RU

Paytaxtda bəzi evlərin qiyməti bahalaşıb - Artım əhaliyə necə təsir edəcək?

Məlum olduğu kimi, Prezident İlham Əliyevin göstərişinə əsasən paytaxtda daha 10 yeni metro stansiyasının inşasına başlanılacaq.
 
Metro stansiyaların inşası Bakıda ictimai nəqliyyatın inkişafına, tıxacın azalmasına səbəb olacaq. 

Bununla yanaşı inşa ediləcək metro stansiyaların ətrafında mənzillərin qiymətinin indidən bahalaşdığı deyilir.

Artıq bəzi ərazilərdə mənzillərini satışa çıxaran sakinlər hər kvadratmetrinə görə qiyməti 50 manat bahalaşdırıblar.

Bəs, sözügedən proses nə dərəcə doğrudur? Qiymət artımı əhaliyə hansı dərəcə təsir edə bilər?
 
Məsələ ilə əlaqədar Milli Məclisin deputatı Razi Nurullayev AZXEBER.COM-a açıqlama verib.
 

 

Deputat paytaxtda mənzil qiymətlərinin bahalaşmasına münasibət bildirib:

\"Mənzillərin satış qiyməti reallığımızla uzlaşmır. Axı Bakı dünyanın maliyyə mərkəzlərindən biri deyil ki, ev qiymətləri bu qədər baha olsun. Bir çox məsələlərdə də süni faktorlar rol oynayır. Məsələn, indi oxuyuram ki, metro tikintisi üçün nəzərdə tutulan yerlərə yaxın evlər fantastik bahalaşıb. Amma, bahalaşmanın bir bazar etikası da olmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda bahalaşma məsələlərində etik çərçivələr və bazar münasibətləri əsas rol oynaya bilmir. Gərək bunu mütəxəssislər araşdırsınlar\".
 
Deputatın fikrincə, ölkədə kütləvi şəkildə sosial evlərin tikintisinə ehtiyac var:
 
\"Digər tərəfdən, tələb təklifi üstələyir. Ona görə də kütləvi şəkildə sosial evlərin tikintisinə ehtiyac var. Təklif edirəm ki, iş adamlarına güzəştli şərtlərlə həm bahalı, həm də nisbətən ucuz yerlərdə torpaqlar ayrılsın. Bahalı torpaqlarda tikib, bazar qiymətinə satsınlar, digər yerlərdə isə tikib 5 faiz maya dəyərindən artıq satsınlar. Bu şəkildə sosial ev problemi birdəfəlik həll oluna bilər. Həm də bu kütləvilik bütün şəhər və kəndləri gərək əhatə etsin\".

Deputat həmçinin neft fondundan müəyyən vəsaitin ayrılmasını da təklif edərək deyib:
 
\"Digər təklifim isə neft fondundan 1-2 milyard dollar vəsaitin ayrılması və bütün ərazilərdə kütləvi sosial evlərin tikilməsidir. Dövlət həm sosial ev problemini həll etmiş olar, həm də neft fond vəsaitini real iqtisadiyyata yatırmış olar. Bu elə tənzimlənməlidir ki, vətəndaş ayda 300-400 manat ödəməklə ev sahibi ola bilsin. Dövlət də buradan uzunmüddətli sərmayə kimi pul qazana bilər\".
 
Görəsən, bu məsələ hüquqi kontekstdən necə müəyyənləşdirilib?

Hüquqşünas Roman Qaraşov məsələni AZXEBER.COM-a şərh edib.
 

 

Vəkilin dediklərinə görə, hər bir vətəndaşın əmlakı onun razılığı əsasında satıla və ya bağışlana bilər:
 
\"Məlumat üçün bildirim ki, daşınmaz əmlakın alqı-satqısı adi qaydada həyata keçirilirsə, digər bir şəxsə və ya şirkətə satılarsa, əmlakın mülkiyyətçisi, yəni bu əmlak kimin adınadırsa, ayrı mülkiyyətdədirsə, hər bir payçının razılığı əsasında satıla bilər. Burada mülkiyyətçi tərəfindən hər hansı limitlər müəyyən olunmayıb ki, 10-15-20 faiz əmlakın qiyməti artsın. Bazar qiymətindən daha ucuz da satıla bilər, baha da satıla bilər. Buna hər hansı müdaxilə yoxdur. Təbii ki, aldadılma halları istisna olmaqla bu nəzərə alınır. Əmlakın qiyməti yalnız mülkiyyətçi tərəfindən təyin olunur. Dövlət tərəfindən qiymətlər tənzimlənmir. Lakin satılan əmlakla bağlı bəlli ərazi idarələrinə uyğun olaraq qiymətlər, rüsumlar müəyyən edilib. Bu baxımdan, müəyyən dövlət ödənişləri edilə bilər. Əmlakın dəyəri ilə əlaqədar hər hansı bir məhdudiyyət tətbiq olunmayıb ki, həmin əmlak baha yaxud ucuz qiymətə satılsın\". 
 
R.Qaraşov əlavə edib ki, yalnız dövlət layihələri icra olunduqda vətəndaşın əmlakı ondan 20 faiz artıq olmaqla məcburi qaydada alına bilər:
 
\"Dövlət proqramları və ya ehtiyacları üçün layihələr icra olunduqda isə bazar qiymətləri dəyərləndirilməklə sözügedən əmlaklar 20 faiz artıq olmaqla vətəndaşdan məcburi qaydada alına bilər. Əlbəttə ki, mübahisə faktoru varsa, məhkəmə yolu ilə baxıla bilər. Amma dövlətin hüququ var ki, həmin əmlakı ala bilsin və vətəndaşın da hüququ var ki, əmlakını 20 faiz də artıq qiymətləndirməklə sata bilsin. Bu özəl şirkətin, kommersiya layihəsidirsə, dediyim qaydalar həmin hallara tətbiq olunmur. Bir sözlə, məcburi qaydada heç kim əmlakından məhrum edilə bilməz\".

Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin \"azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi\" mövzusunda dərc edilib.
 

 


Избранный
6
azxeber.com

1Источники