RU

Neft-qaz yataqlarımız ölkəmizə zənginlik gətirir

Ötən il 29,1 milyon ton neft və 50,3 milyard kubmetr qaz hasil edilib

Energetika Nazirliyinin yaydığı operativ məlumatlara əsasən, 2024-cü ildə Azərbaycanda 29,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 16,8 milyon tonu “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun, 4,2 milyon tonu (kondensat) “Şahdəniz” və 0,6 milyon tonu (kondensat) “Abşeron” yataqlarının payına düşüb. İl ərzində Azərbaycan Dövlət Neft Şirkəti üzrə neft və kondensat hasilatı isə 7,5 milyon ton təşkil edib. 

Nazirliyin məlumatına əsasən, ötən ilin dekabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 min 776 ton (609 min barel) olub. Bunun da 65 min 987 tonunu (487 min barel) xam neft, 14 min 789 tonunu (122 min barel) kondensat təşkil edib. Bütövlükdə isə, Azərbaycanda karbohidrogenlərin sənaye üsulu ilə çıxarılmasına başlandığı vaxtdan indiyədək quru və dəniz yataqlarından, təqribən, 2 milyard 235 milyon ton neft və kondensat hasil olunub. İşlənmənin əvvəlindən qurudakı yataqlardan 990 milyon tondan artıq neft çıxarılıb. Ümumi hasilatın əksər hissəsi isə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən zəngin neft yataqlarının payına düşüb. 

1949-cu ildə dünyada ilk dəfə açıq dənizdə neftçixarmanın əsası qoyulduğu “Neft daşları” yatağının istismara daxil edilməsindən ötən 75 il ərzində Xəzər yataqlarından 1 milyard 245 milyon tondan çox neft və kondensat çıxarılıb. 2025-ci il yanvarın 1-dək  “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (bütün istismar dövründə) 601,5 milyon ton neft, “Şahdəniz” yatağından isə 48,7 milyon tona yaxın kondensat hasil olunub. Neft və kondensatın 648,3 milyon tonu ixrac edilib.  

Mütəxəssislərin proqnozlarına görə, hazırda Azərbaycanın çıxarıla bilən qalıq neft ehtiyatları 1 milyard tondan artıqdır ki, bunun da əksər hissəsi dəniz yataqlarının payına düşür. Bununla belə, son illər ölkəmizdə neft hasilatında azalma müşahidə olunur. Bu da ümumi iqtisadi inkişafa təsirsiz ötüşmür. Təsadüfi deyil ki, ötən il sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neft hasilatının ildən-ilə azaldığını, bunun da ölkənin ümumi iqtisadi inkişaf templərinə mənfi təsir göstərdiyini qeyd edib. 

Dövlət başçısı neft hasilatında buraxılmış nöqsanların xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırıldığını və neft hasilatında sabitliyin təmin edilməsinin vacibliyini bildirib. 

Hökumət qurumlarının və Dövlət Neft Şirkətinin bu işlərin gələcək gedişatına daim diqqət yetirəcəyini vurğulayan Prezident İlham Əliyev ölkənin ümumi iqtisadi inkişaf templərini geriyə çəkən bu azalmanın aradan qaldırılacağına və gələn il sabit neft hasilatının təmin ediləcəyinə ümidvar olduğunu diqqətə çatdıraraq deyib: “Nəzərə alsaq ki, hazırda biz neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işləyirik və o layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozlarımız var. Yəqin gələn il biz hamımız onu görəcəyik ki, yeni layihələrdən, yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilir. Hesab edirəm ki, neft-qaz sahəsində templər müsbət olacaqdır”. Bu da 2025-ci ildə ölkə üzrə neft hasilatında sabitliyin yaranacağına inam yaradır. 

Yeri gəlmişkən, ABŞ Enerji İnformasiya Administrasiyası (EİA) 2026-cı ildə Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb. Qurum gələn il ölkəmizdə neft hasilatının sutkada 0,62 milyon barelə çatacağını ehtimal edir. Bununla belə, Azərbaycanın 2025-ci il üçün neft hasilatı proqnozu isə sutkada 0,63 milyon barel səviyyəsində saxlanılıb.

EIA-nın proqnozlarına görə, Azərbaycanda neft hasilatı 2025-ci ilin birinci rübündə gündəlik orta hesabla 0,61 milyon barel, ikinci rübdə gündəlik 0,62 milyon barel olacaq. Üçüncü və dördüncü rüblərdə isə gündəlik neft hasilatında 0,64 milyon barelə qədər artım gözlənilir. Qurumun proqnozuna əsasən, gələn il isə hasilat birinci rübdə sutkada 0,63 milyon barel olacaq, ikinci rübdə isə gündəlik 0,62 milyon barelə qədər azalacaq. Üçüncü və dördüncü rüblərdə hasilatın gündəlik 0,61 milyon barelə qədər azalacağı proqnozlaşdırılır.

Əvvəlki illərdə olduğu kimi, “qara qızıl”ın magistral neft kəmərləri ilə  dünya bazarına nəqli də fasiləsiz olaraq davam edib. Nazirliyin məlumatına əsasən, ötən il 24,4 milyon ton neft (kondensat ilə birlikdə) ixraca nəql olunub. Bunun 21 milyon tonu Azərbaycan hökuməti ilə tərəfdaşlıqda çalışan konsorsiumun, 2,8 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. 

2024-cü ildə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 5,8 milyon ton xam neft emal olunub. Yeri gəlmişkən, ölkəmizdə xam neftin emalı təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda həyata keçirilir. Daxili bazarın neft məhsullarına olan tələbatını tam ödəyən zavodda son illər bir sıra yenidənqurma və modernləşdirmə işləri aparılıb. 

Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ildə ölkədə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 27,8 milyard kubmetri “Şahdəniz” və 1,5 milyard kubmetri “Abşeron” yataqlarının payına düşüb. Hesabat dövründə SOCAR-ın tabeliyində olan müəssisələr tərəfindən isə 7,7 milyard kubmetr “mavi yanacaq” hasil olunub. 

2006-cı ilin sonlarında istismara daxil edilmiş  “Şahdəniz” yatağından indiyədək 236,8 milyard kubmetr qaz hasil edilib. Ötən 30 ildən artıq müddətdə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan isə 229,7 milyard kubmetr “mavi yanacaq” çıxarılıb. 2025-ci il yanvarın 1-dək həmin yataqlardan 169,5 milyard kubmetr qaz ixraca nəql edilib.

Ümumilikdə, Azərbaycanda quru və dəniz yataqlarından indiyədək, təqribən, 1 trilyon 370 milyard kubmetr qaz çıxarılıb. Mütəxəssislər ölkəmizin mövcud qaz ehtiyatlarının 2,6 trilyon kubmetr həcmində qiymətləndirirlər. Bu isə o deməkdir ki, yaxın gələcəkdə ölkə üzrə qaz hasilatı bir qədər də artacaq.  

Ötən il Azərbaycanın xaricə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 5,8 faiz çoxdur. Qazın 12,9 milyard kubmetri Avropaya, 9,9 milyard kubmetri Türkiyəyə, 2,4 milyard kubmetrdən çoxu isə Gürcüstana satılıb. İl ərzində Türkiyəyə TANAP-la 5,6 milyard kubmetr qaz nəql olunub.

Избранный
4
7
xalqqazeti.az

10Источники