2024-cü ildə Bakıda mənzil qiymətlərində davamlı artım müşahidə edilib. İnsanların çoxu bu qiymət dəyişikliklərindən narazılığını bildirirdi. Ev almaq demək olar ki, əksəriyyət insan üçün mümkünsüz bir hala çevrilib. Artıq 2025-ci ildəyik, hələki bir stabillik müşahidə edilsə də “Bu il mənzil bazarında qiymətlər necə müəyyən ediləcək?” sualı əhalini narahat edir.
Əmlak eksperti Ramil Qasımzadə Missiya.Az-a açıqlamasında deyib ki, 2025-ci ildə də daşınmaz əmlak bazarında bahalaşmanı müşahidə edəcəyik:
“Bunun əsas səbəbi 2024-cü ilin sonlarında bazarda qıtlıq müşahidə olunurdu. Həmin qıtlıq hələ də hökm sürür. Tələb yüksəkdir, bazara olan təkliflərin sayı isə azalmaqda davam edir. Bu xüsusilə də çox mənzilli binalara, təkrar mənzil bazarına aiddir. Yeni tikili binalarda təhvil verilən mənzillərin sayı əvvəlki illərlə müqayisədə aşağıdır. Bunun da müxtəlif səbəbləri var. Həm Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tətbiq edilən yeni tikilən binalarla bağlı qadağalar, həmçinin torpaq sahələrinin artıq şəhərin mərkəzi hissələrində məhdudlaşdırılması, ümumiyyətlə şəhərin özündə torpaq sahələrinin qiymətinin qalxması və bir sıra digər amillər təsir göstərir. Keçən il yeni tikililərdə qiymətin 2000 manat üzərində olacağını deyirdiksə, artıq son müşahidələr onu deməyə əsas verir ki, orta qiymətin 2500 manatdan da artıq olacağını görəcəyik. Bəlkə də orta qiymət artıq 3000 manata yaxınlaşacaq”.
Ekspert hesab edir ki, proseslər belə davam edərsə, 2025-ci ildə də təkrar mənzil bazarında təxminən 20-25%, yeni tikili binaların qiymətlərində də 10-15%-lik artım müşahidə olunacaq:
“Torpaq bazarında da çox güman bəzi qiymət dəyişiklikləri olacaq. Çünki bir neçə ildir, torpaqların qiyməti də artır. Xüsusilə mərkəz hissələrdə, şəhərə yaxın yerlərdə boş torpaq sahələrinin qalmaması onu söyləməyə imkan verir ki, qiymətlər də 20-30% civarında ola bilər. Kirayə mənzil bazarına gəlincə, bu birbaşa evlərin qiyməti ilə bağlı bir məsələdir. İlin birinci yarısında kirayə mənzil bazarında qiymətlərin qalxacağını düşünmürəm. Artıq müqavilələrini keçən ildən bağlayanlar eyni miqdarda ödəməyə davam edir. Sentyabr ayında kirayə mənzil bazarında qiymət dəyişikliyi görə bilərik. Hələki qiymətlərdə keçən ilin sonundan başlayaraq cüzi stabilləşmə var. Amma bu təklif çoxalmasa bazarda ilin birinci rübündə də artım ola bilər”.
Zərintac MayisqızıMissiya.Az