“Təəssüf ki, yanlış ixtisas seçimi nəticəsində gənclər əmək bazarında tələb olunan bacarıqlara və biliklərə sahib olmurlar. Nəticədə onların iş tapmaq şansı azalır və ya daha aşağı əməkhaqqı qarşılığında işləməyə məcbur qalırlar”.
Bunu TƏHSİL.BİZ -ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müşaviri Şaiq Kazımov deyib.
O əlavə edib ki, belə gənclər uyğun ixtisas seçmədikləri üçün motivasiyaları azalır və iş mühitində effektiv olmurlar. Digər məsələ isə yanlış seçilmiş ixtisas nəticəsində gənclər ikinci ali təhsil almaq məcburiyyətində qalırlar ki, bu, həm zaman, həm də maliyyə baxımından əlavə xərclərə səbəb olur:
“İxtisas dəyişiklikləri ilə karyera yolunda fasilələr yaranır, bu da təcrübə toplamağa və əmək bazarında rəqabətqabiliyyətini artırmağa mane olur. Gənclərin öz maraq və bacarıqlarına uyğun olmayan sahələrdə işlə təmin olunması onların peşəkar inkişaflarına mane olmaqla yanaşı, rəhbər vəzifələrə yüksəlmə ehtimallarını da azaldır”.
Ş.Kazımovun sözlərinə görə, Milli Observatoriyanın ümumi təhsil və ali təhsil müəssisələrində apardığı monitorinqlər onu deməyə imkan verir ki, gənclərin ixtisas seçiminin düzgün formalaşdırılması kiçik yaşlarından başlayır. Bunun üçün daha erkən yaşlarda ixtisaslar və peşələrlə, həmçinin gələcəyin mənzərəsi ilə bağlı mühüm biliklərin verilməsi və təsəvvürün yaradılması çox vacibdir.