RU

Kanadanın keçmiş baş nazirindən Trampa ağsaqqal məsləhəti: "Özünə gəl!"

AzVision.az Jan Kretyen “Globe and Mail” qəzetində dərc olunan köşə yazısında Donald Trampa xitabən, kanadalıların öz müstəqilliklərini yüksək qiymətləndirdiklərini, təhdid və təhqirlərin onları fikirlərindən döndərə bilməyəcəklərini yazıb.

“Birləşmiş Ştatlara qoşulmaq üçün kanadalıların nə vaxtsa dünyanın ən yaxşı ölkəsindən - biz isə, şübhəsiz ki, məhz beləyik – imtina edəcəklərini düşünməyə səni nə vadar edib?... Donald Tramp, bura bax, mən qoca sən qocaya deyirəm ki, özünə gəl!,- Kanadanın keçmiş lideri ABŞ-nin yeni prezidentinə məsləhət verməyə çalışıb.

Xatırladaq ki, dünən 91 yaşı tamam olan Jan Kretyen 1993-2003-cü illərdə Kanadanın baş naziri vəzifəsini tutub. Onun “düz yola” dəvət etdiyi Donald Trampın isə bu ilin iyun ayında 79 yaşı tamam olacaq.

Tramp Kanadanın ABŞ-yə ilhaq edildiyi xəritə dərc edib
Tarixə əlahiddə xidmətləri ilə düşməyən Jan Kretyenin “narahatlığı”nın təməlində Ottavanın ABŞ-yə münasibətdə ticarət və miqrasiya siyasətini dəyişməyəcəyi halda Donald Trampın Kanada məhsullarına gömrük rüsumlarını 25% artıracağı, xüsusilə də bu ölkəni ABŞ-nin 51-ci ştatına çevirəcəyi ilə bağlı təhdidləri dayanır.

Sözsüz ki, ABŞ-nin gələcək prezidentinin bir neçə dəfə bu məsələni qabartması rəsmi Ottavanın qəzəbinə səbəb oldu. Amma artıq hakim “Liberal” partiyasının rəhbəri vəzifəsindən istefa verən Castin Trüdonun tezliklə baş nazir postundan “qaçmaq” təşəbbüsü Kanadanın indiki hakimiyyətinin Donald Trampın iddiaları qarşısında aciz olduğundan xəbər verir.

Amerikalı iş adamı İlon Mask isə Castin Trüdonu “qız” adlandıraraq vurğulayıb ki, postundan getdiyi üçün onun Kanadanın ABŞ-yə qoşulmasının qeyri-mümkünlüyü barədədedikləri heç bir əhəmiyyət kəsb etmir.

“Qız, sən artıq Kanadanın qubernatoru deyilsən, ona görə də nə dediyinin əhəmiyyəti yoxdur”, - amerikalı milyarder “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Yeri gəlmişkən, dar macalda “döyüş meydanı”ndan qaçan Castin Trüdoya qarşı öz doğma partiyasında yaranmış iradlar əsasən elə onun Vaşinqtonun siyasi təzyiq kursuna müqavimət göstərə bilməməsi ilə bağldır.

Amma bunun əvəzində Castin Trüdo Kanadadan min kilomterlərlə uzaqda yerləşən və kanadalıların böyük əksəriyyətinin hətta adını belə eşitmədiyi təcavüzkar cırtdan Ermənistana havadarlıq etmək iddiasındadır.

Bu baxımdan, onun rəhbəri olduğu “Liberal” Partiyasının reytinqinin cəmiyyətdə nəzərəçarpacaq dərəcədə aşağı düşməsi heç də təəccüblü deyil. Rəy sorğuları partiyanın bu ilin oktyabrından gec olmayaraq keçiriləcək ümumi seçkilərdə məğlubiyyətə uğrayacağına dəlalət edir.

İkilikdə baş tutan kofidensial söhbətin detallarını mətbuata sızdırdığına görə Castin Trüdonu 2022-ci ilin noyabrında İndoneziyada keçirilən G20 sammitində Çinin sədri Si Cinpinin uşaq kimi danlaması isə Kanadanın baş nazirinin xarici siyasət kursunun fiaskosunun pik nöqtəsi oldu.


Bu reallıqlar ondan xəbər verir ki, Kanadanın keçmiş baş naziri Jan Kretyen Donald Trampa “qocanın qocaya çağırışı” kimi dişsiz müraciət ünvanlamaqdansa, bir ağsaqqal kimi ölkə tarixinə ən cavan baş nazir kimi düşmüş Trüdonun başına ağıl qoymağa cəhd göstərsə idi daha düzgün olardı.

Amma orası da var ki, bunun üçün, ilk növbədə, gərək Castin Trüdonun özü Jan Kretyeni ağsaqqal kimi qəbul etsin. Əks halda, Jan Kretye kimi “ağır artilleriya”nın Castin Trüdo kimi “yüngül texnika”ya dəstək cəhdi Kanadanı Donald Trampın sərt siyasətindən sığortalaya bilməyəcək.

Sahil İsgəndərov
AzVision.az
Избранный
3
1
azvision.az

3Источники