EN

Sülh üçün mövqelər yaxınlaşır?

Ermənistan Azərbaycanın şərtləri ilə razıdır - “3 prinsip” “5 baza şərti”nin tərkib hissəsidir

Vətən müharibəsindən sonra Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi ən əsas prioritetlərdən sayılır. Bunun üçün isə Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməli, Azərbaycanın sülhə və əmin-amanlığa hədəflənən şərtlərinə razı olmalıdır. Artıq iki ilə yaxındır ki, ölkələr arasında münasibətlərin normallaşması istiqamətində davam edən danışıqlar prosesi məhz Ermənistanın qeyri-adekvat mövqeyi səbəbindən uğurlu nəticə ilə yekunlaşmayıb.

Sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi bəlli və şəffafdır. Ermənistan ilə Azərbaycan arasında baş tutan son görüşlərdə əldə edilmiş müsbət impulsun davam etdirilməsi üçün hər bir şərait və zəmin mövcuddur. Ən əsası isə bütün addımlarında və təkliflərində beynəlxalq hüquqa əsaslanan Azərbaycanın yaratdığı ədalət mənzərəsi ortadadır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda - Azərbaycanın Qarabağdakı terrorçuları zərərsizləşdirməsinin ardından isə bu, daha real görünür. Qeyd edək ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi siyasi razılaşmalar üçün mühüm baza sayıla bilər. Azərbaycan isə hər zaman sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik. Sadəcə olaraq, İrəvanın məsələdəki səmimiyyəti vacib faktorlardandır. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti regionda təhlükəsizlik arxitekturasının qurulmasına mane olur. Bir yandan sülh prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli mövqe nümayiş etdirir, sülh prosesini manipulyasiya etməyə çalışır. Bu kimi qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir.

Paşinyanın “3 prinsip”i...

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakı arasında sülhün bərqərar olmasının mümkünlüyünə və bunun hansı prinsiplər çərçivəsində baş verməli olduğuna toxunub. Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə bu məsələdən danışıb. “Üç əsas prinsip var: Birincisi, nəqliyyat kommunikasiyalarının açılması ölkələr arasında suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanmalıdır. İkincisi, Azərbaycan Ermənistanın ərazisinin 29,8 min kvadratkilometr, Ermənistan isə Azərbaycanın ərazisinin isə 86,6 min kvadratkilometr olduğunu tanımalıdırlar. Üçüncü, Ermənistan və Azərbaycan arasında delimitasiya prosesi 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılmalıdır”, - deyən Paşinyan vurğulayıb ki, göstərilən üç prinsip Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında mayın 14-də və iyulun 15-də keçirilmiş görüşün nəticələri ilə təsdiqlənib. O, bildirib ki, Azərbaycan bu prinsiplərdən əl çəkməsə, yaxın gələcəkdə İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması kifayət qədər real ola bilər.

Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi...

Göründüyü kimi, dünənə qədər Fransadan silah alaraq regionda yeni təhdid mühiti formalaşdırdığını “nümayiş etdirən” Ermənistan artıq sülh müqaviləsinin “yekunlaşdırılmasının zərurətindən” bəhs açır. Maraqlıdır ki, Azərbaycanın hələ 2022-ci ilin martında irəli sürdüyü məsələlər bu və ya digər şəkildə bu gün Ermənistanın siyasi rəhbərliyi tərəfindən təsdiqlənir. Belə ki, Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinin birincisi dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır. Bu məsələ həm BMT-nin təməl prinsiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır. Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımalıdır. Bu, amil Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqmətində ən mühüm addım sayıla bilər. Digər bir prinsip isə, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. 200 ilə yaxındır ki, Azərbaycana qarşı əsassız torpaq iddaları irəli sürən, işğal siyasəti aparan Ermənistan artıq bu iddialarından geri durmalıdır. Onlar anlamalıdırlar ki, bu cür xəstə təfəkkürə söykənən əsassız iddialar iki xalqın arasında münasibətlərin kəskinləşməsi ilə yanaşı, normal qonşuluq münasibətlərinin yaranmasına da mane olur.

Üçüncü baza prinsipi isə dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın başlanıllması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prisipləri arasında yer alır. Bu müddəalara nəzər saldıqda məlum olur ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Bu, qarşıdakı dövrdə ölkələr arasında normal münasibətlərin qurulmasına da stimul verən amilə çevrilər.

Ermənistan sülhə razılaşmalıdır, əks halda...

Beləliklə, Ermənistan Azərbaycanın irəli sürdüyü 5 baza şərtini təkrarlamaqla guya yeni nə isə irəli sürdüyünü “nümayiş etdirməyə” çalışır. Ermənistan regionda yeni siyasi-iqtisadi mərhələdə iştirakçı olaraq yer almaq istəyirsə, özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü şərtlər əsasında sülhə razılaşmalıdır. Bir sözlə, Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda Ermənistan həm də yeni regional, hətta qlobal səviyyəli iqtisadi layihələrdən yenə də kənarda qalma təhlükəsi yaşayacaq - Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr isə ümumən regiona yeni inkişaf tempi qazandırmaqdadır. Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə “israrlı olarsa”, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə yol aça bilər.

P.İSMAYILOV

Chosen
442
50
yeniazerbaycan.com

10Sources