RU

İran Türkiyəni hədəfə alıb: Rəsmi Tehranın atdığı addımlar nəticə verməyəcək

Suriyada Əsəd rejimi devrildikdən sonra İranın Türkiyəyə qarşı mövqeyində əks yanaşmalar hiss olunur.

Mütəxəssislərə görə, buna səbəb İranın Suriya ilə bağlı planının Türkiyə tərəfindən pozulmasıdır. İsrailin Baş naziri Binyamin Netanyahunun sözlərinə görə, Tehran Suriyada Bəşər Əsəd rejimini saxlamaq üçün 30 milyard dollar xərcləyib. Lakin bu məbləğ 11 gün ərzində göyə sovrulub və Suriyada yeni qüvvələr hakimiyyətə gəlib. Yeni hakimiyyətin Türkiyə ilə yaxınlığı isə İranda qıcıq doğurur. Bu proseslər fonunda İran Türkiyəni Suriyada söz sahibi olmaqdan uzaqlaşdırmaq üçün müxətlif yollara əl atır.

Maraqlıdır ki, İranın Türkiyə ilə bağlı planları özünü doğruldacaqmı?

Mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İranın Suriyadan çıxarılması və Suriyadakı proseslərdən kənarda qalması rəsmi Tehranın proksi qüvvələri ilə əlaqəsini kəsib və nəticədə İranın Türkiyəyə qarşı aqressiyası yaranıb.

Onun sözlərinə görə, halbuki Türkiyə bir sıra beynəlxalq platformalarda İranı müdafiə edib, eyni zamanda İrana qarşı sanksiyaların tətbiq olunmasına qarşı çıxıb. Ancaq yenə də İran Türkiyəyə qarşı düşmənçiliyini davam etdirir və PKK-ni dronlarla təmin etməyə çalışır:

"İran hökumətinin mövqeyinə görə, rəsmi Tehranın Suriyadakı proseslərdən kənarda qalması ölkə üçün təhdid yaradır. İran hesab edir ki, bu təhdidlərin formalaşmasında başlıca amil Türkiyə faktorudur. Türkiyənin Əsəd rejiminin devrilməsindəki rolu fonunda İran Türkiyəni hədəfə alıb. Ona görə də İran son zamanlar bir sıra qeyri-adekvat siyasət yürütməklə məşğuldur. Qeyd edim ki, ABŞ PKK-nın silahlı qanadı olan YPG terror təşkilatını Türkiyə ilə yanaşı, İrana qarşı da təhdid faktoru kimi qurmuşdu. Bu təşkilatdan Əsədə qarşı da istifadə olunurdu. Mövcud vəziyyətdə də ABŞ PKK/YPG qruplaşmasını Suriyanın yeni hökuməti və Türkiyəyə təzyiq kartı kimi saxlamaq niyyətindədir. Baxmayaraq ki, Tramp terror təşkilatlarının ləğvi ilə bağlı lazımi açıqlamalar verib. Lakin terror təşkilatlarının qalması ilə bağlı Pentaqonun Trampa təzyiq göstərəcəyi ehtimalı yüksəkdir".

Əli Zülfüqaroğlu: İran PKK-ni dronlarla təmin etməyə çalışır

Ə.Zülfüqaroğlu hesab edir ki, İranın Türkiyəni zəiflətmək üçün atdığı addımlar effektiv nəticə verməyəcək.

"ABŞ tərəfindən YPG-yə limitsiz şəkildə müasir silahlar verilsə də, Amerika ilə Türkiyə arasında YPG-nin ləğvi ilə bağlı razılaşma ehtimalı var. İran isə düşünür ki, YPG-ni silahlandırmaqla Türkiyəyə qarşı təzyiq kartı formalaşdıra bilər və Türkiyəni Suriyada müəyyən güzəştlərə getməyə məcbur edə bilər. İran maksimum çalışır ki, YPG daha da güclənsin və Suriyada Türkiyəyə qarşı problemlər yaransın. Çünki hazırda Türkiyə Suriyada əsas aktordur və keçid dövrünün hökuməti olan yeni lider Əhməd əş-Şəra ilə sıx əlaqələr mövcuddur. Bütün hallarda İranın istəyi qeyri-mümkündür. Türkiyə ordusu konkret mövqeyə malikdir, YPG-nin ləğvi istiqamətində hər şey hazırdır. Sadəcə olaraq Birləşmiş Ştatlarla diplomatik razılaşmalara ehtiyac var ki, iki ölkə arasında problem yaranmasın", - müsahibimiz bildirib.

Politoloqun proqnozuna əsasən, bu il Türkiyə PKK/YPG qruplaşmasının ləğvi ilə bağlı həlledici addımlar atacaq.

Gülşən Şərif

Избранный
13
bakivaxti.az

1Источники