RU

Ərəb nazirin Ankaraya gəlişinin gizlinləri - Ərdoğanın Dəməşq səfərinə hazırlıq

Suriyanın yeni xarici işlər nazirini ordu və kəşfiyyat rəhbərləri də müşayiət ediblər; Türkiyə lideri Trampa qədər bu məsələləri həll etməyi hədəfləyib

Suriyanın yeni xarici işlər naziri Əsəd Həsən Şibaninin Ankara səfərində YPG/SDQ terror təşkilatı ilə bağlı məsələ gündəmdə olacaq. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Al Arabiya” məlumatlı mənbələrə istinadla bildirib. 

Nəşr yazır ki, tərəflər Suriyada təhlükəsizliklə bağlı inkişafları, xüsusən də Ankara ilə “Suriya Demokratik Qüvvələri” (SDQ) arasında davam edən silahlı qarşıdurmaları müzakirə edəcəklər. Ərəb nazir Şibani və türkiyəli həmkarı Hakan Fidan enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq və Dəməşqə tətbiq edilən beynəlxalq sanksiyaları da müzakirə edəcəklər. Qeyd olunur ki, Türkiyə Suriyanın yeni administrasiyasına təlimlərdə kömək etmək istəyini də bəyan edib. Mənbə Ankara-Dəməşq əməkdaşlığı çərçivəsində yeni hökumətin Suriyadakı silahlı qruplaşmaların ölkənin rəsmi ordusuna inteqrasiyası və ya ləğvinə də diqqət çəkib.

Türkiyə mənbələrinə görə, Şibaninin Ankaraya səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Dəməşqə səfərinə zəmin yaradacaq. Bu, Suriyanın yeni rəhbəri Əhməd əl-Şəra (Qolani - E.S.) Ankaraya səfər etməzdən əvvəl baş tutacaq. Ərdoğanın Suriya paytaxtına səfəri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə gəlişindən sonra, onun bölgə və Suriyanın yeni administrasiyası ilə bağlı baxışı aydınlaşana qədər baş tuta bilər. Şibaninin Türkiyə ilə bu ölkədəki sayı 3 milyona yaxın olan suriyalı qaçqınların qayıdışını da müzakirə edəcəyi gözlənilir. Suriyanın baş diplomatı Türkiyəyə yanvarın 15-də gedib. Onu müdafiə naziri general-mayor Murhəf əbu Kəsra və kəşfiyyat xidmətinin rəhbəri Enes Xəttab müşayiət edəcək.

Şibani X sosial media hesabında türk dilində paylaşım edib. O, paylaşımında Türkiyənin ölkəsinə dəstəyinə də diqqət çəkib. “Yeni Suriyanı təmsil etmək üçün 14 ildir Suriya xalqının yanında olan Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfərimizi edəcəyik”, - Şibani bildirib. Onu da deyək ki, Suriyada hökumətə tabe olmayan silahlı qruplaşmaların ləğvi prosesi çərçivəsində yeni gəlişmələr var. Bu çərçivədə Suriya Milli Ordusu (SNO) ilə aparılan danışıqlar nəticəsində “Heyət Təhrir əş-Şam” (HTŞ) və SMO da daxil olmaqla, ölkənin şimalındakı silahlı qrupların nizami orduda iştirakı ilə bağlı razılıq əldə edilib. Türkiyə mətbuatı yazır ki, Suriya Müdafiə Nazirliyi hər hansı silahlı qruplaşmaya məzhəb, dini və ya regional imtiyaz verəcək bütün təklifləri rədd edib. Ölkənin yeni lideri Əhməd Şəra silahlı qruplara dövlət idarəçiliyində yer olmayacağını və bütün silahlı birləşmələrin nizami orduya qoşulmasının lazım olduğunu bildirib. Prosesin Türkiyənin ləğvini tələb etdiyi PKK/SDQ/YPG terror təşkilatını da əhatə edəcəyi deyilir.

Yeri gəlmişkən, Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra yeni hakimiyyət ölkəyə xarici məhsulların idxalına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu barədə “Financial Times” nəşri yazıb. Bildirilir ki, Suriya mağazalarının piştaxtalarına xaricdən gətirilən “Pepsi” içkisi, “Pringles” çipsləri, “Twix” və “Snickers” şokoladları, “Heinz” ketçupu, Livanda yetişdirilən banan və s. görmək mümkündür. Bəşər Əsədin hakimiyyəti dövründə Suriyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar səbəbindən xarici malların idxalı çətin idi, hətta hakimiyyət bu məhsulların gətirilməsini qadağan etmişdi. Suriyada qonşu Livan şirkətləri ilə və ya başqa adlar altında müştərək müəssisələr vasitəsilə çoxlu xarici məhsullar istehsal olunurdu. Bundan başqa, Bəşər Əsədin dövründə büdcə gəlirlərini artırmaq üçün bəzi idxal mallarına rüsumlar artırılıb. Məsələn, keçən il “iPhone”lar üçün rüsum 900 dollara qədər idi. 

Ramiyə

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova Suriyadakı keçid hökumətinin Türkiyəyə ilk rəsmi səfərinin reallaşmasını ölkənin problemlərinin həllini sürətləndirəcəyini hesab edir. Onun sözlərinə görə, Türkiyənin çətiri altında Suriyadakı yeni hökumət illərlə yığılan məsələləri sahmana salmağa çalışır: “Bu, elə də asan deyil. Prioritet məsələ silahlı birləşmələri ləğv edərək Müdafiə Nazirliyinə tabe etdirməkdir. PKK və YPG probleminə qarşı Türkiyə ordusu ilə birgə mübarizə aparılacaq. YPG məsələsində ABŞ və Türkiyənin mövqeləri haçalansa da, Suriyadakı böhranın həllində tərəflərin fikirləri üst-üstə düşür. Dövlət Departamentinin nümayəndələrinin Dəməşqə gələrək keçid hökuməti ilə görüşməsi göstərir ki, ABŞ Türkiyənin Suriyadakı siyasətini qəbul edir”. Şibaninin gəlişinə münasibət bildirən təhlilçiyə görə, bunun ardınca hazırkı lider Qolani Ankaraya səfər edə bilər: “Bundan sonra cənab Ərdoğanın Dəməşqə gedəcəyini gözləyirəm. Belə tezliklə Türkiyə prezidenti Suriyaya səfər etməyəcək. Əsas budur ki, hazırda proseslər nəzarət altındadır. İlk növbədə silahlı qruplar demontaj edilməlidir. Bu təhdid aradan qalxmalıdır ki, suriyalı qaçqınların qayıdışı sürətlənsin”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Избранный
5
musavat.com

1Источники