EN

Mərkəzi Asiya ölkələri ilə enerji əməkdaşlığı

Daşkənd şəhərində Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasının su və energetika nazirlərinin növbəti görüşü keçirilib. Tədbirdə ölkəmizi energetika nazirinin müavini Orxan Zeynalov təmsil edib. Bu barədə XQ-yə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə çıxış edən O.Zeynalov Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini, dövlət başçılarının siyasi iradələrinin və qarşılıqlı səfərlərin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsinə geniş imkanlar açdığını diqqətə çatdırıb. Nazir müavini Azərbaycanın energetika sahəsində, xüsusilə bərpaolunan enerji sahəsində gördüyü işlər, əldə etdiyi uğurlar, “yaşıl” enerji dəhlizləri, COP29-un enerji təşəbbüsləri barədə məlumat verib.

Energetika nazirinin müavini Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazir müavinləri səviyyəsində keçirilmiş müzakirələrə də qatılıb. Tədbirdə “Azərbaycan – Mərkəzi Asiya – Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar müzakirə olunub. 

Görüşdə onlayn formatda iştirak edən Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Fuad Mosa Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi layihəsinə ölkəsinin marağını bir daha vurğulayıb. Bu istiqamətdə COP29 çərçivəsində 4 ölkə arasında imzalanmış İcra Proqramından irəli gələn məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev, eləcə də Çin Xalq Respublikasının “Datang” şirkəti və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Chosen
8
50
xalqqazeti.az

10Sources