
Ceyhun Bayramov bəzi təhsil işçilərinin maaşlarının artırılmasını xatırladıb: “Bir müddət bundan əvvəl akademiya sistemində çalışan insanların əməkhaqqısı qaldırıldı. Onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən bir sıra addımlar atıldı. Bu da onu deməyə əsas verir ki, məsələ dövlətin diqqətindədir və mərhələli şəkildə gərəkən bütün addımlar atılacaq”. Mövzu barədə təhsil eksperti Elçin Əfəndi də öz fikirlərini bölüşüb. O bildirib ki, ən son 2023-cü ildə artan təqaüdlərin yenidən artırılması mütləqdir:

“Mövcud kommunal və digər artımları nəzərə alsaq, həm bakalavriat, həm də magirstr səviyyəsində tələbələrin təqaüdləri azdır. Ən azından əlaçılara 200 manata qədər, zərbəçilərə 175 manat, adi təqaüd alanlara isə 145-150 manata qədər artımlar olsa, müəyyən qədər dəstək xarakteri daşıya bilər. Yəqin ki, qarşıdakı dövr ərzində dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayar. Çünki Prezident tərəfindən dəfələrlə vurğulanıb ki, prioritet məsələlərdən biri tələbələrin daha yaxşı təhsil almalarıdır. Bu amillər nəzərə alınana tələbə təqaüdlərində müəyyən artımların ola biləcəyini düşünürük". Ekspert qeyd edib ki, nəqliyyatda tələbələrə güzəştlərin tətbiqi də məqsədəuyğun olar: "Həmçinin tələbələrin digər problemlərindən biri yataqxana və ya kirayə məsələsidir ki, bununla bağlı dövlət tərəfindən hansısa sosial proqram həyata keçirilərsə, tələbələrin təhsil almaları baxımından müsbət xarakterizə olunar. Bunun üçün yataqxanalar tikilməlidir. Həmçinin kirayə evlərdə qalan tələbələrə kirayədə müəyyən endirimlərdən yararlanmaları üçün müəyyən kartların verilməsi bu istiqamətdə müsbət addım kimi dəyərləndirilə bilər”. Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə hazırlanmışdır.