplər üçün alətlər hazırlayan "ASML" şirkətinin səhmlərinin 11% bahalaşması təsir edib. Şirkət yeni sifarişlərin gözlənilmədən kəskin artdığını açıqlayıb.
Frankfurtda listinqə alınmış "Nvidia" səhmləri 2% bahalaşıb. Şirkət çərşənbə axşamı "Wall Street"də ticarəti 8,9%-lik artımla başa vurmuşdu.
"DeepSeek"in süni intellekt alətlərinin təsiri
"DeepSeek"in süni intellekt alətlərinin təkcə "OpenAI"nin "ChatGPT"si kimi mövcud platformalara deyil, həm də inkişaf xərclərinin sürətlə azalması ehtimalına meydan oxuması bazarlarda narahatlıq yaradıb. Bazar ertəsi süni intellekt sektoru ilə əlaqəli səhmlər kəskin ucuzlaşıb və nəticədə "Nvidia" və digər texnologiya şirkətləri milyardlarla dollar bazar dəyərini itirib.
Süni intellekt üçün geniş istifadə edilən çiplər istehsal edən "Nvidia"nın səhmləri bazar ertəsi 17% ucuzlaşıb. Bu, şirkətin bazar dəyərinin təxminən 600 milyard dollar azalması ilə nəticələnib və tarixdə bir şirkət üçün qeydə alınan ən böyük birgünlük bazar dəyəri itkisi olub.
Bu gün səhər saatlarında Avropada "Nasdaq" fyuçersləri 0,4% artıb ki, bu da əsas indeksin dünən qeydə alınan 2%-lik yüksəlişini davam etdirə biləcəyini göstərir. Avropa texnologiya səhmlərinin indeksi dünən 3,5% ucuzlaşdıqdan sonra 4,5% bahalaşıb və son bir ildə ən böyük gündəlik artımına doğru irəliləyib.
Bu artımın əsas hərəkətverici qüvvəsi "ASML" olub, lakin çip istehsalçıları olan "BE Semiconductor" və "ASM International" şirkətlərinin səhmləri də 6-7% yüksəlib.
"Nvidia" bütöv bir qalaktikadır
"Nvidia tək bir şirkət deyil. Günün sonunda "Nvidia" 10 trilyon dollardan çox bazar dəyərinə sahib şirkətlərlə əlaqəlidir. Bu şirkətlər nüvə texnologiyasından tutmuş sənaye avadanlıqlarına qədər müxtəlif sahələrdə fəaliyyət göstərir və "Nvidia"nın təchizatçılarıdır. Ona görə də bu, tək bir şirkət deyil, bütöv bir 'qalaktikadır'," – "Edmond de Rothschild Asset Management" şirkətinin səhmlər üzrə birgə rəhbəri Jak-Orelien Marsiro bildirib.
Keçən həftə "DeepSeek" pulsuz süni intellekt köməkçisini istifadəyə verib. Bu alət ABŞ-də "Apple"ın "App Store" reytinqində sürətlə "OpenAI"nin "ChatGPT"sini geridə qoyub. Şirkətin süni intellekt texnologiyasının həm xərcləri, həm də performansı texnologiya sənayesində Çinin ABŞ-dən illərlə geri qaldığına dair inancı sarsıdıb.
Bu gün bazarlarda nisbətən sakitlik yaranıb. İnvestorlar "Nvidia", "Apple" və "Microsoft" kimi "Möhtəşəm Yeddilik" adlandırılan ABŞ-nin iri texnologiya şirkətlərinin gözlənilən maliyyə hesabatlarına diqqət yetiriblər.
"Hələ də bəzi suallar cavabsızdır, lakin bazar "DeepSeek"in ekosistemə gətirə biləcəyi yeniliyin süni intellektə yönələn kapital xərclərinə təsir etməyəcəyini və hətta qrafik prosessorlar üçün yeni tələbin yaranmasına səbəb ola biləcəyini düşünür," – "Pepperstone" strateqi Kris Ueston bildirib.
Bununla yanaşı, "Microsoft" və "OpenAI"nin texnologiyasının məlumatlarının "DeepSeek"lə əlaqəli bir qrup tərəfindən qanunsuz istifadə edilib-edilmədiyini araşdırdığı barədə "Bloomberg News" məlumat yayıb.
Rəhim