Portuqaliyanın “Vitoriya” (Gimaraynş) klubunun sağ cinah müdafiəçisi Alberto Kosta bundan sonra “Yuventus”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.
Turin təmsilçisi bu transfer üçün “Vitoriya”ya 13.8 milyon avro ödəyib. 21 yaşlı portuqal müdafiəçi ilə müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Gənc futbolçu yeni klubunda 2 nömrəli formanı geyinəcək.
Alberto Kosta “Vitoriya”nın öz yetirməsidir. O, ötən ildən Gimaraynş klubunun əsas komandasında forma geyinirdi. Müdafiəçi meydana çıxdığı 23 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Kosta Portuqaliyanın U-18 və U-20 yığmalarında forma geyinsə də, hələ əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.