EN

Bahar Muradova: Seçicilərin tam sərbəst qaydada səsvermədə iştirak etməsi faktdır

Azərbaycanda növbəti dəfə keçirilən bələdiyyə seçkiləri normal şəraitdə baş tutur. Azərbaycanda keçirilən seçkilər artıq təkmilləşib və vətəndaşlar sərbəst şəkildə seçki hüququndan istifadə edərək istədikləri namizədə səs verirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 3 saylı seçki məntəqəsində səsvermədə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, bələdiyyə seçkilərinin beynəlxalq standartlara uyğun formada keçirilməsi onu deməyə əsas verir ki, səsvermə prosesinə hazırlıq işləri yüksək səviyyədə təşkil olunub.

“Namizədlərin təbliğat və təşviqat kampaniyası üçün bütün imkanlar yaradılıb. Onlar ödənişli və ödənişsiz efir vaxtından istifadə edərək öz proqramlarını seçicilərin diqqətinə çatdırıblar. Seçkilərin təşkili, qanuna müvafiqliyi, vətəndaşların azad və sərbəst şəkildə iradələrini ifadə etməsi artıq müzakirə mövzusu deyil. Seçicilərin tam sərbəst qaydada səsvermədə iştirak etməsi faktdır. Təcrübə göstərir ki, həm seçicilər, həm namizədlər həm də seçki prosesini hazırlayanlar heç bir maneə və problemlə qarşılaşmayıblar. Bu prosesləri diqqətlə izlədiyim üçün seçkilərə hazırlıq prosesində ciddi bir nöqsan müşahidə etməmişəm. Hesab edirəm ki, seçki prosesi normal və qanunlara uyğun davam edir”, - deyə Bahar Muradova vurğulayıb.

Komitə sədri nəzərə çatdırıb ki, Azərbaycan öz inkişafında yeni mərhələyə qədəm qoyub: “Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Qarabağı azad etdi. Sevindirici haldır ki, bələdiyyə seçkiləri də ölkəmizin bütün ərazisində keçirilir ki, bu da Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu göstərir”.

Chosen
17
2
yeniazerbaycan.com

10Sources