RU

Haylar Azərbaycana necə yerləşdiriliblər? - TARİXİ FAKTLAR

Azərbaycanın  Zəngəzur, İrəvan və digər tarixi  torpaqlarına azərbaycanlıların qayıdış hüququnun beynəlxalq ictimaiyyət qarşısında gündəmə gətirməsi hayları (erməniləri ) narahat edib. 

Onlar yenə adətlərinə xilaf qalmayaraq  müxtəlif yollarla tarixi faktları inkar və ya təhrif etməyə çalışırlar.

Bugünlərdə erməni tarixçi Mikael Malxasyan iddia edib ki, azərbaycanlıların Qərbi Azərbaycana qayıdış tələbi əsassızdır. O, XVII əsrdə Şah Abbasın əmri ilə indiki Ermənistan ərazisindən 600 min erməninin zorla köçürüldüyünü qeyd edir və həmin ərazilərdə müsəlmanların yalnız sonradan məskunlaşdığını deyir.

Lakin  tarixdən məlumdur "Böyük köç"adı altında  Şah Abbasın əmri ilə təkcə ermənilər deyil azərbaycanlılar, yəhudilər və kürdlər  köçürülüb. Bunlara biz aşağdakı yazılarda aydınlıq gətirəcəyik.  

İrəvanın tarixinə toxunan Malxasyan, şəhərdə azərbaycanlı məhəllələrinin olmadığını iddia edir.  Əslən İrəvanlı olan biri kimi demək istəyirəm ki, məğər bu gün Bakıda, Gəncədə və digər şəhərlərimizdə  azərbaycanlı məhəllələri var? Xeyr. İnsanın öz döğma dədə-baba yurdunda necə məhəlləsi ola bilər? İrəvan əzəli Azərbaycan şəhəri, sakinləri də azərbaycanlılar olub. Gəlmələrin hər zaman başqa şəhərlərin içində onlara məxsuz məhəllələri olub. 

Necə ki, Bakıda, Gəncədə bir zamanlar erməni məhəlləsi, Nyu-Yorkda çinli və s. millətlərin məhəlləsi var.  İrəvanda Qala Şəhər, Təpəbaşı və Dəmirbulaq  məhəllə adları olub. XX əsrin ortalarına qədər İrəvanda bu azərbaycanlı məhəllələri mövcud idi. Yəni bu gün Bakıda Gənclik, İçərişəhər, Yasamal, Gəncədə Bağmanlar, Səbizkar, Şahsevənlər  və s. olduğu kimi.  

Lakin 1940-60-cı illərdə bu məhəllələr məqsədli şəkildə məhv edildi, adları dəyişdirildi. 1948-1953-cü illərdə 150 min, 1988-1991-ci illərdə isə 300 minə yaxın azərbaycanlı Ermənistan ərazisindən deportasiya edildi.

Hayların bölgəyə köçürülməsi

V əsr erməni tarixçisi Lazar Parpetsi yazır ki, erməni əlifbasının atası kimi tanınan Mesrop  Maştots erməni padşahı Xosrovun sarayında xidmət edirdi. Lakin Xosrovun Sasani hökmdarı oldugunu nəzərə alarsaq hayların tarixi necə saxtalaşdırdığını anlamaq elə də çətin deyil.

Torpaqlarımıza ayaq basdıqları gündən yurd yuvamızda gözü olan haylar 18- ci əsrə qədər tədricən bu vəya digər formalarda sinsicə torpaqlarımıza yerləşməyə başlayıblar.

Qərbi Azərbaycan torpaqlarına ilk hayların (ermənilərin) yerləşməsi 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şahın razılığı ilə olub. O, erməni katalikosluğunu Kilikiyadan İrəvan yaxınlığındakı Valarşabad kəndindəki Üçkilsəyə- Eçməzdinə köçürür. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin himayəsindən istifadə edən Üçkilsə katalikosları və varlı haylar xristian missionerlərinin vəsaitləri hesabına  yerli müsəlman hakimlərindən  Azərbaycanın münbit torpaqlarını satın alır və məskunlaşırdılar. 

Matenadaranda (İrəvanda muzey-S.U.) saxlanan sənədlərə görə, iri torpaq mülkiyyətçisi Əmir Rüstəm xəzinə torpaqlarında yerləşən 7 kəndi  90 min dinara katolikos Qriqor Makuluya satıb, o da həmin kəndləri Üçkilsə monastırına  bağışlayıb. 

1604-cü ildə I şah Abbas İrəvan qalasını aldıqdan sonra Şah Təhmasibin  tətbiq etdiyi  "yandırılmış torpaq" taktikasından istifadə edərək Naxçıvan, İrəvan, Culfa və Arazın sol sahilindəki digər ərazilərdə yaşayan azərbaycanlı əhalini ölkənin daxili vilayətlərinə köçürür və osmanlıların əlinə keçməsin deyə  hər şeyi məhv edib yandırır. I Şah Abbasın bu siyasəti Qərbi Azərbaycanda  azərbaycanlı əhalinin sayının  azalmasına səbəb olur. 

Amma sistemli şəkildə  hər şey  1721-ci ilin avqustunda Hacı Davudun başçılıq etdiyi Şirvan üsyançılarının  Şamaxı şəhərini alarkən  5 rus tacirinin öldürülməsi ilə başlayır. I Pyotor bu hadisəni bəhanə edib 1722-ci ilin avqustunda Dərbənddən keçərək, Xəzəryanı əraziləri işgal edib  1723-cü ilin iyulunda Bakıya daxil olur. 

1724-cü ilin noyabrın 10-da I Pyotor (taleyə baxın ki, 300 il sonra Azərbaycan xalqı bu günü  Zəfər bayramı kimi qeyd edir) hayların (ermənilərin) Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd, Bakı daha sonra Gilan və digər ərazilərdə məskunlaşmasını rəsmiləşdirən fərman imzalayır.   Fərmana görə, haylar (ermənilər) Rusiya imperiyasının Cənubi Qafqaz və Iran körfəzinin işğalında “beşinci qüvvə” rolunu oynayacaq və nə yolla olur olsun yerli əhali olan azərbaycanlilar öz döğma yurdlarından deportasiya ediləcəkdi.

1813-cü il oktyabr ayının 12-də Qarabağda Gülüstan sülh müqaviləsi imzalandı.

Hayların kütləvi şəkildə Qərbi Azərbaycana köçürülməsi isə 1828- cildə Türkmənçay və 1829-cu ildə imzalanan Ədirnə müqaviləsindən sonra oldu. 

Tanınmış Azırbaycan tarixçisi Nazim Mustafa "İrəvan şəhəri" adlı kitabında yazır ki, 1828-ci il  martin 20- da I Nikolay  müqaviləni  təsdiq edir, ertəsi gün isə İrəvan və Naxçıvan xanlıqlarının ərazilərini  əhatə edən "Erməni vilayəti"yaradılır:

"1826-1828 və 1828-1829-cu illərdə Rusiya-İran ,Rusiya -Osmanlı müharibələrindən sonra Qərbi Azərbaycana 57.266 nəfər erməni yəni 10.631 ailə köçürülür. Köçürülmədən əvvəl bu ərazilərdə 25.131 erməni vardı ki, onlarda 1801-ci ildə rus qoşunları Cənubi Qafqaza daxil olandan sonra kənardan gətirilən ermənilər idi.Həmin illərdə yerli əhali olan azərbaycanlılar Rusiyanın itaətinə keçmək istəmədiklərindən Qars paşalığına sığınırlar və bununlada azərbaycanlıların ilk qaçqın deportasiya həyatları başlamış olur”.

Beləliklə də  İrəvan və Naxçıvan xanlıqları ərazisində yalnız 81.749 nəfər azərbaycanlı qalır. Köçürülmələrdən sonra ermənilərin sayı  82.397 nəfərə çatır.

Rusiyanın Tehrandakı ozamankı səfiri və  alimi N.Şavrov  fikirlərini belə ifadə edir: 

“Biz  Zaqafqaziyaya rusları deyil, digərlərini köçürərək yerləşdirməyə başladıq. 1826-1828-ci il müharibəsindən sonra, 1828-1830-cu illər arasında iki ildə 40.000-dən artıq İran ermənisi və 84.000 Türkiyə ermənisini  Gəncə və İrəvan vilayətləri ilə Tiflis vilayətinin Borçalı, Axalçiki və Axalkələk bölgələrində ən yaxşı münbit torpaqların olduğu ərazilərdə yerləşdirdik. Qəbul edilməlidir ki, rəsmi olaraq yerləşdirilən 124.000 erməni, qeyri-rəsmi olaraq yerləşdirilənlərlə bərabər sayları 200 mini keçməkdədir".

N.İ.Şavrov 1911-ci ildə yazırdı: 

"Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu yerli əhali olmayıb  bizim tərəfimizdən köçürülmüşdür".

Haylar (ermənilər) Zaqafqaziyaya köçürülərkən onların harada yerləşdirilməsinə xüsusi diqqət yetirilirdi. A.S.Qriboyedov yazırdı: "Rus ordusunun tutduğu şəhərlərdən - Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır".

Hesablamalara görə, təkcə 1828-1829-cu illərdə Cənubi Azərbaycandan Naxçıvan şəhərinə 416 erməni ailəsi, 43 Naxçıvan kəndinə 1875 erməni ailəsi və ya 7000 nəfər erməni köçürülüb.

 Bir rus mənbəsinin verdiyi məlumata görə, bütün Naxçıvan əyalətində bu illərdə yerləşdirilmiş erməni ailələrinin sayı 2557-ə çatıb.

Ümumiyyətlə, 1828-1829-cu illərdə Çar Rusiyası Cənubi Qafqaza 120 mindən çox erməni köçürmüşdü.

Türk torpaqlarının “erməniləşdirilməsi” məqsədilə ermənilər 1890-cı il iyunun 20-də Ərzurumda üsyana başlayır. Ərzurum Rusiyaya yaxın yerləşdiyi üçün inqilab üçün ən uyğun mərkəz seçilmişdi. Osmanlı erməni üsyanını yatıranda 400 min erməni Cənubi Qafqaza gəlib.  

Hayları  məskunlaşdırmaq üçün  Qərbi Azərbaycanda 200 azərbaycanlı kəndləri silah gücünə böşaldılır, qırğınlar törədilir və  boşalmış kəndlərə haylar yerləşdirilib. Bunu o dövrun "Kaspi"qəzeti də təsdiq edir. 

Rus diplomat və yazıçısı A. S. Qriboyedov isə  yazırdı: 

“Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər. Onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar”.

Amerikalı alim C.Makkarti Azərbaycanda erməni koloniyalarının yaradılması haqqında belə yazır:

“1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti  nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş, və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirişmişdir. Ruslar iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya  hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100.000 ermənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin yerlərində yerləşdirmişdilər”.

Eyni yerləşdirmə Birinci Dünya müharibəsi illərində də davam edib, Şərqi Anadoludan olan 400000 erməni Qafqazın 400 000 müsəlman əhalisinə dəyişdirilib. 

Beləliklə,  1828 və 1920-ci illər arasında Azərbaycana 560 000 erməni köçürülüb. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğalı nəticəsində Azərbaycan torpaqlarında  haylar(erməni əhalisi) sürətlə artmağa başlayıb. 

Rusyalı alim, geopolitik N.N.Şavrovun yazdığına görə, artıq 1897-ci il ümumrusiya siyahıya alınmasınında  İrəvan quberniyasında 1301 kəndin 959-unda türklər, 342-sində ermənilər məskunlaşmışdı.Yəni İrəvan şəhərini əhatə edən 221 kəndin etnik təmizləməyə baxmayaraq, hələ 151 kəndində türklər yaşayırdılar. Bu kəndlər içərisində mənim babalarımın yaşadıqları Qırxbulaq mahalının  Güllücə və Zar kəndləri də olub. Babamın atası  Kərbalayi Cəfər Zar kəndinin kəndxudası olsa da oğlanlarını rus tatar məktəbində oxutmaq üçün  sonralar İrəvana köçür. Hətta bir oğlunun  sonralar Peterburqda təhsil aldığı söylənirdi. Nənəmin dediyinə Kərbalayi Cəfərin İrəvandakı mülkünün yerində hazırda hansısa otel fəaliyyət göstərir. 

1905-ci ildə Bakıda bir azərbaycanlının ermənilər tərəfindən öldürülməsindən sonra erməni- müsəlman davası başlayır və  İrəvana, Qərbi Azərbaycana qədər uzanır. Mən burada bu iğtişaşlarda baş verən azərbaycanlıların soyqırımından yazmayacağam. Bu barədə tarixçilərimiz, özəlliklə Nazim Mustafa kifayət qədər araşdırmalar aparıb və dəyərli kitablar yazılıb. Mənim yazmaq istədiyim hayların bizim dədə-baba yurdlarımıza zaman-zaman necə yerləşdirilməsi, azərbaycanlı izlərinin necə vəhşilik və yalanla itirilməsidir.

1918-ci il mayın 28- də Azərbaycan və Ermənistan müstəqilliyini elan edir. Mayın 29- da İrəvan siyasi mərkəz kimi əzəli Azərbaycan torpaqları olan Ermənistan adlanan dövlətə verilir. Qərara Milli Şuranın İrəvandan olan üzvləri etiraz etsələr də, iyunun 4-də Batumda  Türkiyə ilə Ermənistan arasında imzalanan sülh müqaviləsinə əsasən Ermənistanın ərazisi 9 min kv.km, əhalisi isə 321.000 nəfər ( 230.000 erməni, 80.000 azərbaycanlı, 5.000 yezidi kürd, 6.000 digər millətlər) təşkil edirdi. Ozamankı Ermənistan ərazisinə isə Novo-Bəyazid qəzası, İrəvan qəzasının 3/5, Eçməzdin qəzasının 1/4, Aleksandropolun da 1/4-i daxil idi.

O illərdə İrəvan quberniyasından didərgin düşən azərbaycanlı qaçqınlarının sayının 150.000 nəfərə çatdığı,ermənilərin isə 206 azərbaycanlı kəndini dağıtdıqları bildirilir. O qaçqınların içərisində İrəvanda 7 qardaşını və atasını itirən babam Səməd də vardı. Yaşı az olduğundan, atası onu bacısı ilə Güllücə kəndinə, bibisinin yanına göndərir. Ara bir az sakitləşib İrəvana döndüklərində evlərinin, mülklərinin tamamilə yandırılıb məhv edildiyini, atası və qardaşlarının da evin içində vuruşaraq öldüklərini öyrənir. Bacısı və Səməd  artıq İrəvanda yaşaya bilməyəcəklərini anlayaraq Azərbaycana keçirlər. 

1920-ci ilin aprelinda Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra daşnak hökuməti azərbaycanlılara qarşı yeni soyqırım mərhələsinə qədəm qoyur. Bu dəfə daha kütləvi və daha kəskin şəkildə.

1919-cu ildə 29000 əhalisi olan İrəvan şəhərində 14000, Eçməzdin qəzasında isə 6 ay içərisində 4000 azərbaycanlı aclıqdan həlak olur. Çünki həmin vaxtlar azərbaycanlılar daşnak hökumətinə görə qorxudan  evlərindən çıxa bilmirdilər. Lakin bu dövrdə Ermənistanda Amerikanın ermənilərə Yardım Komitəsi fəaliyyət göstərirdi.

1922-ci ildə İrəvanda cəmi 5124 azərbaycanlı yaşadığı halda, ermənilərin sayı 40396 nəfərə çatırdı. Daha dəqiq desək, 1918-1920-ci illərdə etnik təmizləmlər, soyqırımlar və deportasiyalar nəticəsində azərbaycanlıların sayı 2,5 dəfə azalmış, hayların sayı isə 4 dəfə artmışdı.

Təəssüflə qeyd etmək istəyirəm ki,1905-1920-ci illərdə Ermənistanda 500-dən artıq azərbaycanlı kəndi dağıdılaraq erməni yaşayış məskəninə çevrilir. 1918-cı ildə İrəvan quberniyasında 373.582 azərbaycanlı yaşadığı halda, 1920-ci iilin noyabrında Ermənistan SSR deyilən ərazidə artıq 10000 azərbaycanlı qeydə alınır. Sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların çox az bir qismi öz evlərinə qayıda bilmişdi. Bunun üçün mübarizə aparan qərbi azərbaycanlılardan biridə Vedi Hərbi İnqilab komətisinin ilk sədri və Vedi rayon İcraiyyə Komitəsinin sədri güllücəli  Saleh Güllücinski olub. 

O, Vandan, İrandan gələn ermənilərin Qərbi Azərbaycana yerləşdirilməsinə etiraz edir və eyni zamanda qaçqın düşmüş yerli əhalinin öz dədə-baba yurdlarına dönmələri üçün əlindən gələni edirdi. Onun ermənilərin Vedibasarda məskunlaşmasını əngəlləyən hərəkətləri  təbii ki,  erməni rəhbərliyini razı salmır və hay rəhbərliyi buna görə   S.Güllüciniskini Vedi rayonundan uzaqlaşdırmaq üçün bəhanə axtarır. Nəhayət, belə bir bəhanə tapılır.  Saleh Güllücinski 1922-ci ilin sonlarında Tiflisdə yeni açılmış Zaqafqaziya Kommunist Universitetinə təhsilini davam etməyə göndərilir. Saleh Güllücinski 1937-ci ildə represiya qurbanı olur.

Beləliklə, Ermənistanın sovetləşdirilməsindən sonra qətliamlardan qaçan azərbaycanlıların az bir hissəsi geri döndü. 1926-cı il siyahıyaalınmasına görə, orada yalnız 76 mindən bir qədər artıq azərbaycanlı yaşayırdı. Bu say 1939-cu ildə 131 minə qədər yüksəldi. 

Hayların məskunlaşması təkcə Qərbi azərbaycanda getmirdi. 1823-cü ildə  Qarabağ vilayətinin 20 minə yaxın ailəsindən cəmi 1,5 min erməni ailəsi təşkil edirdisə, köçürmədən sonra 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8%-ni təşkil etdi. Bu, məqsədyönlü siyasət idi. 

XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin 41,5%-i azərbaycanlılar,58,2%-i ermənilər idi.  

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Respublikasını təşkil zamanı Qarabağın dağlıq və aran hissəsinə ayrılması azərbaycanlıların demoqrafk mövqeyinə ciddi zərbə oldu. 

İ.Şopen XIX əsrin 30-cu illərində  köçürülən erməni ailələrinin sayını belə göstərir: ailə sayı-10.628, əhalinin ümumi sayı-57.226 nəfər, kişilər-30.254, qadınlar-26.972 nəfər.

Stalin deportasiyaları.  İkinci Dünya müharibəsinin sonlarında ermənilərin Türkiyəyə ərazi iddiası ilə Stalinin Rusyanın 1914-cü il sərhədlərini bərpa etmək planları üst üstə düşürdü. Amma Türkiyədən qoparılacaq olan Qars və Ərdəhanın məskunlaşma problemi vardı.Yəni oraya erməni əhalisi yerləşdirmək lazımdır. 

Bu problemi  Stalin əslən Türkiyədən olan, xaricdə yaşayan ermənilərin hesabına həll etmək istəyir və 100 000 erməninin immiqrasiyası üçün Eçməzdin kilsəsinin katalikosundan kömək istəyir və bununlada azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasına hazırlıq başlanır . Köçürülmənin səbəbi kimi də Mingəçevir su anbarının istifadəyə verildikdən sonra Kür -Araz ovalığında yaranacaq yeni pambıq sahələrində işləmək üçün işçi qüvvəsinə ehtiyac olacağı gətirilir. Səbəbə baxın...

1945-ci ilin oktyabrında Ermənistan MK-nın birinci katibi Q.Arutinov Stalinin qəbulunda olarkən 300000-dən çox erməninin Ermənistana gəlməsi və Dağlıq Qarabağ, Naxçıvanın məsələsinin həll olunmasını istəyir.

SSRİ Xalq Komissarları Soveti 21 noyabr 1945-ci ildə “Ermənilərin xaricdən Sovet Ermənistanına qaytarılması ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul edir. Bundan bir həftə sonra VK(b)P MK-nın ikinci katibi G. Malenkov Ermənistanın rəhbəri Arutinovun Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi barədə Stalinə etdiyi müraciəti, Azərbaycan K(b)P MK-nın birinci katibi M.C. Bağırova göndərir.

1945-ci il dekabrın 10-da M.C. Bağırov həmin məktuba cavab olaraq bildirir ki, o, Arutinovun təklifinə yalnız bir şərtlə razıdır: 

Şuşa istisna olmaqla, Ermənistanın əhalisinin əksəriyyətini azərbaycanlıların təşkil etdiyi Qızılvəng (Qızıl Şəfəq), Vedibasar (Vedi) və Qarabağlar rayonları Azərbaycanın tərkibinə birləşdirilsin:

"Eyni zamanda, ÜIK(b)P MK-nın nəzərinə çatdırmağı lazım bilirik ki, DQMV-in Ermənistan SSR-in tərkibinə qatılması məsələsinə baxarkən, Azərbaycan SSR ilə bitişik və əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Ermənistan SSR-nin Əzizbəyov, Vedi, Qarabağlar rayonlarının Azərbaycan SSR-yə verilməsi məsələsinə də baxılmalıdır. Eyni zamanda, Gürcüstan SSR-in Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə qatılması məsələsinə də baxılmalıdır. 

Çünki əhalisi tamamilə azərbaycanlılardır və Azərbaycan SSR-lə bilavasitə yanaşıdır. Nəhayət, biz xahiş edirik ki, Dağıstan MSSR-in Dərbənd və Qasımkənd rayonları ərazisinin də Azərbaycan SSR tərkibinə daxil edilməsi məsələsinə də baxılsın. Keçmişdə Azərbaycanın bir hissəsi olmuş və Bakı quberniyasının tərkibinə daxil idi. Bu rayonların əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və onların əksəriyyəti heyvandarlıqla məşğuldur, ilin 9 ayını Azərbaycan ərazisində yaşayırlar".

Bu cavabdan sonra məsələ bağlanmış, əvəzində isə azərbaycanlıların Ermənistandan deportasiya edilməsi aktuallaşmışdı. SSRİ Ali Sovetinin 19 oktyabr 1946-cı il tarixli fərmanına əsasən, xaricdən Ermənistana köçürülən ermənilərə SSRİ ərazisinə daxil olduqları andan etibarən SSRİ vətəndaşı statusu verilir, köçürülən erməniləri isə “repatriant” (vətənə qayıdan) adlandırırdılar. Amma onları belə  adlandırmaq düzgün deyildi, çünki onlar heç vaxt indiki Ermənistan ərazisində yaşamamışdılar.

1946-cı ildə Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 min 900 nəfər erməni Ermənistana köçürülmüşdü. 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35,4 min erməni qəbul edilərək Ermənistanda yerləşdirilmişdi.

Ermənistan rəhbərliyi 1947-ci ildə xaricdən gələn ermənilərin sayının azalmasını əsasən onların şəhər sakinləri olması ilə izah edirdi. Dağlıq bölgələrdə yerləşməyi qəbul etməyən bu şəxslər, əsasən İrəvan və onun ətrafında məskunlaşmaq istəyirdilər. 

Ümumilikdə, 1946-1949-cu illərdə xarici ölkələrdən Ermənistana 96 min erməni köçürülmüşdü. Onların böyük hissəsi İrəvanda, əsasən şəhər ətrafındakı Nor-Areş, Zeytun və Nor-Kilikya adlanan massivlərdə məskunlaşmışdılar.

Beləliklə, SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında" 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq 1947–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanıldı. Bu plana əsasən 1948-ci ildə 10 min nəfərin, 1949-cu ildə 40 min nəfərin, 1950-ci ildə isə 50 min azərbaycanlının köçürülməsi nəzərdə tutulurdu. Beləliklə, 100 min azərbaycanlı Ermənistandan köçürülməli idi və köçürüldu.

1988-1989- cu il deportasiyasında azərbaycanlılar yaşayan  22 rayonda 261 kənd boşaldılıb ki, bunun 172-si azərbaycanlı , 89-u isə qarışıq (ermənilərlə) yaşayış məskənləri olub. 

1988-89-cu illərdə Qərbi Azərbaycanda deportasiya zamanı 226 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunub.

Hesablamalara görə, qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dolları təşkil edir.

Nəticədə 300000 azərbaycanlı vəhşicəsinə öz dədə-baba yurdlarında qətl edilir. qovulur.

Bugünlərdə tanınmış videobloqer Albert İsakov öz “YouTube” kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb. Video Petrosyanın  əsl kimliyini və  təfəkkürünü ortaya qoyub. Levon Ter-Petrosyan etiraf edirki, əgər 1988-1989-cu illərdə etnik təmizləmə olmasaydı bu gün Ermənistan mövcud olmazdı. Eyni zamanda keçmiş prezident Bakıdan və Sumqayıtdan ermənilərin çıxarılmasının da onların siyasəti olduğunu bildirir.

Azərbaycanlıların öz torpaqlarından qovulmasının  hay (erməni) şovinistlərinin siyasətinin tərkib hissəsi olduğunu söyləyən Petrosyan  Basarkeçər, Uluxanlı, Amasiya və  Zəngəzurda əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılara qarşı  etnik təmizləmə etdiklərini videoda dəfələrlə təsdiqləyir. 

 Əzəli Azərbaycan torpaqlarında  mütamadi etnik təmizləmələr aparan  Hayastan (Ermənistan)  dünyada yeganə monoetnik dövlətdir. 

Hayastan (Ermənistan) nəinki monoetnik dövlət statusuna malikdir, o,regionda əhalisinin 99%-i bir etno-konfessional qrupdan ibarət yeganə cəmiyyətdir.

Ermənistan rəhbərliyi azərbaycanlıların etnik təmizlənməsi aksiyasını başa çatdırdıqdan sonra, onların yaşadıqları kəndlərin, şəhərlərin və mədəni irsimiz olan bütün  adları  dəyişdirməyə başladı. İndiyədək Qərbi Azərbaycanda  (Ermənistanda) 700-dən çox azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilib. 

Əsrlər boyu İrəvan şəhərində zəngin mədəni irs və monumental tarixi-memarlıq abidələri yaradan azərbaycanlıların izi, özünü dünyaya “ən qədim və mədəni xalq” kimi təqdim etməyə çalışan Haylar (ermənilər) tərəfindən artıq silinmişdir.  

Lakin Ermənistandan fərqli olaraq bu gün  Bakının mərkəzində yerləşən erməni kilsəsi, içərisində  5 min ədəbiyyatla  dövlət tərəfindən qorunur.

Hayların (ermənilərin) ən çox saxtalaşdırma apardıqları və dağıtdıqları Alban abidələridir. Bu gün hayların (ermənilərin) Alban kilsələrinə sahib çıxmalarının və  onların saxtalaşdırılmasının qarşısının alınması üçün düşünürəm ki, Alban katolikosluğunu bərpa etmək  və onların idarəçiliyinin Alban-udi icmasına verilmək   xüsusi əhəmiyyət daşıyır.  Bu olarsa, hayların tarixi saxtalaşdırma ehtimalları da azalar. 

1933-1934-cü illərdə  Siyasi idarənin rəisi vəAzərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin ikinci katibi vəzifələrində çalışmış A.Aqrba 1934-cü ildə M.C.Bağırova göndərdiyi hesabatda ermənilərin udunlərin dillərini, dinlərini ,mədəniyyətlərini və əlifbalarını erməniləşdirib tarixi necə saxtalaşdırdıqlarından  yazırdı. 

 1905-1906-ci  illər kütləvi qırğınlar, 1918-1920-ci illər soyqırımları,1948-1953 və 1988-1991- ci illər deportasiyaları Qərbi Azırbaycanın simasını ermənilərin xeyrinə tamamilə dəyişdirdi. 

Qərbi Azərbaycandan azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silən, ardınca azərbaycanlı etnik kimliyini yox edərək monoetnik erməni dövləti yaratmağa nail olan haylar tarix kitablarından azərbaycanlı izlərini silməyə çalışırlar.

Bütün bu tarixi faktlar azərbaycanlıların öz torpaqlarına qayıtmaq hüququnu əsaslandırır. Bu hüquq beynəlxalq konvensiyalarda öz yerini alıb.

Mən inanıram ki, Azərbaycan xalqı bir gün Zəngəzura, İrəvana və digər tarixi torpaqlarına qayıdacaq. Tarixi təhrif edənlərə cavab  onları  real faktlar əsasında  dünyaya çatdırmaqdır. Bu, həm tarixə, həm də ədalətə xidmət edər.

Избранный
66
cebheinfo.az

1Источники