EN

Bələdiyyə seçkilərinə hər 10 nəfərdən yalnız 3-ü qatılıb - RƏSMİ RƏQƏMLƏR

Bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçici fəallığı açıqlanıb. 
FED.az xəbər verir ki, rəsmi məlumatlara görə, budəfəki seçkilərdə seçicilərin fəallığı aşağı olub. 

Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 19:00-a (səsvermənin bitdiyi vaxta) olan məlumata görə, seçkilərdə 1 milyon 874 min 810 nəfər iştirak edib. 

Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir. Başqa sözlə, bu gün keçirilən seçkilərdə səsvermə hüququ olanların 31,45 faizi iştirak edib. Xatırladaq ki, seçkilərdə səsvermə 29-da səhər saat 8:00-da başlayıb. 

Səsvermə 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində keçirilir. Azərbaycanda mövcud olan 125 dairədən 7-si işğaldan azad edilmiş ərazilərdə yerləşdiyi üçün bu proseslərdə iştirak etmir. Ümumilikdə həmin dairələrdən başqa digər 4 dairədə də məcburi köçkün vətəndaşlarımız var. Ümumilikdə 400 minə yaxın məcburi köçkün seçici bələdiyyə seçkilərində səsvermədə iştirak etmir.

Qeyd edək ki, budəfəki seçkilər ərəfəsində hökumət bələdiyyə institutunun ciddiləşməsi ilə bağlı tədbirlər görüb. Belə ki, bələdiyyə sahəsində islahatlar aparılaraq onların sayı 3 dəfə azaldılıb və nəticədə alınan bələdiyyələr daha da böyüyüb. Nəticədə ölkədə bələdiyyələrin sayı 2 mindən 685-ə düşüb. 

Seçkilərdə bələdiyyələrə 8 min 71 üzv seçiləcək, kampaniyaya qatılan namizədlərin sayı isə 16 min 92 olub. Başqa sözlə, hər iki namizəddən 1-nin seçkidə qalib gəlmək şansı olub. 

Chosen
15
14
fed.az

10Sources