EN

BEYLƏQANDA BÖYÜK QURUCULUQ İŞLƏRİ GÖRÜLÜR

Bu gün Azərbaycanın hansı bölgəsinə, hansı rayonuna, hansı qəsəbəsinə, hansı kəndinə yolun düşsə orda çox böyük möhtəşəm tikinti-quruculuq və abadlıq işləri ilə üzləşərsən. Görərsən ki, Sovet dövründə olmayan tikinti işləri bu gün hər bir rayonumuzda həyata keçirilir. Bütün bunlar hamısı sevindiricidir. Ən azından  ona görə ki, həmin bölgələrdə  yaşayan insanlar bu abadlıq, quruculuq işlərindən  sonra özlərini daha rahat və daha xoşbəxt hiss edirlər. 

O da sevindirici haldır ki, ən ucqar dağ kəndlərinə belə  asfalt yollar  çəkilib, su, qaz xətti  istifadəyə verilib, bir sözlə, bütün infrastruktur  yüksək  səviyyədə  insanların  xidmətinə  verilib. Bunlar o deməkdir ki, ölkəmizdə dövlət səviyyəsində hər bir insanın, hər bir vətəndaşın və hər bir digər adamların qayğısına qalınır.

Əlbəttə, ölkə iqtisadi cəhətdən güclü olmasa və böyük vəsaitlər  əldə edilməsə, bu möhtəşəm quruculuq işlərini həyata keçirmək çox çətin  olar. Üstəlik onu da qeyd edək ki, Azərbaycanın 20 faiz ərazisi ermənilər  tərəfindən işğal edilib və bu torpaqlar 30 il onların  nəzarətində olub. Həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən inkişaf etməklə ölkəmiz bütün bu problemləri öz gücü hesabına həyata keçirib. Dünyanın heç bir  ölkəsi müharibədən çıxandan sonra qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə, eləcə də digər regionlarımızda belə bir sürətli tikinti-quruculuq işlərini  həyata keçirə bilməyib. Amma bunu ölkəmiz bacarıb. Ona görə bacarıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyev düzgün siyasi xətt tutub, ölkəni həm siyasi cəhətdən, həm də iqtisadi baxımdan yüksək inkişaf mərhələsinə  çatdırıb. 

Azərbaycanın  tarixində prezident  İlham Əliyev 200 ildən sonra torpaqlarımızı erməni işğalından  tamamilə azad etməklə qızıl bir tarix yazıb. Bunu Azərbaycan xalqı çox yaxşı bilir və ona görə də ölkənin ən çətin anlarında bir yumruq kimi prezidentin ətrafında birləşiblər.

Bu gün sevindirici haldır ki, ölkəmizdə abadlıq və quruculuq işləri sürətlə davam edir. Belə abadlıq işləri Beyləqanda da diqqəti cəlb edir. Qədim və zəngin  mədəniyyətə malik olan Beyləqanın tarixində son 30 ildə  şanlı dövr yazılıb. Belə ki, Beyləqanın avtomobil yolları, şəhər və qəsəbə daxili yolları  30 il bundan əvvəl çox bərbad vəziyyətdə idi. Bir çox  qəsəbə və kəndlərdə məktəblər, uşaq bağçaları  və sosial obyektlər günün tələblərinə cavab vermirdi. Amma Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin köməkliyi, dəstəyi ilə Beyləqanda böyük  abadlıq və quruculuq işlərinə start verildi, yollar, küçələr, xiyabanlar əsaslı surətdə yenidən inşa edilərək əhalinin istifadəsinə verildi. Əlbəttə, bütün bunları  gerçəkləşdirmək, həyata keçirmək elə də asan məsələ deyildi. Bayaq dediyimiz kimi, bünün üçün külli miqdarda vəsait lazım idi və dövlət dəstəyi olmalı idi. Bu vəsait də tapıldı, dövlət dəstəyi də oldu. 

İndi Beyləqana kimin yolu düşsə orda həyata keçirilmiş çox möhtəşəm abadlıq və quruculuq işlərinin şahidi olar. Bir-birindən gözəl yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları və sosial obyektlər inşa edilib. Tək Beyləqan şəhərində deyil, onun qəsəbələrində, kəndlərində də demək olar ki, ürək açan, könül sevindirən tikililər inşa edilib. Heç şübhəsiz, tək Beyləqan camaatı deyil, ora qonaq gələn insanlar da bu dəyişikliyi və inkişafı görüb  çox sevinirlər. Rayonda dövlət xəstəxanaları ilə yanaşı özəl klinikalar, şadlıq sarayları, istirahət mərkəzləri, parklar, xiyabanlar sözün həqiqi mənasında adama bir qəlb rahatlığı gətirir. Bütün bunları görmək və hiss  etmək insanın ürəyini dağa döndərir. 

Onu da qeyd edək ki, Beyləqandakı Heydər parkı öz möhtəşəmliyi ilə diqqəti istər-istəməz özünə cəlb edir. Bu parkda hər cür ağaclar, bəzək kolları, çiçəklər, istirahət yerləri  var. Xüsusən də  yaşlı nəslin nümayəndələri isti yay günlərində şəhərin mərkəzindəki Heydər parkını  və digər xiyabanları ziyarət etməkdən zövq alırlar. Onlar deyirlər ki, 30 il bundan qabaq Beyləqana kim gəlsəydi çox böyük çətinliklərlə üzləşərdilər. Düzdür, yeməyə çörəyimiz, suyumuz vardı, amma belə rahat yolumuz, küçəmiz və istirahət yerlərimiz yox idi. 

85 yaşlı Məmməd Cəfərov deyir ki, mənim kimi yaşlı  insanlara bu gün istirahət lazımdır. Təqaüd də alıram, uşaqlarım, nəvələrim də işləyir, dolanışığımız lap yaxşıdır. Sadəcə olaraq, bizdə bəzi insanlarda bir tənbəllik var, elə gözləyirlər ki, kimsə onlara yardım etsin. Mən bu yaşımda da həyət-bacamda tərəvəz əkirəm, mer-meyvə becərirəm. Yediyimi yeyirəm, yemədiyimi qohum-qonşuya verirəm, bir az da artıq qalanda aparıb bazarda satıram. Ümumiyyətlə, bu gün ölkəmizdə insanların işləməsi və yaşayışı  üçün hər cür şərait yaradılıb. Xırda ticarətdən tutmuş böyük ticarətə qədər nə istəsən onunla məşğul olmaq olur. Dövlət bizə hər cür şəraiti  yaradır, bircə qalır bizim qolumuzu  çırmayıb bir işin qulpundan yapışmağımıza. Bunu da rayonumuzda hamı bacarır. 

Əli Əliyev isə uzun müddət kənd təsərrüfatı sahəsində çalışıb, pambıq, taxıl əkib. Və deyir ki, ötən il də  taxıl əkmişdi, yaxşı da məhsul götürüb. Əli kişi onu da deyir ki, bir balaca fərasətin olsa, əziyyət çəksən heç kimə möhtac olmazsan. Bax, mənim özüm yaşlı adamam, amma nə qıza möhtacam, nə də oğula. Öz halal zəhmətimlə dolanıram. Yeri düşəndə mal-qara da saxlayıram, taxıl da əkirəm və balaca bir ticarət köşküm var, orda da həyat yoldaşım çalışır. Şükür Allaha ki, dolanışığımız pis deyil, buna görə mən öncə prezident İlham Əliyevə minnətdaram. Dəfələrlə cənab  prezident bizim rayona səfər edib. Həmin səfərdə  mən də iştirak etmişəm, Allaha and olsun, mən İlham Əliyev kimi sadə və səmimi prezident görməmişəm. Bizim hər birimizi bağrına basıb öpdü və dedi ki, mən həmişə sizin yanınızdayam. Bax, bu isti münasibət bizə mənəvi güc verir və rayonumuzun sosial-iqtisadi inkişafında var qüvvəmizi səfərbər etməyə ruhlandırır. 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Chosen
3
50
adalet.az

10Sources