RU

Professordan gənclərə ÇAĞIRIŞ: İş yeri axtarmayın, iş yeri qurun

“Tələbələr ilk biznesə universitetdən başlaya bilərlər”.

 

Bu sözləri AzEdu.az-a açıqlama verən Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

 

Professor biznes və elm arasında olan əlaqəni qurmaq üçün körpüləri gücləndirmək lazım olduğunu vurğulayıb:

 

“Universitetlər təhsil və elm arasında bir vəhdət təşkil edir. Buna görə də onlar bir-birindən ayrılmazdır. Hazırkı vəziyyətdə elm və təhsil artıq elmi tədqiqatın kommersiallaşmasına çevrilib. Yəni elm və təhsil sistemləri rifah məqsədinə yönəlmişdir. Elmi tədqiqatlar nəticə etibarı ilə cəmiyyətin inkişafına xidmət etməlidir. Bu gün Elm və Təhsil Nazirliyi, eləcə də Nazirliyin tərkibində yaradılan agentliklər çox böyük seminarlar təşkil edir.

 

Biznes və elm arasındakı əlaqəni qurmaq üçün körpülərin gücləndirilməsi lazımdır. Bu günün problemi, həmin körpülərdəki əlaqə və əks-əlaqə sisteminin zəifliyidir. Biznes şikayət etməməlidir ki, müəyyən problemlər var. Biznes özü elmi tədqiqatı sifariş edirmi? Niyə nəqliyyatla bağlı, məsələn, tıxacların aradan qaldırılması üçün araşdırma sifariş etmirsiniz? Hər hansı bir nəqliyyat vasitəsinin daha səmərəli istifadəsi ilə bağlı tədqiqatlar çox ciddi araşdırmalar tələb edir. İnsanlar övladlarını məktəbə aparmaq üçün şəhərə gəlirlər və bu da sıxlıq yaradır.

 

Biznes subyektləri ilə görüşlər keçirilməlidir. Türkiyədə çox bəyəndiyim bir məqam var. Orada şirkətlərin 90%-nin müşahidə şurasının üzvü professor-müəllim heyətidir. Professor-müəllim heyətinin apardığı nəzəri fəaliyyətlə yanaşı, praktiki fəaliyyəti də mövcuddur. Hesab edirəm ki, universitetlərdə məişət xidmətləri də təşkil edilə bilər. Məsələn, dizayn və inşaat fakültəsinin tələbələri üçün belə bir şərait yaradıla bilər ki, onlar universitet daxilində müəyyən praktiki işləri öyrənsinlər.

 

Bugünkü tələbə universitet daxilində məişət məsələlərini, məsələn, dərzi və ayaqqabı təmiri kimi fəaliyyətləri elə ali məktəbin özündə öyrənə bilər. Həmçinin, tələbələr universitetdən başlamaqla öz bizneslərini qura bilərlər. Bu düşüncəyə əsaslanaraq, fikrimi yekunlaşdırmaq istəyirəm. İş yeri axtarmayın, iş yeri qurun!".

Избранный
15
azedu.az

1Источники